Azərbaycanda yaradılmış sənaye zonalarında 2015-ci ildən bu il iyulun 1-nə qədər 17,2 milyard manatlıq məhsul satılıb. Bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib. Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, təkcə cari ilin birinci yarısında sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 583,5 milyonluq hissəsi ixracın payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən satış 28,7 faiz, ixracı isə 22,4 faiz artıb.
Sənaye zonalarında istehsal edilən polimerlər, karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar ABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələr daxil olmaqla, ümumilikdə, 70-dən artıq ölkəyə “Made In Azerbaijan” brendi adı altında ixrac olunub.
Son illər ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizm kimi diqqət çəkən sənaye zonalarına sahibkarların cəlb edilməsi, investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılması istiqamətlərində mühüm işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2013-cü ildən indiyə qədər sənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manat olan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ötən müddətdə sahibkarlar sənaye zonalarına 6,88 milyard manatdan çox investisiya yatırıblar. Bunun da hesabına 10 min 900 daimi iş yeri yaradılıb.