Yeganə HACIYEVA,
politoloq
ABŞ paytaxtında keçirilən görüş bir həqiqəti də ortaya qoydu: Azərbaycanın uğurlarının və diplomatik qələbələrinin açarı ondan ibarətdir ki, ölkə xarici siyasət məqsədlərinə çatmaq üçün diplomatiyadan sadəcə bir vasitə kimi deyil, effektiv mexanizm və strategiya kimi istifadə edir. Ölkə öz maraqlarının müdafiəsini regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə məharətlə birləşdirir, həmçinin Cənubi Qafqazda güc balansında fəaliyyət göstərən qlobal oyunçuların maraqlarını müdafiə edir. Belə hərtərəfli və balanslaşdırılmış diplomatiya Azərbaycana öz təsirini inamla möhkəmləndirməyə və regionda əsas rol oynamağa imkan verir. Vaşinqton görüşlərində bunun canlı şahidi olduq.
Son illər Azərbaycan özünəməxsus diplomatik qələbələr silsiləsi, fikrimizcə, hələ 2020-ci ildən əvvəl başlayıb. Amma məhz bu dövrdən sonra dünya diplomatiyamızın həm uğurlarını, həm də mükəmməlliyini tanıdı. Bu, ondan ibarətdir ki, Azərbaycan xarici siyasətdə nəinki məqsədlərinə çatmaq və öz maraqlarını qorumaq üçün alət və strategiyalardan istifadə edir, onları səfərbər edir, həm də bu prosesə regionda təhlükəsizliyin möhkəmləndirilməsini, eləcə də Cənubi Qafqazda mövcud qlobal oyunçuların maraqlarını nəzərə alır.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri, onun gündəliyi və əldə olunan uğurlar Azərbaycanın mükəmməl diplomatik bacarığının növbəti nümayişi oldu.
Şuşada keçirilən Qlobal Media Forum zamanı dövlətimizin başçısı mühüm siyasi gediş edərək çıxışında Donald Trampın ABŞ-ın müasir tarixində müharibələrə başlamayan, əksinə, müharibələri dayandırmağa çalışan yeganə prezident olduğunu vurğuladı. İlham Əliyevin bu jesti xoşməramlılıq siqnalına çevrildi və Amerika liderinin qarşılıqlı addım atmasına, iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə səbəb oldu. Bu kontekstdə bu səfər xüsusi əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, Vaşinqton görüşünü 30 ilə yaxın davam edən münaqişəyə son qoyacaq əsas mərhələ hesab etmək olar. Görüşün gündəliyi ilə bağlı qeyd edək ki, sülh müqaviləsinin imzalanması prosesini başa çatdırmasa da, Vaşinqton Memarondumu gələcək danışıqlar üçün konkret çərçivə müəyyən etdi.
Məhz bu səfər regionda təhlükəsizlik maraqlarını və ikitərəfli əlaqələrin inkişafını nəzərə alaraq ABŞ və Azərbaycan arasında strateji münasibətləri gücləndirir. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərdə son onilliklərin ən mühüm görüşü və səfərlərindən biridir.
Hazırda dünyada geosiyasi vəziyyət köklü şəkildə dəyişir, yeni dünya düzəni formalaşır. Bu transformasiyaların tərkib hissəsi kimi strateji tərəfdaşlıq anlayışları da dəyişir, münasibətlərin klassik sistemi müasir reallıqlara cavab vermir. Buna görə də, mövcud münasibətlərin yenilənməsinə, müasir dünyanın çağırışlarına effektiv şəkildə cavab verə biləcək yeni, daha çevik tərəfdaşlıq sisteminin yaradılmasına təcili ehtiyac var.
Hazırda strateji tərəfdaşlıq meyarları ayrı-ayrı ölkələrin siyasi ehtiyacları və daxili siyasi konyukturaları əsasında formalaşır. Bu gün yeni strateji tərəfdaşlıq sisteminin əsaslarını Azərbaycan və ABŞ-ın siyasi maraqları və ehtiyacları müəyyən edir. Bu sistem, şübhəsiz ki, iki dövlət arasında münasibətləri yeni, daha yüksək əməkdaşlıq səviyyəsinə çıxaracaqdır. Onu da qeyd edək ki, bu gün qlobal inkişafın əsas siyasi məsələlərində ABŞ və Azərbaycan bir çox cəhətdən oxşar mövqelərdən çıxış edirlər. Bir sıra münaqişələrdə və müxtəlif regionlarda bizim baxışlarımız üst-üstə düşür və bu, əlbəttə ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq üçün yeni meyarların hazırlanmasına təkan verir.
Vurğulamaq istədiyimiz digər vacib cəhət Vaşinqton səfərinin iqtisadi komponentidir. Strateji tərəfdaşlığın iqtisadi ölçüsü də böyük əhəmiyyət kəsb edir.
İki gün əvvəl Prezident İlham Əliyevin ABŞ-a səfəri zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” arasında imzalanmış “Əməkdaşlıq Memorandumu” ölkələr arasında iqtisadi əməkdaşlığın daha da dərinləşəcəyinə və inteqrasiya olunacağına dəlalət edir.
Zəngəzur dəhlizi ilə bağlı əldə edilən irəliləyiş region ölkələrinin gələcəyinə qoyulan mühüm sərmayədir. Dəhliz, həmçinin Azərbaycanla Ermənistan arasında sülhü daha dayanıqlı etməyə xidmət edəcək. Aydın məsələdir ki, sülhün daha sabit olması yalnız hüquqi maneələr aradan qaldırıldıqdan sonra mümkündür.
Bu gün Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı hüquqi iddialar mövcuddur və onların aradan qaldırılması üçün Ermənistan ciddi addımlar atmalıdır.
Vaşinqtondakı tarixi görüşün nəticələri regionun gələcək siyasi və iqtisadi mənzərəsini formalaşdıracaq. Strateji tərəfdaşlıq, sülh prosesinin irəliləməsi və yeni kommunikasiya xətlərinin açılması bölgədə dayanıqlı sabitliyin və inkişafın bünövrəsini möhkəmləndirəcək.
Azərbaycanın və Ermənistanın XİN başçıları ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qurumun fəaliyyətdə olan sədrinə birgə müraciət imzalayıblar. Bu isə “de-fakto” fəaliyyətsiz qalmış Minsk qrupunun “de-yure” ləğvi prosesinin başlanğıcı deməkdir.