“Tramp yolu” Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi nizam yaradacaq
Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul etməsi Cənubi Qafqaz regionu üçün tarixi bir hadisə oldu. Bu görüş İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə tanınması və sülh prosesinin ən yüksək səviyyədə dəstəklənməsi baxımından böyük əhəmiyyətə malikdir. Xüsusən də, görüş çərçivəsində “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” və ya “Tramp yolu” kimi tanınan sazişin imzalanması, regionun gələcəyi üçün yeni bir dövrün başlanğıcı hesab olunur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir.
“Tramp yolu” – Zəngəzur dəhlizinin diplomatik adıdır. Sazişin “Tramp yolu” adlandırılması simvolik olsa da, mahiyyət etibarilə Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə tanınması və təsdiqlənməsidir. Bu dəhliz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin edir, regionda maneəsiz gediş-gəliş prinsipini hüquqi çərçivəyə salır. Açıq kommunikasiya xətləri region ölkələri arasında iqtisadi əməkdaşlığı təşviq edəcək. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Rusiya, Türkiyə, İran və Gürcüstan kimi qonşu ölkələr üçün yeni imkanlar yaratmaqla yanaşı, Cənubi Qafqazı Avrasiya nəqliyyat arteriyasına çevirəcək.
“Tramp yolu” sazişinin regional enerji layihələrinə təsiri həm strateji, həm də praktik baxımdan əhəmiyyətlidir. Bu saziş Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdırmaqla yanaşı, Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da gücləndirir. Zəngəzur dəhlizi vasitəsilə enerji resurslarının daha sürətli və təhlükəsiz şəkildə Avropaya çatdırılması mümkün olacaq.
Bu saziş nəticəsində Azərbaycan iqtisadi və logistik üstünlüklər əldə edir. O cümlədən Bakının siyasi mövqeyi daha da güclənmiş olur. Eyni zamanda, Azərbaycanın regional liderlik faktını beynəlxalq səviyyədə təsdiqləyir. “Tramp yolu” sazişi, həmçinin enerji sahəsində Azərbaycanın strateji mövqeyini gücləndirir, Avropanın enerji təhlükəsizliyinə töhfəsini yeni səviyyəyə yüksəldir və regional enerji layihələrinin inkişafına yeni impuls yaradır. Bu, yalnız nəqliyyat deyil, həm də enerji diplomatiyasının yeni mərhələsi deməkdir. Bundan başqa, “Tramp yolu” Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirir. Eyni zamanda, bu dəhliz Türkiyə və Yaxın Şərqə enerji daşımalarında yeni logistik imkanlar yaradır. SOCAR artıq Suriyanın enerji infrastrukturunun bərpasında iştirak edir və gələcəkdə bu marşrut Misirə qədər uzana bilər.
2020-ci il müharibəsindən sonra Azərbaycan regional nizamda aparıcı mövqeyə malikdir. Ərazi bütövlüyünün bərpası, sərhəd təhlükəsizliyinin təmin olunması və yeni nəqliyyat-kommunikasiya xətləri ölkəmizin həm iqtisadi, həm də siyasi çəkisini artırır. Zəngəzur dəhlizi bu strategiyanın məntiqi davamıdır və bu yolun işə düşməsi Azərbaycanın regiondakı əsas tranzit mərkəzinə çevrilməsi prosesini sürətləndirir.
Vaşinqton sazişi Ermənistan üçün də yeni çağırış və fürsətdir. Çünki bu proses İrəvana yeni iqtisadi inteqrasiya imkanları yaradır. Habelə daxili siyasi konsensus və regional əməkdaşlıq üçün ciddi dəstəkdir. Bununla Ermənistan sülhə yönəlmiş real addımlar atmaqla blokadadan çıxış və inkişafa keçid imkanı qazanır. Zəngəzur dəhlizi Ermənistanın regional ticarətə qoşulmasına imkan verəcək.
Ümumiyyətlə, “Tramp yolu” sazişi beynəlxalq hüquq baxımından bir neçə mühüm elementi özündə birləşdirir. Saziş Zəngəzur dəhlizi boyunca maneəsiz keçid hüququnu təsdiqləyir. Bu, Azərbaycanın uzun müddətdir tələb etdiyi prinsipin beynəlxalq hüquqi çərçivəyə salınması deməkdir. Bundan başqa, Ermənistan və Azərbaycan arasında tranzit və təhlükəsizliklə bağlı konkret öhdəliklər müəyyən edilir. Bu öhdəliklər pozularsa, beynəlxalq arbitraj mexanizmləri işə düşə bilər.
İkinci mühüm məsələ kimi ABŞ-ın zəmanətini qeyd etmək lazımdır. Sazişə ABŞ-ın imza atması, onun yalnız regional deyil, qlobal hüquqi çərçivədə də tanınmasına zəmin yaradır. Bu, həm də sazişin icrasına beynəlxalq təminat verir. Buna görə də “Tramp yolu” sazişi, sadəcə, bir nəqliyyat layihəsi deyil – bu, hüquqi legitimlik, iqtisadi transformasiya və geosiyasi balans baxımından Cənubi Qafqazın gələcəyini formalaşdıran bir sənəddir. Azərbaycan üçün bu, strateji vizionun reallaşması, Ermənistan üçün isə tarixi seçim anıdır.
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindəki hərbi qələbədən sonra sülh prosesində də qətiyyətli və ardıcıl mövqe nümayiş etdirdi. O, dəfələrlə hər iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı bir sülh sazişinin imzalanmasının vacibliyini vurğuladı. Buna görə də Ağ Evdə təşkil olunan görüş Azərbaycan liderinin çox böyük diplomatik uğuru kimi qiymətləndirilir. Ona görə ki, bu görüşün nəticələri Azərbaycanın təkcə hərbi gücə malik ölkə kimi deyil, həm də regional lider və etibarlı beynəlxalq tərəfdaş kimi nüfuzunu bir daha nümayiş etdirdi. Həmçinin Azərbaycanın qlobal enerji və nəqliyyat layihələrindəki rolunu, geosiyasi əhəmiyyətini daha da artırdı.
Əlbəttə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə baş tutan bu görüş Cənubi Qafqaz üçün yeni bir eranın başlanğıcıdır. Bu, sadəcə, iki ölkə arasında sülh sazişinin imzalanması deyil, həm də regionun qarşıdurmadan əməkdaşlığa doğru dönüşünü simvolizə edir. Azərbaycanın liderliyi və beynəlxalq dəstək sayəsində bölgəni uzun illər ərzində bürüyən münaqişə kölgəsi aradan qalxır və yerini sülh və inkişafa verir.
Beləliklə, Zəngəzur dəhlizi artıq, sadəcə, regional kommunikasiya xətti deyil, beynəlxalq iqtisadi və siyasi layihə statusu qazandı. ABŞ-ın zəmanəti onun davamlı işləməsini təmin etməklə yanaşı, Cənubi Qafqazı dünya ticarət xəritəsində daha mühüm mövqeyə gətirir. Azərbaycanın isə bu prosesin mərkəzində dayanaraq həm iqtisadi dividendlər, həm də geosiyasi nüfuz baxımından böyük qazanc əldə edəcəyi şübhəsizdir.
Səbuhi MƏMMƏDOV
XQ