Bunu ABŞ–Azərbaycan strateji əməkdaşlığının yeni səviyyəsi tələb edir
Avqustun 8-də ABŞ-da Azərbaycanın ən müasir tarixi üçün olduqca mühüm bir hadisə baş verdi. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında məhsuldar və nəticəli görüş keçirildi. Ölkə ictimaiyyəti gecənin bir aləmində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdi. Azərbaycan lideri İlham Əliyevin ABŞ-a bu səfəri artıq təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də Vaşinqton Zəfəri kimi qiymətləndirilir.
Şübhəsiz ki, ABŞ Konqresinin 1992-ci il avqustun 6-da qəbul etdiyi “Azadlığı müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi səfər çərçivəsində əldə olunmuş çox mühüm uğurlardan biridir. Bu düzəliş 33 il əvvəl müstəqilliyini yenicə qazanmış Azərbaycana qarşı tətbiq olunmuş ən böyük ədalətsizlik idi. Prezident Donald Tramp tərəfindən onun ləğv edilməsi xüsusi əhəmiyyət daşıyır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə – 1992-ci ildə ABŞ Konqresi tərəfindən rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı ayırmasına qadağa qoyması başa düşülməsi olduqca çətin bir qərar idi. Elə çətin bir dövrdə Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycan bir tərəfdən ərazilərini itirir, insanları qaçqın və məcburi köçkünə çevrilir, digər tərəfdən isə SSRİ-nin dağıldığı, iqtisadi əlaqələrin pozulduğu, sosial vəziyyətin sıfır həddinə düşdüyü bir vaxtda ABŞ-ın dövlət yardımından da məhrum edilirdi. Amma təcavüzkar, Azərbaycanın abad şəhər və rayonlarını viranəyə çevirən Ermənistan bu illər ərzində ABŞ-dan milyardlarla dollar dövlət yardımı aldı. Bu ədalətsizliyin sonu gəlməli idi,..
Azərbaycan uzun illər bu ədalətsiz qərarın dayandırılması uğrunda mübarizə aparmalı oldu. Doğrudur, ABŞ-ın bəzi liderləri müxtəlif illərdə bədnam 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı addımlar atdı. Amma bu qərarlar müvəqqəti xarakter daşıyır, düzəliş sonra yenidən bərpa olunurdu. Elə ABŞ-ın Trampdan əvvəlki prezidenti, demokrat Co Baydenin hakimiyyəti dövründə də düzəliş qüvvəsində saxlanıldı.
Şübhəsiz ki, 907-ci düzəliş təkcə Azərbaycana zərər vurmadı. Bu qərar ABŞ-ın da strateji maraqlarına uyğun deyildi və ölkələr arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün böyük əngəl oldu. Son onilliklər ərzində “Domokl qılıncı” kimi hər iki ölkənin başı üstündə asılmış bu qadağa həm də Azərbaycan ictimaiyyəti tərəfindən ədalətsizlik və ikili standartlar nümunəsi kimi qitmətləndirildi.
İndi bu bədnam düzəlişin ortadan qaldırılması iki ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırır. Buna görə də Prezident İlham Əliyevin bu səfəri beynəlxalq aləmdə haqlı olaraq Vaşinqton Zəfəri adını alıb.
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan media təmsilçilərinə müsahibəsində dedi ki, ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz Ağ Evdə onun iştirakı ilə baş tutması rəmzi xarakter daşıyır. Yəni, ABŞ Prezidenti Donald Tramp bununla bağlı sənədi “başqa bir formatda da” imzalaya bilərdi. “Amma o, mənim iştirakımla bunu etməyə qərar vermişdi”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtondakı çıxışında ədalətsiz 907-ci düzəlişlə bağlı fikirlərini bildirdi. Onu əlavə edə bilərik ki, bu düzəliş 2001-ci ildən bəri ABŞ prezidentlərinin müstəsna səlahiyyətləri daxilində birillik müddətə dayandırılırdı. Son illər Bayden–Blinken administrasiyası bundan Azərbaycana qarşı şantaj, təzyiq vasitəsi kimi istifadə edirdi. Amma onlar bundan heç nə əldə edə bilmədilər.
İndi isə Prezident Donald Tramp özünün müstəsna səlahiyyətlərindən istifadə edərək, 907-ci düzəlişin qüvvəsini birillik dayandırdı. Əlbəttə, bu, həmin maddənin tam ləğvi demək deyil. Bununla belə, biz anlayırıq ki, Trampın prezidentliyi dövründə bu trend qorunub saxlanacaq. Çünki Azərbaycanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq münasibətlərinə dair xartiya haqqında memorandum bu düzəlişlə uyğun gəlmir.
Deməli, ikitərəfli münasibətlərə dair memorandum imzalanıbsa, işçi qrup yaradılıbsa və yaxın gələcəkdə xüsusi sənəd olacaqsa, o zaman 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı hər il qərar qəbul edilməlidir. Belə olan halda Azərbaycan üçün çox vacibdir ki, bu düzəliş tamamilə ləğv edilsin.
Bunun üçün ABŞ-Azərbaycan münasibətləri kifayət qədər dərinləşməli və genişlənməlidir ki, Prezident, Senat və Konqres tərəfindən yekdil bir qərara gəlinmiş olsun. 907-ci düzəlişin ləğvi hakimiyyətin bu üç qanadından asılıdır. Bundan əlavə, Ermənistanla da normallaşma prosesi dərinləşməli və genişlənməlidir ki, düzəlişin saxlanması üçün əsas qalmasın.
Düşünürəm ki, yaxın gələcəkdə, yəni, Donald Trampın hakimiyyətinin davam edəcəyi qarşıdakı 3 il yarım ərzində bu düzəlişin tamamilə ləğvi ilə bağlı tarixi qərar qəbul oluna bilər.
Paşa ƏMİRCANOV
XQ