Bu günlərdə Ukraynanın Odessa istiqamətindəki qaz kəməri sisteminə və SOCAR-ın yanacaqdoldurma məntəqəsinə edilən raket hücumları, Rusiyanın Azərbaycanın suverenliyinə və iqtisadi təhlükəsizliyinə qarşı atdığı açıq təhdidlər kimi qiymətləndirilir. Bu addımlar təkcə müharibə qaydalarını pozmaqla qalmayıb, həm də beynəlxalq hüquqa, o cümlədən diplomatik və mülki obyektlərin toxunulmazlığını təmin edən Vyana Konvensiyasına qarşı hörmətsizliyin bariz nümunəsidir. Rusiyanın bu davranışı, onun postsovet məkanında hələ də imperiya ambisiyalarını reallaşdırmağa çalışdığını, lakin Azərbaycanın güclü və müstəqil siyasəti fonunda bu cəhdlərinin uğursuzluğa məhkum olduğunu göstərir.
Azərbaycanın Ukraynadakı səfirliyi yaxınlığında raket zərbəsi endirilməsi, daha sonra SOCAR-ın ofisi və qaz nəqli sisteminin hücuma məruz qalması adi bir hadisə kimi qiymətləndirilə bilməz. Bu, Rusiyanın Azərbaycanın Ukraynadakı fəaliyyətinə bilərəkdən zərbə vurmağa yönəlmiş düşünülmüş siyasətinin tərkib hissəsidir. Bu hərəkətlər Moskva tərəfindən Azərbaycanın müstəqil enerji və tranzit siyasətinə qarşı qəzəbin ifadəsidir. Kreml Bakının uğurlu regional siyasəti və beynəlxalq dəstəyi fonunda təsirinin azaldığını gördükcə, təzyiqləri artırmağa çalışır.
Rusiya siyasi dairələrinin təbliğat maşınlarından biri olan “Moskovskiy komsolets” qəzetinin avqustun 8-də dərc etdiyi məqalə Moskvanın bəd niyyətlərini açıq şəkildə ortaya qoyur. “Rusiya Bakı ilə bağlı enerji sxemlərinə arxalanan hər kəsə şillə vurdu” başlıqlı məqalə suveren dövlətlərə qarşı şovinist və himayədar bir ton nümayiş etdirir. Odessada baş verən partlayışların Kiyevə və Bakıya ünvanlanmış “aydın siqnal” olması, həmçinin bu hadisənin “Rusiyadan yan keçərək yanacaq tədarükünü təşkil etmək cəhdlərinin qarşısının alınması” kimi təqdim edilməsi Rusiyanın digər ölkələrin enerji siyasətini diktə etmək hüququna malik olduğu fikrini əks etdirir. “Strateji sillə” kimi ifadələrin istifadəsi isə dominant və aqressiv mövqeyin bariz göstəricisidir.
Məqalə faktiki olaraq hərbi qüvvədən istifadəni və mülki infrastrukturun məhv edilməsini xarici siyasət aləti kimi haqlı çıxarmağa çalışır. Bu, Rusiyanın öz məqsədlərinə çatmaq üçün destruktiv metodlara əl atmaqdan çəkinmədiyini və bununla regional sabitliyi təhdid etdiyini göstərir. Şübhə yoxdur ki, “Naftoqaz” Qrupunun “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan qazının alınmasına dair ilk müqavilənin bağlanması Rusiyada ciddi qəzəb və hiddət doğurub. Bu, bir vaxtlar Rusiyanın qazını ixrac etdiyi boru kəmərlərindən Ukraynanın indi Azərbaycan qazını idxal etməsi deməkdir. Bu vəziyyət Rusiyanın regional enerji siyasətindəki mövqeyini sarsıtdığı üçün Kreml bu reallıqla barışmaq istəmir və hərbi zərbələr vasitəsilə cavab verir.
AZAL təyyarəsinin vurulması faktı da beynəlxalq hüquq normalarına tamamilə ziddir. Mülki aviasiya obyektlərinə qarşı hərbi müdaxilə, Chicago Konvensiyası və BMT-nin hava nəqliyyatı üzrə prinsipləri baxımından ciddi pozuntu hesab olunur. Hadisənin Rusiya hərbi qüvvələrinin nəzarətində olan ərazidə baş verməsi məsuliyyəti birbaşa Moskvanın üzərinə qoyur. Rusiya rəhbərliyinin hadisəyə görə üzr istəməməsi, kompensasiya ödəməməsi və günahkarların cəzalandırılmasına çalışmaması təkcə bir dövlətin hava məkanına hörmətsizlik deyil, həm də regionda sabitliyə qarşı yönəlmiş təhlükəli presedentdir.
Eyni zamanda, Yekaterinburqda azərbaycanlılara qarşı baş vermiş hücumlar da etnik motivli zorakılıq kimi qiymətləndirilir. Rusiya hüquq-mühafizə orqanlarının passiv mövqeyi və cinayətkarların cəzalandırılmaması ictimai narazılığı artırır. Bu hadisələr diaspor münasibətlərinə, insan hüquqlarına və dövlətlərarası etimada zərbə vurur. Azərbaycan ictimaiyyəti bu hadisələrə qarşı etirazlarını bildirir, Rusiya hökumətindən ədalətli araşdırma və cəza tələb edir, lakin Moskvanın susqunluğu və qeyri-kafi reaksiyası münasibətlərdə etimad böhranı yaradır.
Ümumiyyətlə, Rusiya uzun illərdir Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün balanssız və imperialist siyasət yürüdür. Bu siyasət regionda sabitliyə deyil, gərginliyə və asılılığa xidmət edir. Xüsusilə Azərbaycanla bağlı məsələlərdə Moskvanın tutduğu mövqe, beynəlxalq hüquq normalarına və regional reallıqlara ziddir. Rusiya Cənubi Qafqazda sülh və əməkdaşlıq istəyirsə, yırtıcı və destruktiv siyasətdən əl çəkməli, Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir. Bu, yalnız regionun deyil, Rusiyanın özünün də gələcək nüfuzu və etibarı üçün vacibdir.
Bir sözlə, bu hadisələr beynəlxalq hüquq, insan hüquqları və diplomatik etimad baxımından ciddi narahatlıqlar doğurur. Məsuliyyətin əsas yükü Moskvanın üzərinə düşür və gərginliyin aradan qaldırılması üçün Rusiya tərəfi konkret, şəffaf və hüquqi əsaslı addımlar atmalıdır. Əks halda, regionda sabitlik və əməkdaşlıq perspektivləri ciddi şəkildə zədələnə bilər.
M.SƏBUHİ
XQ