Apple ABŞ-da ilk dəfə bütün mərhələləri əhatə edən — kremniy lövhələrinin istehsalından iPhone, Mac və digər cihazlar üçün hazır komponentlərin hazırlanmasına qədər — tam yarımkeçirici təchizat zəncirinin formalaşdırıldığını elan edib.
Bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.
Layihə genişləndirilmiş “Amerika istehsalı” proqramı çərçivəsində həyata keçirilir. Proqramın ümumi investisiya həcmi dörd il ərzində 600 milyard dollar təşkil edəcək. Bu məbləğin 100 milyard dolları ölkə daxilində çip istehsalı və təchizat zəncirinin infrastrukturunun inkişafına yönəldiləcək.
Apple-ın bəyanatına görə, yeni istehsal ekosistemi 2025-ci ilin sonuna qədər 19 milyarddan çox çip istehsalına hesablanıb. Onun tərkibinə ABŞ-da ən qabaqcıl texnoloji proseslərdən birini tətbiq edən Arizonadakı TSMC zavodu daxildir. Apple həmin müəssisənin ilk və ən böyük müştərisidir və burada hər il şirkət üçün on milyonlarla çip istehsal olunur.
Apple, həmçinin bildirib ki, yeni proqram ABŞ-ın 50 ştatında 450 min nəfərə iş yeri yaradacaq və 79 zavodu əhatə edəcək.
Apple-ın bu addımı ABŞ hökumətinin son illərdəki yarımkeçiricilər strategiyası — CHIPS and Science Act (2022) çərçivəsində yerli istehsalı gücləndirmək və Çin, Tayvan kimi xarici təchizatçılardan asılılığı azaltmaq hədəfi ilə sıx şəkildə üst-üstə düşür. ABŞ administrasiyası üçün əsas məqsəd yalnız çip dizaynı sahəsində deyil, həm də istehsal, qablaşdırma və logistika zəncirində daxili imkanların yaradılmasıdır.
Apple-ın təşəbbüsü yalnız korporativ qərar deyil, həm də ABŞ hökumətinin strateji sənaye siyasətinin tərkib hissəsidir. Bu model uğurlu olarsa, digər texnoloji nəhənglərin də yerli istehsala keçidini sürətləndirə bilər və ABŞ-ı 2030-cu illərə qədər yarımkeçirici istehsalında daha az xaricə bağlı hala gətirər.
S.ELAY
XQ