ABŞ Cənubi Qafqazda sülh missiyasını inamla gerçəkləşdirir
Son illər Cənubi Qafqazın sarsıntılarla dolu geosiyasi mənzərəsində Vaşinqton görüşü ümid işığı oldu. ABŞ-ın aktiv vasitəçiliyi, Donald Tramp və İlham Əliyev arasında qurulan pozitiv dialoq, Nikol Paşinyanın dəyişən sülh siyasəti – bütün bunlar regionda dayanıqlı sülhün qurulması yolunda əhəmiyyətli addımlar kimi görünür.
Cənubi Qafqaz bölgəsi uzun illərdir ki, qlobal güc mərkəzlərinin maraqları arasında sıxışmış, münaqişələr və qarşıdurmaların dayandığı mürəkkəb geosiyasi meydan olmuşdur. Ermənistan və Azərbaycan arasında davam edən münaqişə isə bu regional sarsıntıların ən ağrılı nümunəsidir.
Ancaq 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutan üçtərəfli görüş yeni dövrün başlanğıcını qoydu. ABŞ-ın fəal vasitəçilik rolunu üstlənərək təşəbbüs göstərməsi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında konstruktiv dialoqun qurulması regionda sülhə ümidlərin canlanmasına səbəb oldu.
Donald Tramp Administrasiyasının regiona baxışında dəyişikliklər bu prosesin əsas katalizatorlarından oldu. ABŞ uzun illərdən sonra Cənubi Qafqazda daha aktiv, daha məsuliyyətli və sülh yönümlü siyasət yürütməyə başladı. Tramp və Əliyev arasında yaranan pozitiv münasibətlər Vaşinqton görüşündə özünü açıq şəkildə göstərdi.
Nikol Paşinyanın mövqeyindəki dəyişikliklər də diqqətəlayiqdir. Paşinyan artıq sülhün və diplomatik həllin tərəfdarı kimi çıxış edir, ABŞ-ın təşəbbüslərinə dəstək verir və münaqişənin güc yolu ilə deyil, danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu isbatlayır. Mövcud dəyişiklik isə Ermənistanın həm daxili siyasətində, həm də xarici münasibətlərində yeni bir dövrün əlamətidir.
Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun fəaliyyəti faktiki olaraq dayandırılır və onun yerini ABŞ-ın liderliyində yeni sülh mexanizmi tutur.
Rusiya və İran kimi regional güclərin təsirinin zəifləməsi isə ABŞ-ın regionda sülh təşəbbüslərini daha effektiv həyata keçirməsi üçün əlverişli şərait yaradır. Bəs bütün bu dəyişikliklər Cənubi Qafqazın gələcəyinə nə vəd edir? Vaşinqton görüşü sülhün möhkəmlənməsi üçün real fürsət yaradacaqmı? Diplomatik münasibətlərin bərpası iqtisadi əməkdaşlıq və regional inteqrasiya nə qədər davamlı olacaq?
***
Vaşinqton görüşü ABŞ-ın Cənubi Qafqazda uzun müddətdir mövcud olan status-kvonu dəyişmək istədiyinin ən aydın göstəricisidir. Ənənəvi olaraq bölgədə Rusiya və İranın dominant təsiri ilə üzləşən ABŞ bu dəfə fərqli bir strategiya ilə çıxış edir: aktiv diplomatiya, konkret təkliflər və hər iki tərəflə açıq dialoq.
Donald Trump Administrasiyası ilə başlayaraq ABŞ-ın region siyasətində bir növ canlanma müşahidə olunur. Tramp və Əliyev arasındakı müsbət münasibətlər yalnız şəxsi səviyyədə qalmayıb iki ölkə arasında ticarət, təhlükəsizlik və strateji əməkdaşlıq sahələrində konkret addımların atılmasına təkan verir. Yeni yanaşma ABŞ-ın regionda vasitəçilik rolunu yalnız formal xarakter daşıyan Minsk qrupundan kənara çıxararaq, daha geniş və aktiv siyasət yürütməsinə şərait yaradır. ABŞ, Rusiya və İranın regionda təsirinin azaldığı bir zamanda özünün vasitəçi və liderlik funksiyalarını gücləndirir, həmçinin Azərbaycan və Ermənistan liderləri ilə birbaşa dialoqu prioritetə çevirir.
Nikol Paşinyanın sülhə münasibətindəki dönüş isə ABŞ-ın bu prosesdəki rolu ilə sıx əlaqəlidir. Paşinyan əvvəllər daha sərt, konfliktə meyilli mövqedə olsa da, hələ Vaşinqton görüşünə qədər sülh danışıqlarına daha açıq və konstruktiv yanaşmağa başladı. ABŞ-ın təşəbbüsləri Paşinyanın regionda izolyasiyadan çıxaraq iqtisadi və siyasi inteqrasiya yolunu seçməsində həll-edici rol oynadı. Bütün bu addımlar isə təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni inkişaf üfüqlərinin açılması deməkdir.
Aydın görünür ki, ABŞ regionda yalnız güc balansını dəyişmək yox, həm də davamlı sülhün bərqərar olması üçün şərait yaratmağa çalışır.
1992-ci ildə “Azadlığa dəstək Aktı”na qəbul edilən 907-ci düzəliş isə ABŞ-ın postsovet ölkələrinə yardımı nəzərdə tutan proqramı çərçivəsində yalnız Azərbaycana qarşı tətbiq edilən yeganə sanksiya idi. Səbəb kimi Qarabağ münaqişəsində Azərbaycanın “Ermənistana qarşı blokadası” göstərilsə də, faktiki olaraq, bu qərar Vaşinqtonun regiondakı siyasətində balanssızlıq yaradırdı. İllər ərzində bu məhdudiyyət müəyyən hallarda prezident fərmanları ilə müvəqqəti dayandırılsa da, hüquqi qüvvəsini qoruyurdu. İndi isə 907-ci düzəlişin Vaşinqton görüşündə ləğvi ABŞ-ın Azərbaycana qarşı illərlə davam edən diskriminasiya elementini aradan qaldırmaqla yanaşı, hərbi-texniki əməkdaşlıq, enerji təhlükəsizliyi və regional layihələrdə birgə fəaliyyət üçün yeni imkanlar açır. Elə bu addım da Vaşinqtonun Cənubi Qafqazda “köhnə oyun qaydaları”ndan imtina edərək, daha real və bərabərhüquqlu tərəfdaşlıq modelinə keçdiyinin siqnalıdır.
ATƏT-in Minsk qrupunun yenidən qurulması və ya faktiki ləğvi də bu istiqamətdə atılmış addımlardan biridir. Qurumun illərlə davam edən danışıqları dondurması əvəzində ABŞ-ın liderliyində formalaşan yeni sülh mexanizmi tərəflər arasında etimadın və əməkdaşlığın artırılması üçün daha çevik və praktik vasitələr təqdim edir. Minsk qrupu uzun illər boyunca Qarabağ münaqişəsinin həllində əsas vasitəçi kimi tanınsa da, son illərdə fəaliyyətinin effektivliyini itirmişdi. Görüşlər çox vaxt formal xarakter daşıyır, ciddi irəliləyiş isə müşahidə olunmurdu. Vaşinqton görüşü ilə Minsk qrupunun bu funksiyasının faktiki olaraq sona çatması yeni sülh mexanizminin yaranmasının təməlini qoydu.
ABŞ-ın təşəbbüsü ilə formalaşan bu yeni mexanizm daha çevik, sürətli və real nəticəyə yönəlikdir. Artıq region ölkələri ABŞ-ın vasitəçiliyi ilə birbaşa danışıqlar aparır, sülh müqaviləsinin əsas prinsipləri üzərində anlaşmağa çalışırlar.
Minsk qrupunun funksiyalarının azalması ilə regionda Rusiya və İranın rolu da əhəmiyyətli dərəcədə zəifləyib. Onların Cənubi Qafqazda ənənəvi təsir dairəsi ABŞ-ın aktiv siyasəti nəticəsində daralır. Bu, regionda güc balansının dəyişməsi deməkdir. Rəsmi Vaşinqtonun sülhə önəm verməsi və regionda etimad yaratmağa çalışması Rusiya və İranın passivləşməsinə gətirib çıxarır.
Rusiya uzun illər Ermənistanın əsas müttəfiqi olsa da, Vaşinqton görüşündən sonra bu əlaqələrdə müəyyən məsafə yaranır. Ermənistanın ABŞ-ın sülh təşəbbüslərinə müsbət reaksiya verməsi Moskvanın regiondakı mövqeyinin zəiflədiyini göstərir. İran da öz növbəsində Cənubi Qafqazın siyasi gündəmində daha zəif iştirak edir və sadəcə, ABŞ-ın diplomatik təşəbbüslərini izləyir.
Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin bərpasıdır. Diplomatik münasibətlərin bərpası, qarşılıqlı etimadın yaranmasına, sərhədlərin açılmasına, ticarət və iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. İqtisadi inteqrasiya Cənubi Qafqazda sülhün dayanıqlı olması üçün əsas şərtdir. Həmçinin diplomatik əlaqələrin qurulması humanitar məsələlərdə əməkdaşlığın güclənməsinə də yol açır. Qaçqınların geri qayıdışı, minalardan təmizləmə, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq regionda uzunmüddətli sülhün təməl daşlarını qoyur. Bu baxımdan, Vaşinqton görüşü Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq dövrünün başlanğıcı kimi qiymətləndirilməlidir.
Vaşinqton görüşü ilə başlayan yeni mərhələ Cənubi Qafqazın uzun müddət donmuş münaqişəsinin həlli üçün əsl fürsət yaradır. ABŞ-ın regionda güclü və konstruktiv vasitəçi rolu, Azərbaycan və Ermənistan liderləri arasında dialoqun sürətləndirilməsi sülh prosesinin gələcəyinə dair optimizmi artırır.
Lakin burada əsas sual qalır: bu yeni sülh təşəbbüsləri nə qədər davamlı və dayanıqlı ola bilər? Regionda mürəkkəb etnik, siyasi və tarixi zəmində formalaşan qarşıdurmalar ABŞ-ın vasitəçiliyi ilə həqiqətən də tam həll oluna bilərmi?
Tarixi təcrübə göstərir ki, münaqişələr təkcə liderlərin mövqelərinin dəyişməsi ilə deyil, həm də dərin ictimai-siyasi dəyişikliklərlə həll olunur. Prezidentlərin yaxınlaşması mühüm siyasi siqnaldır, lakin sülhün dayanıqlı olması üçün xalqlar arasında diplomatiya – yəni mədəni, humanitar və sosial səviyyədə qarşılıqlı anlaşma – həlledici rol oynayır. Vaşinqton görüşü bu baxımdan irəliyə doğru ilk böyük addımdır, amma prosesin uğurlu olması üçün daha geniş sosial dəstək və qarşılıqlı etimadın yaranması zəruridir. Xalqların diplomatiyası stereotiplərin və düşmən obrazının aradan qaldırılması, təhsil, mədəniyyət və iqtisadi sahələrdə birgə layihələrin təşkili ilə güclənə bilər. Əgər bu paralel proses prezidentlər arasındakı siyasi dialoqu tamamlayarsa, o zaman Vaşinqton görüşü təkcə kağız üzərində qalan diplomatik razılaşma deyil, real sosial barışın başlanğıcı ola bilər.
Cavab isə zamanla veriləcək, amma indidən aydındır ki, Cənubi Qafqazın sabahı üçün yeni ümidlər doğur və ABŞ-ın bu missiyasının uğuru regionun gələcək inkişafında həlledici rol oynayacaq.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru