300-dən çox Amerika şirkəti ölkəmizə 16 milyard dollar sərmayə yatırıb
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər regional və qlobal miqyasda mühüm önəm daşıyan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkənin iqtisadi əməkdaşlığında enerji təhlükəsizliyindən süni intellekt texnologiyalarına, müdafiə sənayesindən ticarət dövriyyəsinə qədər bir sıra prioritet sahələr əhatə olunub.
Son illərdə bu dövlətlər arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdirilməsi, yüksək texnologiyaların alınması, yeni enerji layihələrinin gerçəkləşdirilməsi və müdafiə sahəsində tərəfdaşlığın möhkəmlənməsi münasibətlərin daha da dərinləşdiyini göstərir. Hazırda respublikamızda fəaliyyət göstərən 300-dən çox ABŞ şirkətinin ümumi sərmayə həcmi 16 milyard dolları keçir.
Qeyd edək ki, Azərbaycan və ABŞ ticarət əməkdaşlığında bir sıra məqamlar diqqət çəkir. Bu, özünü, ilk növbədə, iqtisadi əlaqələrdə son illərdə nəzərə çarpan canlanma ilə büruzə verir. Məsələn, Dövlət Gömrük Komitəsinin 2024-cü ilin yekunlarına dair hesabatına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə, təxminən, 12 faiz artım deməkdir.
ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına yatırımlarını təkcə enerji sektorunda deyil, eyni zamanda, kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları və xidmət sahələrində də artırır. 2023–2024-cüillərdə “Boeing”, “Microsoft” və “Amazon Web Services” kimi nəhəng şirkətlərin Azərbaycan tərəfi ilə əməkdaşlığı sahəsində yeni müqavilələr imzalaması da bunun bariz ifadəsidir. Prezident İlham Əliyev bu barədə çıxışlarının birində vurğulayıb: “Azərbaycan və ABŞ arasındakı iqtisadi əməkdaşlıq artıq yeni strateji mərhələyə qədəm qoyub. Biz qarşılıqlı sərmayələrə üstünlük verir, texnologiya transferini prioritet hesab edirik.”
Hər iki dövlət arasında süni intellekt və rəqəmsal infrastruktur əməkdaşlığı da xüsusi yer tutur. Belə ki, rəqəmsal transformasiya dövründə süni intellekt, bulud texnologiyaları və kibertəhlükəsizlik sahələri tərəflərin maraq dairəsindədir. Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə ABŞ-ın qabaqcıl texnologiya şirkətləri bu istiqamətdə ortaq layihələr reallaşdırır. ABŞ-ın “IBM” və “Cisco” şirkətləri respublikamızın “ağıllı” şəhər və “ağıllı” kənd layihələrində fəal iştirak edir. Bu layihələr çərçivəsində 5G şəbəkə infrastrukturunun qurulması, rəqəmsal idarəetmə mərkəzlərinin yaradılması və əhalinin rəqəmsal bacarıqlarının artırılması kimi istiqamətlər prioritetdir. Yeri gəlmişkən, ABŞ Ticarət Nazirliyinin 2024-cü ildə Azərbaycanda süni intellekt üzrə ixtisaslaşmış startaplara 50 milyon dollarlıq qrant və sərmayə paketi ayıracağını elan etməsi də bunun bariz ifadəsidir.
Azərbaycan – ABŞ müdafiə əməkdaşlığı da uzun illərdir ki, davam edir və bu, təkcə təlim proqramları ilə məhdudlaşmır. Belə ki, Amerika şirkətləri respublikamızın hərbi-texniki bazasının yenilənməsində də mühüm rol oynayır. Bu sahəyə 2024-cü ildə imzalanmış müqavilələr əhəmiyyətli təsir göstərir. ABŞ istehsalı olan pilotsuz uçuş aparatları və rabitə avadanlıqlarının Azərbaycana idxal olunması, Xəzərdə dəniz təhlükəsizliyi sistemlərinin modernləşdirilməsi üçün birgə layihənin həyata keçirilməsi, müdafiə sənayesində texnologiya transferi ilə bağlı məsləhətləşmələrin uğurla aparılması da bunun bariz ifadəsidir. Ümumiyyətlə, bu sahədə əməkdaşlıq Azərbaycanın regiondakı sülhün və sabitliyin qorunmasında rolunu daha da gücləndirir.
Azərbaycan enerji sektorunda ABŞ ilə əməkdaşlığı strateji əsaslardan biri kimi görür. Xəzər dənizindəki iri neft-qaz layihələri, xüsusilə də “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” yataqları bu əməkdaşlığın təməlini qoyub. Lakin son illərdə tərəflərin diqqəti bərpa olunan enerji mənbələrinə də yönəlib. ABŞ şirkətləri Azərbaycanda külək və günəş enerjisi layihələrində iştirak etməyə maraq göstərir. Bu, Azərbaycanın “yaşıl” enerji hədəflərinə çatmasında mühüm rol oynayır. Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-ın enerji nəhəngi “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu da sözügedən sahədə yeni imkanlar açır.
Sənədə əsasən, neft-qaz hasilatı və emalı sahəsində birgə layihələrin həyata keçirilməsi, ətraf mühitin qorunması və “yaşıl” enerji standartlarının tətbiqi üzrə əməkdaşlığın yaradılması, respublikamızın ərazisində yeni qaz emalı zavodunun inşası üzrə texniki-iqtisadi əsaslandırma işlərinə start verilməsi nəzərdə tutulur. Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf bu barədə deyib: “ExxonMobil” ilə əməkdaşlıq həm enerji təhlükəsizliyi, həm də ekoloji məsuliyyət baxımından böyük əhəmiyyət daşıyır. Biz bu tərəfdaşlığı uzunmüddətli və qarşılıqlı faydalı hesab edirik.”
ABŞ texnologiyası və sərmayəsinin ölkəmizə gətirilməsi ilə bağlı isə deyə bilərik ki, bu ölkə investisiyalarının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə yönəldilməsi diqqət mərkəzində saxlanılır. Hazırda ölkədə 20-dən çox texnologiya parkı və innovasiya mərkəzində ABŞ istehsalı olan avadanlıqlar istifadə olunur. “Google” və “Meta” şirkətləri Azərbaycanın texnologiya ekosisteminə təlim, sertifikasiya və proqramlaşdırma üzrə dəstək verir.
Xatırladaq ki, 2023–2024-cü illərdə ABŞ şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən ən iri layihələrdən biri Sumqayıt Texnologiyalar Parkında yüksək dəqiqlikli sənaye avadanlıqları istehsalı zavodunun qurulmasıdır. Layihənin ümumi dəyəri 120 milyon dollar təşkil edir.
Azərbaycan – ABŞ strateji tərəfdaşlığı qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli iqtisadi fayda üzərində qurulub. Süni intellekt, bərpa olunan enerji və yüksək texnologiyalar sahəsində yeni təşəbbüslərlə bu əməkdaşlığın daha da güclənəcəyi proqnozlaşdırılıb. ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin sözlərinə desək, bu ölkə Azərbaycanı Cənubi Qafqazın inkişaf mərkəzi, enerji və texnologiya körpüsü kimi görür. Əməkdaşlıq yalnız bugünkü layihələrlə məhdudlaşmır, o, gələcək nəsillərə də xidmət edəcək. Dövlət Neft Şirkəti – “ExxonMobil” memorandumunun icrası və texnologiya transferi isə bu sahədə mexanizmlərin genişlənməsi sayəsində iki ölkə münasibətlərini daha da dərinləşdirəcək.
Dövlət Neft Şirkəti ilə “ExxonMobil” arasında memorandumun imzalanması isə Azərbaycan – ABŞ enerji dialoquna əlavə güc verir, qarşılıqlı investisiya imkanlarını genişləndirir. Bununla yanaşı, sənəd iki tərəf arasında təcrübə mübadiləsi, innovativ həllərin tətbiqi və enerji təhlükəsizliyi sahəsində koordinasiyanı da artıracaq. Bu, Azərbaycanın “yaşıl” keçid strategiyasına uyğun olaraq, enerji resurslarından səmərəli istifadə və ekoloji standartların yüksəldilməsi istiqamətində mühüm addımdır.
Memorandumun imzalanması ilə Dövlət Neft Şirkəti və “ExxonMobil” qarşıdakı illərdə ortaq layihələr üzərində daha fəal işləmək, innovativ texnologiyaları Azərbaycana gətirmək və enerji hasilatında səmərəliyi artırmaq niyyətindədir. Bu əməkdaşlıq respublikamızın enerji sektorunun dünya standartlarına uyğun inkişafına, ölkə iqtisadiyyatına əlavə valyuta axınının təmin edilməsinə və qeyri-neft sektoruna investisiyaların artmasına təkan verəcək.
Qeyd edək ki, ABŞ-ın “ExxonMobil” şirkəti biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun qəbul edən ictimai şirkətdir. Bu energetika şirkəti 1990-cı illərin əvvəllərindən Azərbaycanda səmərəli fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını uğurla həyata keçirir. Hazırda səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçısı da respublikamızın enerji sektorunda fəaliyyətini yüksək səviyyədə davam etdirir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığı gələcəkdə daha da möhkəmlənəcək, regional və qlobal enerji bazarlarında ölkəmizin rolunu daha da gücləndirəcək. Vaşinqtonda imzalanan bu memorandum isə həmin yolun ən mühüm mərhələlərindən biri kimi tarixə düşəcək.
V.BİNYATOĞLU
XQ