Azərbaycanda, bütün dünyada olduğu kimi, virus hepatitləri problemi aktualdır. Xəstəliyin gizli keçməsi, əlamətlərin xəstəliyin irəliləmiş mərhələlərində üzə çıxması və skrining proqramların olmaması virus hepatitlərinin fəal yayılmasına təkan verir. Azərbaycanda virus hepatitləri 200 – 300 min nəfərdə aşkarlanıb. Bu viruslar diaqnoz qoyulan xəstələrdə, adətən, ya əməliyyat öncəsi icbari test zamanı, ya qan donoru olarkən içbari yoxlanışlarda, ya da öz təşəbbüsü ilə müayinədən keçəndə aşkarlanır. Sakit və şikayətsiz keçən hepatitin rastgəlmə tezliyi daha yüksək ola bilər. Çünki virus xüsusi markerlər vasitəsilə müayinədən keçən insanlarda üzə çıxır. Müayinə olunmayan minlərlə insan xəstəliyindən xəbərsiz yaşayır və yoluxma mənbəyinə çevrilir.
Elmi araşdırmalar sübut edib ki, yalnız aşkar virus hepatitləri deyil, hepatit B-nin okkult növü də mövcuddur. Bu, qanda standart testlər vasitəsi ilə aşkar olunmayan, amma qan zərdabında və qaraciyər toxumasında daha həssas üsullardan istifadə edərək aşkarlanan infeksiyanın bir növüdür. 2008-ci ildə dünyada okkult (gizli) hepatit B virusu xəstəlik kimi qəbul olunub. Bu virus sağlam insanlarda ciddi qaraciyər zədələnməsi törətmir. Lakin yoluxma riski daşıyır və immun sistemi zəiflədən dərman vasitələri, ya da xəstəlikləri zamanı kəskin və ya xroniki B hepatiti inkişaf edə bilər.
Azərbaycanda okkult hepatitini öyrənən və bu mövzuda elmi araşdırma aparan ilk və yeganə həkim tibb üzrə fəlsəfə doktoru Sevda Ağayevadır. O, 2023-cü ildən ABŞ-ın Pensilvaniya Universitetində qastroenterologiya və hepatologiya şöbəsində kliniki tədqiqatçı vəzifəsində çalışır. Pensilvaniya Universiteti dünyaya çox mühüm və praktik yeniliklər gətirən və yüz milyonlarla insanların həyatını xilas edən məşhur mütəxəssislərin çalışdığı müəssisədir. Burada təsdiqlənən mRNA – COVID-19 peyvəndi, dünyada ilk gen terapiyası, xərçəng əleyhinə ilk CAR-T hüceyrə terapiyası və digər araşdırmalar aparılıb. Sevda xanum okkult B hepatiti mövzusunda ABŞ, Türkiyə və Asiya ölkələrində keçirilən konfranslarda apardığı tədqiqatların nəticələrini təqdim edib.
Soydaşımız 2018-ci ildə “Asiya və Sakit okean qaraciyər araşdırma təşkilatı”nın illik konfransında “Gənc tədqiqatçı” mükafatına layıq görülüb. O, hazırda bu mövzuda layihələr üzərində işləyir. Azərbaycanda bu sahədə yeganə ekspert olan Sevda Ağayeva okkult B hepatiti ilə bağlı XQ-yə müsahibəsində bu mövzuya aydınlıq gətirdi.
– Okkutl hepatiti təbabətdə yeni bir mövzudur. Bu virusun öyrənilməsini aktuallaşdıran nə olub?
– 2014-cü ildə dünyada inqilabi hepatit C əleyhinə ilk dərman vasitəsi istifadəyə verilib. Həmin preparat 10 il ərzində hepatit C-nin sağalma faizini 40–50-dən 97–98 faizə qədər artırıb xəstəliyin eliminasiyasına gətirib. Bu müalicə aparılan zaman xəstələrdə aşkar və ya gizli B virusu olubsa, hepatit C qandan təmizləndikdən sonra hepatit B kəskinləşmələri müşahidə olunub. Hepatit C digər – B virusunun replikasiyasını (bölünüb çoxalmasını) bloklayır. Yeni nəsil dərmanların istifadəsinə başlanandan və B virusunun aktivləşməsini izlədikdən sonra, okkult infeksiyasına marağım artdı. Onun rastgəlmə tezliyini öyrənib, müştərək infeksiyalar zamanı qaraciyər zədələnməsini təyin etməyə, gizli infeksiya zamanı hepatit C-nin müalicəsinin səmərəliyini ölçməyə və hepatit B-nin aktivləşmə fazini öyrənməyə başladım.
– Sevda xanum, hepatitlərin yayılması və ya yoluxma zamanı xroniki okkult hepatitə keçmə, yaxud sağalma necə baş verir?
– Gizli hepatit B virusu müayinə üçün istifadə etdiyimiz səthi antigen (HBsAg) testi mənfi olan şəxslərin qaraciyərində və ya qan zərdabında aşkar edilə bilən və çoxalma qabiliyyətinə malik olan viral DNT-nin mövcud olduğu vəziyyətə aiddir.
HBV infeksiyasının bu özünəməxsus mərhələsində kovalent qapalı dairəvi DNT (cccDNA) aşağı replikasiya vəziyyətindədir.
Bədənə düşən virusun okkult infeksiyaya keçməsi əsasən, insanın immun sisteminə və epigenetik amillərə bağlıdır. Okkult B infeksiyası bütün dünyada aşkarlanıb, lakin onun yayılması fərqli xəstə qruplar arasında çox dəyişkəndir. Bu, müxtəlif coğrafi ərazilərdən, parenteral infeksiyalar üçün risk amillərindən və HBsAg və HBV DNT-nin aşkarlanması üçün istifadə edilən analizlərdən asılıdır. Okkult hepatit B bir neçə klinik kontekstdə təsir göstərir: qanköçürmə və ya qaraciyər transplantasiyası Hepatit B-nin klassik formasına, immunosupressiya zamanı yenidən aktivləşməsinə və hətta kəskin hepatitin mümkün inkişafına səbəb ola bilər. Bundan başqa, müxtəlif səbəblərə görə, xroniki qaraciyər xəstəliyinin sirroza doğru irəliləməsini sürətləndirə bilər, “aşkar” infeksiyanın pro-onkogen xüsusiyyətlərinə malik olub, hepatoselüler karsinomanın inkişafına yol açar.
– Şikayəti olmayanlar nədən şübhələnməli və yoxlanmalıdır?
– Hepatit B-yə qarşı peyvənd olunmayanlar, keçmişdə qeyri-steril ya da sterilliyinə şübhə olan tibbi və ya kosmetik alətlərlə əməliyyat və ya prosedurlara məruz qalanlar, cinsi yolla hepatitin yoluxmasına şübhəsi olanlar, qan və ya qan komponentləri köçürmələri olanlar, ailə üzvlərində hepatit B aşkarlananlar və venadaxili narkotik maddə istifadə edən insanlar mütləq yoxlamadan keçməlidirlər.
– Standart “check-up” müayinələrlə okkult hepatiti aşkar etmək olarmı?
– Qeyd edək ki, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda HBsAg hələ də qan donorlarında müəyyən edilən HBV-nin əsas, bəzən isə yeganə zərdab markeridir. Buna görə də HBV infeksiyası resipiyentlərə köçürülmək üçün yuyulmuş qan hüceyrələrindən əlavə, plazma və ya hətta tam qan istifadə edilən ölkələrdə qanköçürmə mərkəzləri üçün ciddi problem sayılır, çünki gizli HBV infeksiyası olan insanlardan qan köçürmələr resipiyentdə HB-in kəskin manifestasiyası və ya xroniki hala keçməsinə səbəb ola bilir.
Hepatit B virusuna yoluxduqdan sonra, ən azı, 6 ay ərzində qan zərdabında HBsAg antigeninin dövranını təyin etməklə diaqnoz qoyulur. Lakin hazırda sübut edilmişdir ki, kəskin hepatit zamanı HBsAg-nin zərdabda konversiyası virusun orqanizmdən çıxmasının və onun tam sağalmasının mütləq əlaməti deyil. Bütün laboratoriyalarda hepatit B üçün HBsAg testi istifadə olunur, lakin, okkult hepatit B-ni aşkar etmək üçün HbcAg İgG və anti-HBs testlərini vermək də məsləhət görülür.
– Okkult virusu olan xəstələrdə qaraciyər zədələnməsi fərqli olurmu?
– İmmunosupressiya zamanı virusun reaktivləşməsi riski və hepatit B-nin ötürülməsi riskindən əlavə, apardığımız tədqiqat onu göstərdi ki, gizli hepatit B xroniki HCV infeksiyası olan xəstələrdə qaraciyər zədələnməsində əlavə rol oynayır. Gizli infeksiyası olanlardan yalnız hepatit C olan xəstələrlə müqayisədə qaraciyərin zədələnmə dərəcəsi və göstəriciləri daha yüksək olaraq izlənildi.
Artan sayda perspektiv tədqiqatlar və meta-analizlər hepatit C və okkult B infeksiyası olan xəstələrdə hepatosellulyar karsinomanın (HCC) daha yüksək rastgəlmə tezliyi, eləcə də şişin daha inkişaf etmiş histoloji dərəcələri və HCC diaqnozunun okkult infeksiyası olmayan xəstələrlə müqayisədə daha erkən başlandığı aşkarlanıb.
– Hansı insanlar yüksək risk qrupuna aid edilir?
– 6 il ərzində apardığımız tədqiqatlara əsasən, deyə bilərik ki, yanaşı hepatit C və ya HİV virusu olanlar daha çox risk altındadırlar. Qanköçürmə infeksiya ilə əlaqəli ən vacib amildir. İnsanın yaşı, eləcə də əvvəl keçirdiyi cərrahi əməliyyat gizli hepatitin yayılmasına daha az təsir göstərir.
– Okkult infeksiya aşkarlandıqda, müalicə necə aparılır?
Adətən müalicəyə ehtiyac yoxdur, amma bu xəstələr mütəmadi nəzarət altında olmalıdır. Virusun aktivləşmə ehtimalı, yanaşı qaraciyər xəstəliklərinin gedişatını kəskinləşdirən və qaraciyər xərçəngi riskini artıran virus daim nəzarətdə saxlanmalıdır. İmmun sistemini zəiflədən dərman vasitələri istifadə edilən zaman, nəzarət daha sıx olmalıdır.
– İnsanlara özlərini qorumaları üçün nə tövsiyyə edirsiniz?
– Geniş müayinədən sonra, açıq və ya gizli hepatit B infeksiyası aşkarlanmayıbsa, virus əleyhinə peyvənd ən gözəl qorunma strategiyasıdır. Peyvənd 98 faiz təsirlidir və 5–10 il virusdan qoruya bilər. Bu peyvənd nəinki hepatit B-yə qarşı, həm də hazırda tam müalicəsi olmayan, ancaq hepatit B ilə müştərək gedən Delta hepatitdən də qoruya bilər. İnsanlara risk qruplarını təyin etməyi, vaxtında yoxlamalardan keçməyi tövsiyə edirəm.
Söhbətləşdi:
Zərifə BƏŞİRQIZI
XQ