Yarımçıq qalmış şeir dəftəri

post-img

Torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlu 2012-ci ildə Hərbi Liseydə hərb sənətinin sirlərinə dərindən yiyələndikdən sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə ali məktəbi bitirərək Ağcabədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.

Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşmuşdur. İgid qəhrəmanımız 18 noyabrda doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.

Şəhid baş leytenant ölümündən sonra Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Qazaxda şəhidin xatirəsinə bulaq kompleksi inşa edilib.

Onun ulu babası Qafqaz Ordusunda, atası Birinci Qarabağ, özü isə Vətən müharibəsində ermənilərə qarşı vuruşub.

Xaliddin döyüşlərdə qazanılan qələbə sevincini hər dəfə valideynləri ilə, xüsusilə anası Sevda xanımla bölüşərmiş: “Mənimlə qələbə xəbərlərini bölüşəndə dedim ki, Xaliddin, o gün olsun Şuşaya bayraq sancasan. O qədər sevincli idi ki... Dedi, ana, inşallah Şuşaya bayrağı sancıb gələcəyik. Sevinirəm ki, o, Qarabağ torpaqlarının azad olunmasını görə bildi”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Vaqif Nəsibov oğlumun general olmaq arzusundan söz açır. Oğlumun vətənpərvər ruhda böyüməsinə səbəb bizim ailədə, nəsildə hərbçilərin olmasıdır. Çünki o, hərbçi ailəsində anadan olmuşdu. Biz 3 qardaşıq, üçümüz də hərbçi idik. Babalarım da hərbçi olub. Dayım Mahmud Həmzəyev general olduğu üçün həmişə ona baxıb qürurlanırdı. Xaliddinin əşyaları gətiriləndə arasından yarımçıq yazılmış dəftəri çıxdı. Baxdım ki, şeirlər yazıb, hətta vətənpərvərlik mövzusunda da. İndi onun şeirləri “Yarımçıq qalmış şeir dəftəri” adlı kitabda nəşr edilib.

Bacısı Göyçək xanım danışır ki, Xaliddin hələ orta məktəbdə oxuyanda şeirlər yazırdı. Vətənə, torpağa, anaya məhəbbətlə həsr etdiyi şeirlərinin ilk oxucuları biz idik. Bu misralar onun qəlbinin ilk çırpıntıları idi.

14 yaşımdan mən forma geyirəm,
Vətəni canımdan artıq sevirəm.
Bu şeiri yazmaqda məqsədim budur,
Azərbaycan oğlu, Vətəni qoru.

Şəhidlik zirvəsinə ucalan Xaliddin kimi igid oğullarla gələcək nəsillər də qürur duyacaq, onlar daim ehtiramla xatırlanacaqlar.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Xaliddin Nəsibov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

M.MİRZƏ
XQ



Sosial həyat