Doğum günündə Vətənə qurban getdi

post-img

II Qarabağ savaşında canları, qanları ilə torpağı Vətən edənlərin hər birinin həyatı bir kitabdır. Onun hər vərəqindən acılı-şirinli xatirələr boylanır. Bu xatirələri dinləmək, oxumaq, düşünmək insana əsl mənada dərs verir.

El-obasına başucalığı gətirən igidlərimizdən olan Xəyyam Əzizovun həyat hekayəsini təqdim etmək istəyirəm. Xəyyam 8 noyabr 1995-ci ildə Neftçala şəhərində sadə fəhlə ailəsində anadan olub. Uşaqlıq illərini Neftçalada keçirib. 2002-ci ildə Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfi başa vurduqdan sonra təhsilinə Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində davam edib. Hələ gimnaziyada oxuyan zamandan ürəyində hərbi geyimdə olmaq, Vətənə hərbçi kimi xidmət etmək arzusu baş qaldırıb. Buna görə də 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Təhsil zamanı bacarığı, cəldliyi ilə seçilib. Liseyi əla qiymətlərlə başa vuran Xəyyam müdavim yoldaşlarından ayrılanda onlara xatirə olaraq belə ürək sözləri yazıbmış: “Əziz kursant yoldaşlarım, doğma Azərbaycanımızı göz bəbəyi kimi sevməyi, onu qorumağa hər an hazır olmağı, lazım gələrsə, Vətəni canımızdan üstün tutmağı bacaran zabit olasınız. Sizə də, özümə də bu müqəddəs və şərəfli xidmət yolunda uğurlar arzulayıram”.

Xəyyam liseydə qazandığı biliklərlə kifayətlənməyib. Buna görə də 2013-cü ildə liseyi bitirdikdən sonra hərbi biliklərini daha da zənginləşdirmək istəyini ailəsinə bildirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və ona leytenant hərbi rütbəsi verilib. Öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub.

Leytenant Xəyyam Əzizov xidməti dövründə bir neçə xarici ölkədə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurub. 2020-ci ildə ona baş leytenant hərbi rütbəsi verilib. Həmin il Moskvada keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edib.

Vətən müharibəsində Xəyyam xüsusi təyinatlı zabit kimi əsl hünər göstərib. Onun da tərkibində olduğu qrup düşmənə sarsıdıcı zərbələr endirib. Neçə-neçə uğurlu əməliyyata qatılaraq, düşmənin diversiya qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərib. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Dəfələrlə yaralansa da, döyüşdən qalmağı qəbul etməyib.

Ən son döyüş meydanı olan əlçatmaz Şuşa şəhərinin azad olunmasında əsl qəhrəmanlıq göstərib və doğum günü – 8 noyabr 2020-ci ildə şəhid olub. Şəhidin nəşi Neftçala şəhərinə gətirilib və böyük ehtiramla torpağa tapşırılıb.

Xəyyamın döyüş yolu, ailəsinin xatirələri əks olunan qısa videonu izləmək onun haqqında daha çox məlumat verir. Dilinin əzbər sözlərindən biri bu idi: “İşğalçı ermənilərin başını əzməyimizə çox az qalıb”. Xəyyamın qardaşı Rəfael deyir: “Vətən müharibəsində mənim qardaşım döyüşlərdə böyük şücaət göstərib. Xəyyam əvvəlcə Füzuli, Zəngilan rayonlarının, Hadrut qəsəbəsinin və sonda, noyabrın 5-dən 6-na keçən gecə Şuşa uğrunda gedən döyüşlərdə qrup rəhbəri olaraq qəhrəmanlıq göstərib. Onun silahdaşları ilə birgə Şuşa şəhərinin alınmasında böyük rolu olub .

Anası Aidə Əzizovanın söhbəti: “Oğlum Qarabağda 42 gün şücaətlə vuruşdu. Bu 42 gündə hər həftədə bir dəfə zəng edib hal-əhval tuturdu. Oktyabrın 29-u sonuncu danışığı oldu. Dedi ki, darıxmayın, az qalıb, qələbəmiz olacaq, ondan sonra qayıdacam evə. Müharibənin sonuncu günü şəhid oldu. Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Amma onu deyə bilərəm ki, mənim oğlum qürurla yaşadı, şərəflə həlak oldu”.

Şəhid zabitimizin atası Əli Əzizov da oğlu ilə qürur duyduğunu söyləyib. “Oğlum Vətən yolunda, torpaq uğrunda şəhid oldu. Əməli ilə Vətənə layiqli oğul oldu, hər kəsin başını uca etdi. Xəyyamın ən böyük arzusu Qarabağ torpaqlarını azad görmək idi. Nə qədər ağır olsa da, deməliyəm ki, arzusuna doğum günündə – 25 yaşın tamamında şəhidliyi ilə çatdı”.

Xəyyam Əzizov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın, Şuşanın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat