Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

8 noyabr

• Şuşa şəhəri işğaldan azad edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib.

• Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev birlik komandiri, general-leytenant Hikmət Mirzəyevə zəng edərək onu Şuşa şəhərinin işğalçılardan azad olunması münasibətilə təbrik edib.

• Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.

• Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində tarixi qələbə ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin!”.

Paylaşımda daha sonra bildirilir: “Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

• Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili sıradan çıxarılıb.

• Xalqımız Şuşanın azad olunmasını böyük coşqu ilə qeyd edir.

• Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

• Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır. Bu istiqamətdə Ermənistan silahlı qüvvələri ciddi itkilər verir.

Mustafa KAMAL
XQ





Siyasət