2020-ci ilin 8 noyabrı Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Şəhidlər xiyabanından xalqa müraciət edərək, tarixi Zəfər xəbərini – Şuşanın azad olunduğunu elan etdi. Bu, təkcə hərbi qələbə deyildi, eyni zamanda, 30 illik ədalətsizliyin, işğalın və milli ağrının sonu idi. Müraciət xalqın ürəyindən gələn duyğuların dövlət səviyyəsində təntənəsiydi. O gün Azərbaycan suverenliyinin, milli qürurunun və birliyinin sarsılmaz rəmzinə çevrildi.
Dövlət başçısının xalqa müraciəti həm strateji, həm də ideoloji baxımdan çoxqatlı məna daşıyırdı. Bu nitqdə xalqın yenilməz ruhu və ordunun qəhrəmanlığı ilə Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliyin, nəhayət, aradan qaldırılması beynəlxalq aləmin diqqətinə çatdırılırdı. Bu nitqdə, eyni zamanda, Şuşanın azad olunması – Qələbənin zirvəsi və milli kimliyin bərpası kövrək notlarla ifadə edilirdi.
Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın ürəyi olan Şuşa şəhərinin işğalçıdan geri alınması xalqın mədəni, mənəvi dirçəlişi demək idi. Ölkə rəhbəri belə bir tarixi müjdəni xalqa çatdırarkən, bu günün yetişməsi, soydaşlarımızın bu müqəddəs ocağa qovuşması üçün illərlə hazırlıq, iradə və strateji uzaqgörənlik tələb olunduğunu xüsusi vurğuladı.
Azərbaycan liderinin prezidentlik fəaliyyətinə başladığı 2003-cü ildən etibarən həyata keçirdiyi sistemli siyasət – ordu quruculuğu, diplomatik səylər, iqtisadi müstəqillik və xalqın dövlət ətrafında birləşməsi şanlı Zəfərin təməlini qoydu. Şuşa uğrunda döyüşlər Azərbaycanın qəhrəman oğullarının misilsiz fədakarlığını göstərdi. Bu şəhərin alınması mühüm hərbi əməliyyat olmaqla yanaşı, həm də xalqın mənəvi iradəsinin təntənəsi idi. Prezident İlham Əliyevin müraciəti bu qəhrəmanlığın siyasi və tarixi təsdiqi kimi xüsusi diqqət çəkdi.
Dövlətimizin başçısı müraciətində 44 günlük Vətən müharibəsi zamanı xalq, ordu və dövlətin bir yumruq kimi birləşməsini vurğulayır, “Biz bu birliyi nümayiş etdirdik və qalib gəldik” deyirdi. Prezident İlham Əliyev döyüşlər getdiyi zaman bəyanat və müsahibələrində bu tezisi tez-tez xatırladır, bununla da xalqın ölkə rəhbərinə, orduya inamını daha da möhkəmlədir, “Azərbaycan heç kimin torpağına göz dikmir, sadəcə öz haqqını və beynəlxalq hüququn tələblərini gerçəkləşdirir, beynəlxalq hüquqa sadiq qalmaqla tarixi ədalətin bərpasına nail olmağa çalışır”,– deyə bildirirdi.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 300-dən çox yaşayış məntəqəsini, 5 şəhəri və 8 rayonu azad etməsi də bəhs olunan tezisin gerçəkləşdirilməsinin bariz ifadəsi idi. Ən başlıcası isə savaş günlərinin hər bir qələbəsini – yaşayış məntəqələrimizin sürətli hərbi əməliyyatlarla geri alınmasını dövlət rəhbərinin siyasi uzaqgörənliyi, dəmir iradəsi və ordunun peşəkarlığı şərtləndirirdi.
Azərbaycan liderinin xalqa müraciətində şəhidlərin ruhuna ehtiram bildirməsi və Zəfərin mənəvi dayaqlarından bəhs etməsi də xüsusi diqqət çəkirdi. Dövlət başçısı çıxışında “Biz bu qələbəni şəhidlərimizin qanı bahasına qazandıq” deyərkən tarixi Qələbənin mənəvi təməlini açıq şəkildə göstərirdi: “Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!”.
Müraciətin Şəhidlər xiyabanından edilməsi də təsadüfi deyildi, bu, həm dövlət, həm də xalq səviyyəsində şəhidlərə sonsuz hörmətin ifadəsi olmaqla, Azərbaycan dövlətçiliyinin mənəvi sütunlarını daha da möhkəmlədir, gənc nəslin vətənpərvərliyini gücləndirirdi. Nəhayət, bu müraciət xalqda həm qürur, həm də məsuliyyət hissi doğurur, bu torpaqları qorumaq, inkişaf etdirmək, tikib-qurmaq, gələcək nəsillərə azad və qüdrətli bir dövlət miras qoymaq borcunun zəruriliyini diqqətə çatdırırdı.
Müraciətdə qələbənin siyasi və geosiyasi mənasına xüsusi əhəmiyyət verilməsi də önə çəkilirdi. Çünki 8 noyabr müraciəti həm də regionun geosiyasi mənzərəsini dəyişən bir hadisənin ideoloji bəyanı idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüquqa əsaslanan yeni reallıq yaradırdı. Bu reallıq isə artıq Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas şərtinə çevrilmişdi. Bu baxımdan Prezident İlham Əliyevin qəti mövqeyi – “Qarabağ Azərbaycandır!” ifadəsi təkcə siyasi şüar deyil, həm də beynəlxalq səviyyədə qəbul olunan reallıq idi. Müraciətin siyasi gücü həm də bu nitqin Azərbaycanın diplomatik və hərbi müstəqilliyinin, öz qərarlarını suveren şəkildə qəbul edə bilən dövlət statusu təntənəsinin nümayişi kimi diqqət çəkirdi.
Prezident İlham Əliyevin müraciətində təkcə qələbənin sevincindən deyil, həm də qarşıdakı vəzifələrdən bəhs edilirdi. “Biz bu torpaqları bərpa edəcəyik, həyata qaytaracağıq” sözləri Zəfərdən sonrakı dövrün strateji istiqamətini müəyyənləşdirirdi. Bu, “Böyük Qayıdış” siyasətinin ideoloji başlanğıcı idi. Müraciətin ardınca Qarabağda genişmiqyaslı bərpa, infrastruktur və sosial layihələrə başlanılması da bunun bariz ifadəsi idi. Azad olunmuş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsini, şəhərlərin “ağıllı” texnologiyalarla qurulmasını məhz həmin qələbə ruhu şərtləndirirdi. Ümumiyyətlə, tarixi Zəfər Azərbaycanın inkişaf modelinə yeni dinamika gətirdi və bu, özünü tez bir zamanda Qarabağın sürətli sosial-iqtisadi və mənəvi yüksəlişində büruzə verdi.
Vətən müharibəsində misilsiz uğurun əldə edilməsinin bir səbəbi də Qarabağın tezliklə cənnətə çevriləcəyi əminliyinin əsasında dayanan iqtisadi güc amili idi. Dövlətimizin başçısı bu məsələ ilə bağlı müraciətində deyirdi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək”.
Azərbaycan lideri müraciətində daha sonra iqtisadi güc sayəsində hərbi texnikanın, silahların xarici bazarlardan alındığını bildirir, eyni zamanda, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimizin ölkəmizə əlavə güc verdiyini diqqətə çatdırırdı: “Biz imkan vermədik ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.
Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
8 noyabr müraciəti dövlətimizin başçısının liderliyinin xalqın iradəsinin ifadəsi olduğunu göstərirdi. Prezident İlham Əliyev “Biz bu qələbəni birlikdə qazandıq” deyərkən lider-xalq münasibətinin mahiyyətinin dərin məna ifadə etdiyini bildirirdi. Müraciətdə nə təkəbbür, nə də fərdi qələbə duyğusu vardı, əksinə, xalqla bölüşülən sevinc, ortaq fədakarlığın təntənəsi hiss olunurdu. Bu, siyasi liderin xalqla mənəvi birliyinin nadir nümunəsi kimi diqqət çəkirdi. Həmin gün respublika liderinin səsi yalnız Şəhidlər xiyabanından deyil, hər bir Azərbaycan evindən, hər bir şəhər və kənddən eşidilirdi. Xalq öz liderini təkcə siyasi rəhbər deyil, milli qurtuluşun, azadlığın və gələcəyin rəmzi kimi qəbul edirdi.
Azərbaycan liderinin xalqa müraciəti tarix qarşısında ədalətin bərpa olunduğunun elanı idi. 30 il ərzində işğal altında qalan torpaqların azad edilməsi yalnız hərbi yox, həm də mənəvi qələbə kimi diqqət çəkirdi. Bu Zəfər heç bir haqsızlığın əbədi ola bilmədiyinin, xalqın iradəsi və dövlətin qətiyyəti ilə ədalətin gec-tez bərpa edildiyinin təsdiqi idi. Dövlət başçısı İham Əliyev bu Zəfərlə dahi şəxsiyyət Heydər Əliyevin “Qarabağ Azərbaycandır və nöqtə” ideyasını reallığa çevirdi.
Beləliklə, Prezident İlham Əliyevin 8 noyabr müraciəti xalqımızın tarixi iradəsinin təcəssümü idi. Bu müraciəti beynəlxalq ictimaiyyət, əslində, bir dövlət manifesti – suverenliyin, milli birliyin, qələbənin və gələcəyə inamın rəmzi kimi dəyərləndirdi. Həmin gün Azərbaycan təkcə torpaqlarını deyil, həm də öz taleyini azad etdi. Xalq öz gücünə, ordusuna və liderinə qəlbən inandı.
Bu inam indi də dövlət siyasətinin əsas dayaq nöqtəsidir. Qarabağda bərpa olunan hər şəhər, hər məktəb, hər yol həmin tarixi müraciətin davamı olaraq diqqət çəkir. Bu baxımdan dövlətimizin başçısının “Biz bu tarixi qələbəni xalq, dövlət və ordu birliyi sayəsində qazandıq. Bu Zəfər əbədi olacaq” sözləri də xüsusi əhəmiyyətə malikdir. Bu əbədi Zəfərin adı isə Azərbaycanın qüdrəti, xalqın birliyi və dövlətin suverenliyidir.
Vaqif BAYRAMOV
XQ

