8 noyabr Azərbaycanımızın sərhədlərini aşan, dünyanın dörd tərəfində yaşayan 50 milyonluq milətimizin qürur duyduğu və bu qüruru yaşadıqları ölkələrin xalqlarına yansıdan gündür. 30 illik məğlubiyyətə bərabər işğala son qoyulduğu 8 Noyabr – Zəfər Günü ölkə daxilində olduğu kimi, onun hüdudlarından kənarda da böyük təntənə ilə qeyd olunur. O gün “məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meydanında düşmənə hərb və kişilik dərsi keçən igid oğulllarımız tariximizin şanlı səhifəsini xalqın yaddaşına əbədi həkk etdilər. Zəfərin təntənəsinin 5 illiyi ilə yanaşı, bu savaşda canlarını Vətən yolunda fəda etmiş igidlərimizin əziz xatirəsi dərin ehtiramla anılır. Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə soydaşlarımızla bərabər yerli millətlərin nümayəndələri də iştirak edir, keçirdiyimiz qürur hissini yaxından duyurlar.
Türkiyə
İstanbulda Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə “Zəfərin 5 ili” forumu baş tutub. Tədbirdə Zəfərin bütövlükdə Türk dünyası üçün siyasi və mənəvi əhəmiyyəti, onun Azərbaycan və Türkiyə gəncləri arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsindəki rolundan danışılıb. Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və TÜGVA-nın sədri İbrahim Beşinci çıxışlarında tarixi Zəfərin təkcə Azərbaycan xalqını deyil, bütün Türk dünyasını qürurlandırğını, azad edilmiş ərazilərin bərpası və inkişafı prosesində qardaşlığın mühüm rol oynadığını söyləyiblər.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Qəzənfər Ağayev və Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyevin çıxışları dinlənilib. Onlar Azərbaycanın suverenliyinin bərpası uğrundakı döyüş ruhundan, Zəfərin mahiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər.
Pakistan
Qələbənin beşinci ildönümü münasibətilə Pakistanın paytaxtı İslamabad şəhəri Azərbaycan bayraqları ilə bəzədilib. Dost və qardaş ölkənin baş şəhərindəki bir çox mühüm binalar – Baş nazirin ofisi, parlament və Pakistan Ali Məhkəməsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar İslamabadda yürüş keçirilib. Pakistan Milli Abidəsi önünə toplaşan yüzlərlə adam “Yaşasın Azərbaycan–Pakistan qardaşlığı!”, “Azərbaycan, Pakistan, Türkiyə – 3 qardaş!”, “Bir millət, üç dövlət!” şüarlarını səsləndirib. Bundan başqa, İslamabadın küçələrində Pakistan, Azərbaycan və Türkiyə dövlət başçılarının portretləri asılıb.
Azərbaycanın şanlı Zəfərinin ildönümü münasibətilə paytaxt İslamabadın bütün əsas küçələrində Azərbaycan, Pakistan və Türkiyə bayraqları asılıb.
Norveç
Norveçin paytaxtı Oslo şəhərində Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər” adlı tədbir keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Azərbaycan Evi”nin, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Skandinaviya Azərbaycanlılarının Norveç Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə norveçlilər, azərbaycanlılar, türklər, ukraynalılar və digər xalqların icma nümayəndələri iştirak ediblər. “Azərbaycan Evi”nin rəhbəri Ramil Əliyev, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Norveç koordinatoru və NAYO-nun sədri Fariz Rzayev qeyd ediblər ki, Zəfərimiz bizi qürurlandırmaqla yanaşı, həm də güclü Azərbaycan amalı ətrafında birləşdirir.
Sonra tədbir konsert proqramı ilə davam edib. Səhnədə Əməkdar mədəniyyət işçisi Elçin Abbasov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilov, “7-ci TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev, rəqqasə Cəmilə Listkova və pianoçu Arvin Balanji çıxış ediblər. Norveçdə səfərdə olan teleaparıcı, Əməkdar artist Dilarə Əliyevanın Zəfərimizə həsr etdiyi monoloq tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Çexiya
Tarixi Zəfərimizin 5 illiyi münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən Praqa şəhərində təntənəli mərasim keçirilib. Mərasimdə Çexiyanın ictimai-siyasi, elmi və işgüzar dairələrinin nümayəndələri, Praqada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları və diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Səfir Yaşar Əliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarını işğaldan azad etməsindən milli qürur tarixi olan 8 Noyabr – Zəfər Gününün müasir tariximizdə müstəsna əhəmiyyətindən danışıb. O, Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə özünün ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirdiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Türkiyənin Çexiyadakı səfiri Metin Feyzioğlu, Pakistan səfiri Şehryar Akbar Xan və Macarıstanın səfiri Andras Baranyi çıxış ediblər. Səfirlər çıxışlarında təmsil etdikləri ölkələrin Azərbaycan ilə dost münasibətlərinə toxunaraq, Vətən müharibəsində qələbənin qəhrəmancasına mübarizə nəticəsində qazanıldığını vurğulayıb, Zəfər Günü, suverenliyin və ərazi bütövlüyünün bərpası münasibətilə xalqımız təbriklərini çatdırıblar.
Peru
Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb. Bu barədə Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Azərbaycanı özünə dost ölkə sayan Peru hökuməti Zəfər Günü münasibətilə özünəməxsus jestə imza atıb. Hökumətin xüsusi qərarı ilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni mərkəzi hesab olunan Miraflores rayonundakı bələdiyyə binası Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə işıqlandırılıb.
Belarus
“Zəfər Günü yalnız hərbi uğurun təntənəsi deyil, tarixi torpaqlarımızın azad edilməsi uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsinə olan ehtiramın ifadəsidir”. Bunu Azərbaycanın Belarus Respublikasındakı səfiri Məhərrəm Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Minsk şəhərində təşkil edilən rəsmi qəbuldakı çıxışında söyləyib.
Azərbaycanın Belarusdakı səfirliyinin 8 Noyabr–Zəfər Günü münasibətilə təşkil etdiyi tədbirdə əsas qonaq qismində Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov, eləcə də Belarus Respublikası Prezident Administrasiyasının Xarici siyasət idarəsinin rəisi Dmitri Mironçik, Belarus Parlamenti Respublika Şurasının Beynəlxalq əlaqələr idarəsinin rəisi Andrey Taranda, Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi Maksim Nesterenko, MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq Baş idarəsinin rəisi Maksim Straçko, Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin rəisi İvan Xrapunenko, MDB Baş katibinin birinci müavini İqor Petrişenko, müavini Nurlan Seytimov, Belarusda fəaliyyət göstərən diplomatik korpusun, ictimai, mədəni, işgüzar dairələrin nümayəndələri, diaspor rəhbərləri iştirak ediblər.
Daha sonra səfir son beş il ərzində işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışıb, bu ərazilərdə enerji təchizatının tam bərpa edildiyini, müasir şəhərlər və kəndlər yaradıldığını, təhsil müəssisələri və sənaye obyektlərinin tikildiyini bildirib və bu məqsədlə dövlət büdcəsindən 10 milyard ABŞ dollarından çox vəsait xərcləndiyini qeyd edib. Həmçinin 2025-ci ildə Xankəndi və Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə Görüşünə ev sahibliyi etdiyini, Laçının isə MDB-nin Mədəniyyət Paytaxtı olduğunu xatırladıb. MDB ölkələrinin Üçüncü Oyunlarının Azərbaycanın yeddi şəhərində, o cümlədən Xankəndidə baş tutmasını bu regiona həyatın, inkişafın və sülhün qayıdışının aydın sübutu kimi dəyərləndirib.
Tacikistan
Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə bağlı rəsmi ziyafət təşkil olunub. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxışında 5 il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan torpaqları 44 günlük hərbi əməliyyat nəticəsində azad eməsindən, bu qələbənin, həmçinin diplomatik fəaliyyət və informasiya üstünlüyünün nəticəsi olmasından danışıb.
Səfir tədbir iştirakçılarına Azərbaycanın üzləşdiyi mina problemi, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə də məlumat verib. O, 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcəyini, bu tədbirin Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsi və etibarlı tərəfdaş kimi nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Ə.Əskərov çıxışında bu ilin avqustunda Vaşinqtonda keçirilən Sammitə toxunaraq, orada əldə olunan nəticələrdən danışıb, Zəngəzur dəhlizinin (TRIPP) regional əlaqələri gücləndirəcəyini, beynəlxalq yükdaşımaları, enerji və rəqəmsal kommunikasiya imkanlarını artıracağını bildirib.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ




