Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən 5 il keçməsinə baxmayaraq, xalqımız zəfər dolu həmin günləri bu gün də qürurla xatırlayır. Bu o qələbədir ki, cəmi 44 günə qazanıldı və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalmış Hikmət kimi oğullarımızın sayəsində bu gün xalqımız qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır. Hikmət Hacıyev Şuşanın azad edildiyini eşidəndən sonra gülümsəyib və gözlərini əbədi yumub.
Böyük Zəfərlə bitən 44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. Son damla qanları, nəfəslərinədək savaşan yenilməz oğullar düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.
Hikmət Şubay oğlu Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açıb. Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 3 il Füzulidə xidmət edib. 2014-cü ildə kapitan hərbi rütbəsi alıb.
Azərbaycan Ordusunun kapitanı Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanıb. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra şəhid olub. Bir oğlu və bir qızı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən kapitan Hikmət Hacıyev ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olmasına görə" və "Füzulinin azad olmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin qardaşı İsmət Hacıyev qardaşının ağır yaralanmasına səbəb olan sonuncu döyüşündən də söhbət açır. Bildirir ki, erməni qəsbkarları onu Qaraxanbəylidəki döyüşlərdə boynundan ağır yaralayıblar: "Qardaşım yaralanana qədər onun bölüyündən heç bir hərbi qulluqçu şəhid olmayıb. Hər bir əsgərini öz övladı kimi çox istəyir, onları qoruyurmuş. Tabeliyindəki bölüklə birlikdə Qaraxanbəylidə düşmənin qəfil hücumu ilə üzləşib, mühasirəyə düşüblər. Döyüşərək mühasirəni yarıblar, tabeliyində olan bütün hərbi qulluqçuları güllə altından çıxarıb, özü bir əsgəri ilə sona qədər müqavimət göstərib. Bütün bunları bizə əsgərləri danışıb. Hamısı şəhid komandirlərindən razılıq edirdilər. Bildirirdilər ki, komandirləri öz həyatını təhlükəyə ataraq onların həyatını xilas edib. Yaralanandan sonra bir ay müddətində reanimasiyada qaldı. Çətinliklə nəfəs alırdı. Boğaz nahiyəsindən nəfəs aparatına qoşulmuşdu deyə, danışa bilmirdi. Noyabrın 8-də vəziyyəti daha da ağırlaşmışdı. Ailə üzvlərimizlə görüşüb Şuşanın işğaldan azad olunması xəbərini ona çatdırdıq. Bu sevincli xəbəri eşidən qardaşım gülümsədi, bir müddət sonra gözlərini bu həyata əbədi yumdu. Sanki canını tapşırmaq üçün bu günü, bu xəbəri eşitməyi gözləyirmiş. Şuşanın alındığını eşitdikdən sonra şəhidlik zirvəsinə ucaldı”.
Şəhidlər tarixdə, yaddaşlarda əbədi yaşayacaqlar. İllər, əsrlər keçsə də, daim anılacaqlar. Biz müstəqilliyimizin, istiqlalımızın, azadlığımızın carçısı olan şəhidləri ən səmimi duyğularla anırıq!
M.CƏFƏROV
XQ

