Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşü tarixi əhəmiyyət daşıyır. Bu görüş və imzalanan birgə bəyannamə regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq. Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək və bu, Prezident İlham Əliyevin prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyinun nəticəsidir. Çünki məhz Azərbaycan rəhbərinin qlobal arenada yürütdüyü düzgün hesablanmış və milli maraqlara söykənən siyasəti ABŞ kimi supergücün bölgəyə ədalətli baxışında müstəsna rol oynayıb.
2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan Donald Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyinin bölgə və dünya üçün daha sülhpərvər olduğunu bildirmişdi. Bunun ardınca isə Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açdı. Trampın Azərbaycan Prezidentinin fikirlərini öz səhifəsində paylaşması iki lider arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi idi. Elə Ağ Evdə qarşılanma və ikitərəfli danışıqlar zamanı Prezident İlham Əliyevin hər bir azərbaycanlının qürurla seyr etdiyi özgüvənli və qətiyyətli diplomatik davranışları da bunun göstəricisi idi. Bu baxımdan Azərbaycan liderinin ABŞ səfərinin uğurunu şərtləndirən faktlardan biri ədalətsiz 907-ci düzəlişin ləğvi və Azərbaycan–ABŞ münasibətlərində yeni dövrün əsasının qoyulmasıdır. 33 illik tarixə malik bu qərəzli sənədin tətbiqinin tam şəkildə dayandırılması Azərbaycan Prezidentinin növbəti siyasi qələbəsidir. Prezidentin Vaşinqtona səfərinin nəticələri əminliklə deməyə əsas verir ki, dövlətimizin qarşısında dayanan bir neçə strateji vəzifə öz həllini tapdı. Bu, bir daha Azərbaycan Prezidentinin güclü liderliyini, dövlətimizin beynəlxalq nüfuzunu təsdiq edir.
Eyni zamanda, bütün dünyanın diqqətində olan Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamə Cənubi Qafqazın tarixində yeni səhifə açır. Bu bəyannamə tam şəkildə Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş haqlarının ən yüksək səviyyədə və ən qarantlı şəkildə rəsmi təsdiqi idi.
Sənəddə xüsusi olaraq vurğulanmalı bir məsələ ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulmasıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanmış birgə müraciətlə Minsk qrupunun və ona bağlı bütün strukturların ləğvi təşəbbüsünə rəsmi start verilməsi, uzun illər ərzində heç bir nəticə verməyən, fəaliyyətsiz və artıq real vəziyyətə uyğun gəlməyən bu formatın tarixə qovuşduğunu göstərir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı illərdir ardıcıl və prinsipial mövqe nümayiş etdirərək bildirmişdi ki, Minsk qrupu artıq öz funksiyasını itirib və onun dirildilməsinə cəhdlər mənasızdır. Dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, münaqişə artıq həll olunub, Qarabağ problemi bağlanıb və Azərbaycan öz torpaqlarını özü azad edib. Belə olan halda, heç bir əsas qalmırdı ki, bu struktur formal olaraq belə saxlanılsın. Vaşinqtonda baş verən bu diplomatik qərar, cənab Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur.
Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir. Azərbaycan ilə Naxçıvan arasında birbaşa, maneəsiz əlaqənin təmin olunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq, Ermənistanın da bu prosesdən faydalanması nəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydaya əsaslandığını göstərir.
Ən önəmlisi isə budur ki, Prezident İlham Əliyevin illər əvvəl Zəngəzur dəhlizi ilə bağlı verdiyi vəd artıq reallaşma mərhələsinə qədəm qoyub. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bu, Zəngəzur dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Bu isə o deməkdir ki, Prezident D.Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq.
Sazişin paraflanması onun imzalanması istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi - Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir. Qeyd edək ki, Birgə Bəyannamədə sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməli olması barədə müddəa məhz Ermənistanın konstitusiya dəyişikliyinə aiddir. Sənəddə yekun sülh sazişinin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Ermənistanın uzun müddətdir ki, müxtəlif bəhanələrlə yayınmağa çalışdığı sülhün əldə olunmasıdır. Vətən müharibəsindən sonra Azərbaycan sülh gündəliyini təklif etmiş və bununla bağlı beş prinsip müəyyənləşdirmişdi. Ermənistan isə prosesi mümkün qədər ləngitməyə çalışırdı. Lakin məhz Azərbaycan Prezidentinin müdrik siyasəti, çevik, praqmatik diplomatiyası nəticəni müəyyən edən əsas amil oldu. 5 il öncə Vətən müharibəsində Azərbaycan qalib gəlmişdi. Ancaq bu son deyildi. Çünki qanla qazandığı nailiyyətləri diplomatiya masasında itirən dövlətlərə tarix boyu, elə günümüzdə də çox rast gəlinib. Azərbaycan isə savaş meydanında qazandığı zəfəri diplomatiya masasında əldə etdiyi nailiyyətlərlə tamamlamağı bacardı. Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticələrdir. Məhz İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi tarixi Zəfərimizin, böyük diplomat kimi isə tam qələbəmizin müəllifi oldu. Müharibədə qalib gəlmiş Komandan, ölkəmiz və bütün Qafqaz üçün sülhü də qazandı…
Fəzail İBRAHİMLİ,
Milli Məclisin deputatı