Azərbaycandan dünyaya uzanan media diplomatiyası

post-img

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev müsahibimizdir

Müsahibimi ətraflı təqdim etməyə ehtiyac olmasa da, bəzi avtobioqrafik məlumatları da çatdırmağı lazım bildim. 

1982–1987-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. Daha sonra mətbuat sahəsində çalışıb, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri olub. 80-ci illərin ortalarından Ermənistanda və Qarabağda soydaşlarımıza qarşı başlayan erməni terroruna biganə qalmamış, baş verən hadisələr barədə beynəlxalq ictimaiyyəti müxtəlif vasitələrdən istifadə edərək məlumatlandırmağa çalışmışdır. 1992-ci ildə də Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan nümayəndəliyində müxtəlif ölkələrin jurnalistləri ilə əsas məqsədi konflikt bölgələrindən obyektiv informasiyanın yayılmasına dəstək göstərmək və münaqişələrin törətdiyi problemləri aradan qaldırmaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondununu (BAMF) təsis etmişdir. 1996-cı ildən isə BMT agentlikləri və dünyanın aparıcı beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Qurucusu olduğu BAMF BMT-nin İqtisadi və Sosial şurasının (ECOSOC) ən yüksək statuslu üzvüdür. 2012-2016-cı illərdə Beynəlxalq Mətbuat İnstitutunun (IPI) direktorlar şurasının, 2013-2017-ci illərdə isə Beynəlxalq Sülh Bürosunun (IPB) Ali şurasının üzvü olan Umud Mirzəyev Azərbaycanda media və jurnalistika sahəsində, habelə, vətəndaş cəmiyyəti camiəsində nüfuzlu şəxslərdəndir. O, hazırda Azərbaycan Mətbuat Şurası idarə heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

- İlk sualım bu olacaq: Umud Rəhimoğlu 1980-ci illərdən media sahəsində fəaliyyət göstərir,  ən nüfuzlu qəzetlərindən birində - “Ədəbiyyat və incəsənət” qazetində sıravi müxbir kimi fəaliyyətə başlayan ədəbiyyat adamıdır. O həm də beynəlxalq qrumlardakı aktiv fəaliyyəti ilə seçilən şəxslərdəndir. Daha çox Siz kimsiniz?

- Açığı mənim də zaman-zaman üzərində dayandığım bir sualdır. Özümü bir çərçivəyə salmaq istəmirəm, çünki həyatım boyu çalışmışam ki, gördüyüm hər işi məsuliyyətlə, vicdanla edim — istər media, istər ictimai fəaliyyət, istərsə də ədəbiyyat sahəsində.

Əgər bu sualın cavabını bir sözlə ifadə etməli olsam, “mən söz adamıyam” deyərdim. Çünki həm jurnalistika, həm ədəbiyyat, həm də ictimai camiədə yerli və beynəlxalq platformalardakı fəaliyyətim sözə, informasiyaya və fikrə dayanır. Sözlə cəmiyyətə təsir göstərmək, reallığı çatdırmaq və gələcək üçün dəyərlər formalaşdırmaq mənim üçün həm peşə, həm də həyat fəlsəfəsidir.

Media mənə faktların arxasındakı həqiqəti görməyi öyrədib, ədəbiyyat isə bu həqiqəti ruhla, duyğu ilə ifadə etməyin yolunu göstərib. Vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq isə bu dəyərləri yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də paylaşmaq fürsəti verib. Qısası — mən həm jurnalist, həm yazıçı, həm də bir xalq diplomatıyam. Ən başlıcası isə mən bütün adlardan və titullardan üstün olan - Azərbaycan vətəndaşıyam.

- Mən mətbuat adamı olan Umud müəllimlə söhbət etmək istərdim. Həm ona görə ki, mətbuatımızın 150 illik yubileyini təzəcə yola saldıq, həm ona görə ki, uzun illər Azərbaycan Mətbuat Şurasının üzvü və sədr müavini olmusunuz. Həm rəhbərlik etdiyiniz beynəlxalq fondun adında da mətbuat sözü var və s. Bu illər ərzində Azərbaycan mediasında hansı əsas dəyişikliklərin şahidi olmusunuz?

 - Çox dəyərli və vaxtında verilmiş sualdır. Azərbaycan mətbuatı bu gün 150 illik bir tarixin daşıyıcısıdır və bu tarix təkcə say deyil – burada mübarizə var, düşüncə var, azadlıq arzusu və milli oyanış var. Mənim mətbuata gəldiyim dövr – 1980-ci illərin əvvəli idi. Bu, hələ sovet ideologiyasının sərt senzura mexanizmləri ilə işlədiyi bir dövr idi. O vaxt jurnalist informasiyanı yox, ideologiyanı ötürürdü. Yəni biz faktın deyil, qəlibin içində fəaliyyət göstərirdik. Amma bütün çətinliklərə baxmayaraq, jurnalistikanın peşəkarlığı və etikası yüksək idi – məsuliyyət və sözə hörmət var idi.

1990-cı illər isə tamamilə başqa bir mərhələ idi – müstəqilliklə birlikdə mətbuat azadlığını da qazandıq. Cəmiyyətin nəfəs almağa, sözünü deməyə ehtiyacı vardı və jurnalistika bu ehtiyacın əsas tribunasına çevrildi. Amma bununla yanaşı, hüquqi bazanın olmaması, iqtisadi qeyri-sabitlik və jurnalistlərin sosial təminatsızlığı bir çox problemləri də özü ilə gətirdi. 

2000-ci illərdən etibarən artıq media strukturlaşmağa başladı. Azərbaycan Mətbuat Şurasının yaradılması bu baxımdan dönüş nöqtəsi oldu. Mən həmin dövrdə bu proseslərin içində olmuşam. Media etikasının təşviqi, “reket jurnalistikası”na qarşı mübarizə, ictimai medianın formalaşması, beynəlxalq əməkdaşlıq — bütün bunlar bu mərhələnin əsas meyarları idi.

Son 10-15 ildə isə yeni media reallığı ilə üz-üzəyik. Sosial şəbəkələr, onlayn platformalar, bloqlar informasiya məkanını tamamilə dəyişdi. Bu həm imkanlar yaratdı, həm də problemlər. Dezinformasiya, “klik iqtisadiyyatı”, etik sərhədlərin itməsi… Yəni indi jurnalist təkcə yazı yazan yox, informasiya müharibəsinin döyüşçüsünə çevrilib. 

Yekun olaraq deyə bilərəm ki, bu 40 ildən artıq dövrdə Azərbaycan mediası senzuralı, ideoloji sistemdən keçərək, sərbəst və rəqabətli, amma eyni zamanda çağırışlarla dolu bir informasiya cəmiyyətinə doğru irəlilədi. Və biz hələ də bu yolda yeni mərhələyə keçməkdəyik: daha məsuliyyətli, daha savadlı və cəmiyyətə qarşı daha cavabdeh jurnalistikaya doğru.

- Siz ədəbiyyat sahəsində də kiyayət qədər tanınırsınız, eyni zamanda AYB-in də üzvüsünüz. Ədəbiyyat və  jurnalistika arasındakı  vəhdəti necə qiymətləndirərdiniz?

- Ədəbiyyat və jurnalistika bir-birindən ayrı sahələr kimi görünsə də, əslində onların ruhu, mahiyyəti və məqsədi çox oxşardır – hər ikisi cəmiyyətlə ünsiyyət, insanla dialoq yaratmaq, zamanın ruhunu ifadə etmək missiyasını daşıyır. Əgər jurnalistika gündəmin və reallığın nəbzini tutmaqdırsa, ədəbiyyat onun daha dərin, daha fəlsəfi və emosional qatlarını təqdim edir. Ədəbiyyat sözə ruh, jurnalistika isə hərəkət verir. Əgər ədəbiyyat insanın daxili aləminə səyahətdirsə, jurnalistika cəmiyyətin nəbzini tutmaqdır. Amma hər ikisində əsas şərt – həqiqətə sədaqət və sözün gücünə inamdır.

Azərbaycanın ədəbiyyat və mətbuat tarixində bu vəhdətin gözəl nümunələri çox olub. Həsən bəy Zərdabidən tutmuş Cəlil Məmmədquluzadəyə, Məmməd Arazdan Elçin Əfəndiyevə qədər – onlar həm ədəbiyyatın, həm də jurnalistikanın yükünü çiyinlərində daşıyan simalar idilər. Jurnalist üçün ədəbi düşüncə tərzi həm dilin estetik istifadəsində, həm də mətnin təsir gücünün artırılmasında mühüm rol oynayır. Ədəbiyyat insana empati ilə yanaşmağı, onun daxili dünyasını hiss etməyi öyrədir. Bu isə jurnalistikanı quru informasiyadan ayıraraq onu oxucu ilə daha səmimi və təsirli bağlayan vasitəyə çevirir.

Eyni zamanda ədəbiyyat mənə jurnalistikanın sərhədlərini daha geniş görmək imkanı verib. Bəzən bir məqalə ilə çatdıra bilmədiyin hissi və ya həqiqəti bir bədii obrazla ifadə edə bilirsən. Bu mənada, düşünürəm ki, ədəbiyyat və jurnalistika bir-birini tamamlayan, bir-birinə nəfəs verən iki qoldur. Həm də  inanıram ki, peşəkar jurnalistika dərin ədəbi təfəkkürlə, dərin ədəbiyyat isə ictimai məsuliyyətlə daha güclü olur.

- Xeyli vaxtdır ki, təsiscisi olduğunuz Beynəlxalq Avrasiya Mətbuat Fondunun həm də rəhbərisiniz. BAMF-in əsas missiyası və fəaliyyət istiqamətləri hansılardır?

- Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) mənim üçün sadəcə bir təşkilat deyil – bu, ideyadan doğan, zamanla formalaşan və artıq beynəlxalq miqyasda nüfuz qazanmış bir missiyadır. BAMF-ı 1992-ci ildə təsis edəndə əsas məqsədim informasiya vasitəsilə dialoq qurmaq, münaqişələrin törətdiyi problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq və media diplomatiyasının gücündən sülh naminə istifadə etmək idi. O vaxtlar Azərbaycan ağır bir dönəmdən – müharibə və informasiya blokadasından keçirdi. Bu şəraitdə obyektiv informasiyanın yayılması və Azərbaycanın haqq səsinin çatdırılması həyati əhəmiyyət daşıyırdı. Bu gün isə BAMF fəaliyyətini çoxşaxəli şəkildə davam etdirir. Əsas missiyamız – sülhün, dialoqun və inkişafın təşviqidir. 

BAMF-un mühüm fəaliyyət istiqamətlərindən biri də insan hüquqlarının qorunması və ictimai maarifləndirmədir. Fond eyni zamanda vətəndaş cəmiyyəti institutlarının inkişafına dəstək göstərir və onların iştirakçılığını gücləndirmək üçün layihələr həyata keçirir. Qaçqın və məcburi köçkünlərin sosial reinteqrasiyası, təhsil və səhiyyə sahəsində humanitar proqramlar da BAMF-un fəaliyyət dairəsinə daxildir. Yəni BAMF bir tərəfdən informasiya dövrünün çağırışlarına cavab verən media platformasıdır, digər tərəfdən isə sosial-humanitar layihələrlə, vətəndaş cəmiyyəti təşəbbüsləri ilə məşğul olan fəal bir beynəlxalq aktordur. Və mənim üçün ən önəmlisi odur ki, bu fəaliyyətlər hər zaman Azərbaycanın milli maraqlarına, sülhə, ədalətə və insan ləyaqətinə xidmət edir.

- Umud müəllim, sizi uzun illərdir mütamadi olaraq  BMT və digər beynəlxalq təşkilatların tribunalarında görməkdəyik. Beynəlxalq tərəfdaşlıq və təmsilçilik missiyalarınızdan danışın. 

- Beynəlxalq tərəfdaşlıq və təmsilçilik mənim üçün sadəcə iştirak və görünürlük deyil – bu, Azərbaycanın səsini, həqiqətlərini və dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq missiyasıdır. Uzun illərdir ki, BMT başda olmaqla bir sıra nüfuzlu beynəlxalq təşkilatların tribunalarında çıxış etmək, debatlarda iştirak etmək və müxtəlif proqramlarda tərəf kimi yer almaq imkanım olub. Bu imkanlar, əlbəttə ki, təsisçisi və rəhbəri olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) beynəlxalq nüfuzu və fəallığı sayəsində mümkün olub.

BAMF 1996-cı ildən BMT qurumları ilə əməkdaşlıq edir, 2013-cü ildən isə BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında ən yüksək – Əsas məşvərətçi statusa malikdir. Bu status bizə həm BMT tədbirlərində iştirak hüququ verir, həm də hesabat vermək, tövsiyə hazırlamaq və müvafiq sənədlərə rəy bildirmək imkanı yaradır. Mən bu imkanlardan Azərbaycanın reallıqlarını obyektiv və əsaslı şəkildə çatdırmaq üçün daim istifadə etmişəm. Xüsusilə mina təhlükəsi, məcburi köçkünlərin vəziyyəti, informasiya müharibəsi və sülh quruculuğu məsələlərini mütəmadi gündəmə gətirmişik. Həmçinin, 25 ilə yaxındır ki, mina təhlükəsi ilə mübarizə proqramında yer almşıq və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas QHT tərəfdaşlarından biriyik.

Bununla yanaşı, UNESCO, UNICEF, UNDP, UNHCR, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər qurumlarla da əməkdaşlığımız olub. Biz həm beynəlxalq forumlarda iştirak etmişik, həm də birgə layihələr icra etmişik. Mən şəxsən Beynəlxalq Mətbuat İnstitutu (IPI) və Beynəlxalq Sülh Bürosunun (IPB) rəhbər orqanlarında təmsil olunmuşam, bu platformalarda Azərbaycan ictimai sektorunun səsini, xüsusilə də Qarabağ məsələsində informasiya ədalətinin bərpası ilə bağlı arqumentləri səsləndirmişəm.

Mən beynəlxalq təmsilçiliyə rəsmi bir diplomat kimi deyil, xalq diplomatı, vətəndaş cəmiyyəti nümayəndəsi, bir jurnalist, bir azərbaycanlı kimi yanaşıram. Hər dəfə tribunaya qalxanda çalışıram ki, sözüm arqumentli olsun, lakin duyğusuz olmasın. Çünki bizim məsələlərimiz təkcə faktlardan ibarət deyil – bu, xalqımızın ağrısı, mübarizəsi və haqlı duruşudur. Mənim və BAMF-ın beynəlxalq müstəvidəki rolu da məhz bu duruşu prinsipial və peşəkar şəkildə təmsil etməkdən ibarətdir.

- BAMF-un beynəlxalq təşkilatlar və beynəlxalq media qurumları ilə əməkdaşlığı necə qurulub? 

- BAMF-un beynəlxalq təşkilatlar və media qurumları ilə əməkdaşlığı uzunmüddətli, məqsədyönlü və dəyərlərə əsaslanan bir model üzərində qurulub. Əsas məqsədimiz həm Azərbaycanın haqq səsini beynəlxalq müstəvidə çatdırmaq, həm də jurnalistikanın sülh, təhlükəsizlik və inkişaf naminə oynaya biləcəyi rolu önə çəkmək olub.

Media sahəsində əməkdaşlığımız isə daha genişdir və illərlə qurulan peşəkar etimada söykənir. Əl Cəzirə (Al Jazeera) ilə əməkdaşlığımız xüsusilə münaqişə və post-münaqişə dövründə intensiv olub. Onların müxbir heyətinə sahədə dəstək verməklə yanaşı, yerli jurnalistlər üçün təhlükəsizlik və obyektivlik təlimləri də keçmişik.

Bundan əlavə, BBC, CNN, TRT, Deutsche Welle, və digər beynəlxalq media qurumları ilə əməkdaşlığımız olub. Onların regionda obyektiv fəaliyyət göstərə bilməsi üçün sahə səfərləri, informasiya təminatı, yerli tərəfdaşlarla əlaqələndirmə və təhlükəsizlik brifinqləri təmin etmişik.

Xüsusi olaraq qeyd etmək istərdim ki, mən 2012–2016-cı illərdə Beynəlxalq Mətbuat İnstitutunun (IPI) direktorlar şurasının üzvü olmuşam. Bu qurumla əməkdaşlığımız çərçivəsində Azərbaycanda ifadə azadlığı, media etikası və jurnalist təhlükəsizliyi məsələlərinə dair tədbirlər keçirmişik. Həmçinin, Avropa Jurnalistlər Federasiyası (EFJ) və digər regional media şəbəkələri ilə də təmaslarımız olub. Bu əməkdaşlıqlar sayəsində biz həm Azərbaycan jurnalistlərini beynəlxalq platformalara çıxarmış, həm də beynəlxalq medianın bölgəmizdə etibarlı fəaliyyətinə şərait yaratmışıq.

Bir sözlə, BAMF-un bu sahədəki fəaliyyəti sadəcə beynəlxalq əlaqə qurmaq deyil – platformalararası körpülər salmaq, medianın daha məsuliyyətli və təhlükəsiz fəaliyyətinə şərait yaratmaq və Azərbaycan həqiqətlərini obyektiv, peşəkar və qlobal dildə danışmaq missiyasına xidmət edir.

-Bir vaxtlar, daha doğrusu Vətən müharibəsi dövründə münaqişə zonalarında jurnalist təhlükəsizliyi ilə bağlı təşəbbüslərinizi tez-tez eşidərdik…

- Bəli, çox doğru xatırladırsınız. Vətən müharibəsi dövründə jurnalist təhlükəsizliyi məsələsi bizim fəaliyyətimizin əsas prioritetlərindən birinə çevrildi. Çünki informasiya müharibəsinin də ən kəskin mərhələsi məhz həmin dövrdə yaşanırdı və jurnalistlər — istər yerli, istərsə də beynəlxalq — cəbhə bölgəsində həyatlarını riskə ataraq, həqiqətləri dünyaya çatdırmağa çalışırdılar.

BAMF olaraq biz bu sahədə həm qabaqlayıcı təşəbbüslər, həm də təhlükə anında operativ dəstək verdik. Xüsusilə də münaqişə zonasında çalışan jurnalistlər üçün təhlükəsizlik brifinqləri, mina riski ilə bağlı maarifləndirici təlimlər, qısa sahə protokolları və davranış qaydaları hazırladıq. Bu təşəbbüslər ANAMA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilirdi və sahəyə çıxan hər bir media nümayəndəsinə real fayda verdi.

BAMF olaraq münaqişə bölgələrində çalışan jurnalistlər üçün təhlükəsizlik protokollarının hazırlanması, risk qiymətləndirmə təlimləri, ilk tibbi yardım və ekstremal şəraitdə davranış üzrə treninqlər təşkil etmişik. Bu təlimlərdə yerli və xarici ekspertlərin iştirakı ilə jurnalistlər real vəziyyətlərə hazırlıq baxımından praktiki biliklər qazanıblar.

Bundan əlavə, biz BMT, UNESCO, Beynəlxalq Mətbuat İnstitutu və Əl Cəzirə Media Şəbəkəsi kimi beynəlxalq təşkilatlarla birgə layihələr çərçivəsində “Münaqişə zonalarında medianın rolu və etikası” mövzusunda konfranslar, seminarlar keçirmişik. Bu tədbirlərdə təkcə təhlükəsizlik məsələləri deyil, həm də obyektiv informasiya ötürülməsi, dezinformasiyanın qarşısının alınması və münaqişələrin sülh yolu ilə tənzimlənməsi kontekstində medianın rolu müzakirə olunub.

Eyni zamanda, 2021-ci ildə Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin faciəsi fonunda, biz bir daha beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltdik. BAMF bu hadisədən sonra "Mina təhlükəsinə qarşı jurnalistlərin qorunması üzrə çağırış bəyanatı" yayaraq, beynəlxalq təşkilatları və hökumətləri bu sahədə məsuliyyət daşımağa çağırdı.

Hazırda biz işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi maarifləndirici layihələr və koordinasiya mexanizmləri üzərində işləyirik. Məqsədimiz odur ki, jurnalistlər həm informasiya toplamaq azadlığını yaşasın, həm də bu fəaliyyəti təhlükəsiz mühitdə həyata keçirsinlər.

- Azərbaycanın beynəlxalq imicinin formalaşmasında və vətəndaş cəmiyyətinin inkişafında BAMF-un rolu nə qədər əhəmiyyətlidir?

 - Əslində, bu suala bizim tərəfimizdən cavab verilməsi bir qədər təvazökarlıqdan uzaq görünə bilər. Beynəlxalq Avrasiya Mətbuat Fondu yarandığı gündən  yalnız media sahəsində deyil, həm də vətəndaş cəmiyyəti institutlarının formalaşması və Azərbaycanın beynəlxalq imicinin müsbət yöndə təqdim olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Əvvəla, BAMF-un əsas missiyalarından biri Azərbaycanda demokratik institutların güclənməsinə və ictimai iştirakçılığın artırılmasına töhfə verməkdir. Bu məqsədlə biz QHT-lərin şəbəkələşməsi, ictimai dialoqun təşviqi və yerli təşəbbüslərin beynəlxalq platformalara çıxarılması üçün genişmiqyaslı layihələr həyata keçirmişik. Xüsusilə postmünaqişə dövründə vətəndaş cəmiyyəti institutlarının bərpa və barış prosesinə inteqrasiyası bizim fəaliyyətimizin əsas istiqamətlərindən birinə çevrilib.

Eyni zamanda, biz münaqişə və post-münaqişə kontekstində Azərbaycan həqiqətlərinin, xüsusilə işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntıların, mədəni irsə qarşı vandalizmin sənədləşdirilməsi və beynəlxalq auditoriyaya çatdırılması istiqamətində ciddi işlər görmüşük. Hazırladığımız hesabatlar, foto-sərgilər və təqdimatlar beynəlxalq təşkilatlar tərəfindən maraqla qarşılanıb və müxtəlif rəsmi sənədlərdə öz əksini tapıb.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə tərəfimizdən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi bu sahədə atılan konkret addımlardan biridir. Layihənin əsas məqsədi yerli vətəndaş cəmiyyəti institutlarının beynəlxalq platformalarda, xüsusilə BMT müstəvisində təmsilçilik imkanlarını artırmaq, onların qlobal proseslərə inteqrasiyasını dəstəkləməkdir.

Yekun olaraq deyə bilərəm ki, BAMF həm lokal səviyyədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verən, həm də qlobal miqyasda Azərbaycanın haqlı mövqeyini müdafiə edən mühüm bir təşkilatdır. Bu missiyanı davam etdirmək bizim üçün yalnız peşəkar deyil, həm də mənəvi məsuliyyətdir.

- Bu günümüzdə çox aktual olan bir məsələyə də münasibətinizi bilmək istərdim:  medianın dezinformasiyaya qarşı mübarizəsini dəyərləndirin və sizin  rəhbərlik etdiyiniz qurum bu sahədə hansı addımları atır?

- Bu günkü informasiya cəmiyyətində dezinformasiya və saxta xəbərlərin sürətlə yayılması, yalnız jurnalistika üçün deyil, ümumilikdə ictimai sabitlik, sosial etimad və milli təhlükəsizlik üçün də ciddi təhdid yaradır. Media qurumları bu təhlükəyə qarşı daha çox tənzimləmə, maarifləndirmə və faktların yoxlanması yönündə fəaliyyət göstərməyə məcburdur.

Beynəlxalq Avrasiya Mətbuat Fondu bu məsələdə bir neçə mühüm istiqamət üzrə sistemli və davamlı fəaliyyət həyata keçirir. BAMF olaraq qlobal media forumlarında Azərbaycanın təcrübəsini təqdim etməklə beynəlxalq informasiya təhlükəsizliyi təşəbbüslərinə dəstək veririk. "Media və informasiya savadlılığı" anlayışı cəmiyyətə daha geniş formada çatdırmağa çalışırıq.

BAMF medianın dezinformasiyaya qarşı mübarizəsini təkcə reaksiya yox, həm də qabaqlayıcı strategiya kimi qəbul edir. Fondun fəaliyyəti göstərir ki, bu məsələ ilə yalnız jurnalistlər deyil, bütün ictimaiyyət — vətəndaş cəmiyyəti, dövlət və beynəlxalq tərəfdaşlar birlikdə məşğul olmalıdır. Bu baxımdan, BAMF həm milli, həm də qlobal informasiya təhlükəsizliyi sahəsində önəmli bir tərəfdaş və fəal iştirakçı kimi çıxış edir. 

- Xankəndidə sayca 3-cü Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycanın Mətbuatının yubiley tədbirləri keçirilir. Son olaraq bununla bağlı da təəssüratlarınızı öyrənmək istərdik. 

- Şuşa Qlobal Media Forumu artıq təkcə yerli deyil, beynəlxalq media təqviminin də önəmli hadisələrindən birinə çevrilməkdədir. Bu tədbirin bu il Xankəndidə keçirilməsi isə rəmzi baxımdan son dərəcə dərin və anlamlı idi. Çünki uzun illər informasiya müharibəsində erməni təbliğat maşını tərəfindən susdurulmuş, təhrif olunmuş bir coğrafiyada bu dəfə sözün, fikrin, həqiqətin səsi yüksəldi. Xankəndidə keçirilən bu Forum eyni zamanda göstərdi ki, Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, informasiya suverenliyini də bərpa edir. Bu, sadəcə texniki tədbir yox, media diplomatiyasının yüksək səviyyəli nümayişi idi. Dünyanın onlarla ölkəsindən gələn media nümayəndələrinin, tanınmış qələm sahiblərinin işğaldan azad olunmuş torpaqlarda bir araya gəlməsi Azərbaycanın qlobal informasiya müstəvisində mövqeyinin möhkəmləndiyinin əyani sübutudur.

Sonda fürsətdən istifadə edərək Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu gün – Milli Mətbuat Günü münasibətilə təltif olunan bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edirəm. Bu təltiflər yalnız fərdi peşəkar nailiyyətlərin deyil, bütövlükdə Azərbaycan jurnalistikasının ictimai inkişafda və milli maraqların qorunmasında oynadığı rolun yüksək qiymətləndirilməsidir. Arzu edirəm ki, media cameəsi bundan sonra da dövlətçilik mövqeyi, obyektivlik və ictimai məsuliyyət prinsipləri ilə fəaliyyətini davam etdirsin, sözün və informasiyanın gücü cəmiyyətin inkişafına xidmət etsin. Bütün təltif olunan həmkarlarımızı ürəkdən təbrik edir, yeni uğurlar arzulayıram

- Qlobal fəaliyyətinizi qısa bir müsahibə ilə əhatə etmək mümkün olmasa da, buna çalışdıq. Müsahibə üçün çox sağ olun.

Müsahibəni hazırladı:

Namiq Qədimoğlu

XQ

 

 

Müsahibə