Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) təşkilatlarının pestisidlərin sağlamlığa təsiri ilə bağlı hesabatlarına əsasən hər il dünyada təxminən 385 milyon insan pestisidlərdən zəhərlənir və bu zəhərlənmələr nəticəsində təqribən 11 min nəfər həyatını itirir. Hazırda bitkilərin və ağacların qorunmasında geniş istifadə edilən kimyəvi pestisidlər effektiv olmasına baxmayaraq, ətraf mühitə, torpaq və su sistemlərinə, eləcə də insan sağlamlığına ciddi mənfi təsirlər göstərir. Pestisidlərin uzunmüddətli istifadəsi nəticəsində torpağın keyfiyyəti aşağı düşür, su hövzələri çirklənir və ekosistemə ciddi zərər dəyir.
Bitki və ağacların ziyanvericilərdən qorunmasının alternativ metodlarının işlənməsi hal-hazırda çox aktual məsələlərdəndir. Bu istiqamətdə aparılan tədqiqat işlərindən biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) elan etdiyi 6-cı qrant müsabiqəsinin qalibi olan “Nanoörtüklər: bitki və ağacların ziyanvericilərə qarşı yeni qorunma metodu” adlı layihə uğurla başa çatmışdır. KOBİA-nın ayırdığı qrant vəsaiti və Bakı Dövlət Universiteti ilə AR ETN Genetik Ehtiyatlar İnstitutunun təşkilati dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri, nanotexnologiya üzrə gənc tədqiqatçı Aygül Novruzova lahiyə haqqında bildirib:
- Nanotexnologiya – maddələrin atom və molekul səviyyəsində manipulyasiyası vasitəsilə onların yeni xüsusiyyətlər əldə etməsinə imkan verir. Son illər nanotexnologiya yalnız sənaye və tibb sahəsində deyil, kənd təsərrüfatında da çevriliş yaradan innovasiyalardan biri kimi ön plana çıxır. Bu texnologiya bitki mühafizəsi, gübrələmə, torpaq bərpası və məhsuldarlığın artırılması sahəsində geniş tətbiq imkanları yaradır.
Layihə çərçivəsində nanohissəcik əsaslı maddələr sintez edilərək ziyanvericilərə qarşı təsiri araşdırılmışdır. Müəyyən olunmuşdur ki, nanotərkibli maddələr bitki səthi üzərində ziyanvericilərə qarşı dayanıqlı qoruma nümayiş etdirir və ziyanvericilərin inkişafının və bitkiyə zərər yetirməsinin qarşısını alır. Bu isə öz növbəsində bitki və ağacların inkişafına və məhsuldarlığın artmasına müsbət təsir göstərir. Laboratoriya və sahə sınaqları zamanı nanoörtüklərin istifadə edildiyi bitkilərdə ziyanvericilərin təsirinin əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunmuşdur. Eyni zamanda məhsuldarlıqda artım, bitkilərin yarpaq və gövdə sağlamlığında müsbət dəyişikliklər qeydə alınmışdır. Bu nəticələr layihənin real təsirini və tətbiq imkanlarını nümayiş etdirir. Gələcəkdə layihənin genişləndirilməsi üçün müvafiq elmi-tədqiqat institutları, kənd təsərrüfatı qurumları və sahibkarlarla əməkdaşlıqların qurulması nəzərdə tutulur. Eyni zamanda nanoörtüklərin tərkibinin təkmilləşdirilməsi və müxtəlif bitki növlərinə uyğunlaşdırılması istiqamətində əlavə tədqiqatlar aparılması planlaşdırılır.
XQ