Çin Elmlər Akademiyasının tədqiqatçıları insan orqanizminin yaşlanmasının tədricən deyil, dalğavari xarakter daşıdığını və təxminən 50 yaşda ciddi dönüş nöqtəsinin baş verdiyini müəyyən ediblər. Bu nəticələr nüfuzlu "Nature" jurnalında dərc olunan araşdırmada təqdim olunub.
Araşdırma çərçivəsində 14 yaşdan 68 yaşadək olan 76 nəfərin səkkiz əsas orqan sistemi təhlil edilib. Alimlər 45-55 yaş aralığında orqanizmdə ciddi bioloji dəyişikliklərin baş verdiyini müşahidə ediblər. Ən böyük dəyişikliklər isə ürək-damar sistemində, xüsusilə də aortada qeydə alınıb. Qeyd edək ki, aorta — insan bədəninin əsas qan damarı — daxili orqanların oksigen və qida ilə təminatında mühüm rol oynayır.
Tədqiqatçılar hesab edirlər ki, insan bədəni bir yaşdan digər yaşa tədricən deyil, bəlli dövrlərdə “bioloji dönüş nöqtələri” ilə qocalır. Bu nöqtələrdə orqanizmdə kəskin və sürətli dəyişikliklər baş verir. Xüsusilə qan damarlarının, yaşlanmanı tətikləyən maddələrin orqanizmə yayılmasında əsas vasitəçi olduğu güman edilir.
Alimlərin fikrincə, bu kəşf yaşla bağlı xəstəliklərin daha erkən mərhələdə müəyyənləşdirilməsinə və profilaktikasına imkan yarada bilər. Bioloji dəyişikliklərin ritmini anlamaq, gələcəkdə insan ömrünü uzatmaq və sağlam qocalmanın yollarını tapmaq baxımından böyük əhəmiyyət daşıyır.
Bu nəticələr bir daha təsdiqləyir ki, qocalma bərabər paylanmır. Əksinə, bəlli yaş mərhələlərində orqanizmdə metabolik və struktur dəyişikliklər sıçrayışla baş verir. 45–55 yaş dövründə ürək-damar sistemində, endokrin sistemdə və hətta immunitetdə müşahidə olunan dəyişikliklər ciddi xəstəliklərin başlanğıc nöqtəsi ola bilər. Bu səbəbdən profilaktik müayinələrin və sağlam həyat tərzinin məhz bu yaş aralığında daha çox diqqətə alınması vacibdir. Mütəxəssislər onu da qeyd edirlər ki, belə tədqiqatlar gələcəkdə fərdi genetik məlumatlara əsaslanan "ağıllı sağlamlıq planları"nın hazırlanmasına yol aça bilər.
Orqanizmə qulluq üçün 50+ yaşdan sonra 7 əsas məsləhət
- Fiziki aktivlik: Həftədə azı 150 dəqiqə orta səviyyəli hərəkət (məsələn, sürətli gəzinti) orqanizmin qan dövranını gücləndirir və damar elastikliyini qoruyur.
- Antioksidant zəngin qidalanma: Tərəvəz, meyvə, balıq, zeytun yağı və yaşıl çay qocalmanı yavaşladan maddələrlə zəngindir.
- Su balansı: Gündə azı 1,5–2 litr təmiz su içmək hüceyrələrin yenilənməsi üçün vacibdir.
- Yuxu rejimi: Gecə 6–8 saat keyfiyyətli yuxu sinir sistemi və hormon tarazlığı üçün əvəzolunmazdır.
- Stresə nəzarət: Xroniki stres qocalmanı sürətləndirən əsas amillərdən biridir. Meditasiya, nəfəs məşqləri və təbiətdə vaxt keçirmək faydalıdır.
- Əqli fəaliyyət: Kitab oxumaq, yaddaş oyunları və öyrənmə beyin plastikasını qorumağa kömək edir.
- Müntəzəm tibbi nəzarət: Həkimə yalnız xəstəlik halında deyil, illik profilaktik yoxlanış məqsədilə də müraciət edin.
S.ELAY
XQ