Qürurun zirvə günü

post-img

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş Azərbaycanın tərcümeyi-halında ən mühüm, ən şərəfli səhifələrdən biridir. Zəfər və əzmimizin siyasət meydanında qürurla taclandırılan zirvə məqamıdır. Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüd­dətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişiylə başlamışdı. Ağ Evdə baş tutan bu üçtərəfli görüş Prezident Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı ilə oldu.

Görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin prin­siplərini müəyyən edən birgə bəyannamə­nin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Bu görüş əlbəttə ki, Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də Azərbay­can–Ermənistan sülh prosesində yeni bir mərhələnin başlanğıcına çevrildi. Xüsusilə, Azərbaycan və ABŞ liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ti­carət və təhlükəsizlik sahələrində əmək­daşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması irəli doğru in­kişaf üçün çox mühüm addım sayılmalıdır. ABŞ-ın Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı ölkə başçımıza, Azərbaycan xalqına qarşı ən qiymətli, ən mühüm jest­lərdən biridir.

Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinya­nın imzaladığı Birgə Bəyannamə dünya ta­rixinin ən nadir hadisələrindəndir. Arxada 30 ildən artıq işğal dönəmi, müharibə ağ­rıları, tökülən qanlar, axıdılan göz yaşları. Nəhayət, bunların sonuclanma mərhələsin­dəyik. Şəhid oğullarımızın ruhu şad olsun!

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bildirirdi ki, əsas prin­siplər razılaşdırılıb paraflandıqdan sonra tam sülh müqaviləsi üzərində işə başlamaq mümkündür. Vaşinqtonda imzalanacaq bir­gə bəyanat bu baxımdan mühüm strateji və geriyə yol qoymayan bir addımı ifadə elə­yir. Bu bəyannamə həm də Cənubi Qafqaz xalqlarının həyatında ən yeni mərhələnin başlanğıcı oldu.

Sülh gündəmindəki ən çətin məsələlər­dən biri Zəngəzur dəhlizi adlandırılan Nax­çıvana quru bağlantı mövzusu idi. Azər­baycan illərdir tələb edir ki, Azərbaycanla Naxçıvan arasında Zəngəzur bölgəsindən keçən yol “maneəsiz” olmalı, yəni Ermə­nistanın heç bir sərhəd və gömrük nəzarəti tətbiq etməməsi təmin edilməlidir. Dünənki tarixi görüş, Azərbaycan ilə Naxçıvan ara­sında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur.

Minsk qrupu uzun illər Qarabağ mü­naqişəsinin vasitəçisi olsa da, zəfərimizi qazandığımız 2020-ci ildən sonra artıq gərəksiz və faydasız olduğu göz önündə idi. Nəhayət, ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə məktub ünvanlandı. Həm­çinin 2026-cı ildə keçiriləcək referendum­la Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddiala­rının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq.

Azərbaycan və Ermənistan xarici iş­lər nazirləri tərəfindən sülh sazişinin mət­ninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Parafla­ma müqaviləni imzalama ilə eyni olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan indi yekun və dayanıqlı sülhün bir addımlığındadır.

Bütün bunlar Azərbaycan Respublika­sı Prezidenti İlham Əliyevin illərdən bəri apardığı dürüst, ləyaqətli, uzaqgörən si­yasətinin şərəfli yekunudur. İlham Əliyev bəşər tarixinin sülhə, harmoniyaya xidmət edən unikal liderlərindən oldu. Xalqına zəfərlə bərabər beynəlxalq miqyasda sözün çəkisi necə olur, - bunun qürurunu yaşatdı. Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü – İlham Əliyev bu əzmlə ən uzaq ta­rixləri yaxına gətirdi, ən əlçatmaz arzuları reallığa çevirməyi bacardı. Və bu yaxınla­şan uzaqlıqlardan artıq açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür.

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Siyasət