Prezident İlham Əliyevə münasibət amili
Hazırda Prezident İlham Əliyevin ABŞ-a səfəri fonunda müzakirə edilən başlıca məsələlərdən biri də Birləşmiş Ştatların Prezidenti Donald Trampın ölkəmizin liderinə münasibətidir. Bəri başdan deyək ki, münasibət yüksək səviyyədədir və fikrimizin təsdiqi baxımından bir çox məqamların üzərində dayanmaq mümkündür. Ancaq əvvəlcə başqa nüansa diqqət yetirək.
Məlumdur ki, cənab Tramp ilk dəfə ABŞ prezidenti olduğu 2017–2021-ci illərdə bir çox dünya lideri ilə münasibətlərində qeyri-adi, bəzən diplomatik etiketdən uzaq kimi qiymətləndirilən davranışlarla yadda qalıb. Məsələn, o, Almaniyanın sabiq Kansleri Angela Merkelin əlini sıxmaqdan imtina etmişdi. Bu mənada Fransa Prezidenti Emmanuel Makronla bağlı durum bir qədər fərqlidir. Tramp fransalı həmkarının əlini o qədər uzun müddət, özü də möhkəm sıxılmış halda saxlamışdı ki, həmin səhnəyə əl sıxmaq döyüşü də deyilir. Amma bu, hələ son deyil. ABŞ lideri NATO sammiti zamanı Makronu əməlli başlı aşağılamışdı. Belə ki, birinci ikincini təhqirə yaxın şəkildə tənqid etmiş, Fransanın ümumi maraqlar naminə daha çox pul xərcləməli olduğunu bildirmişdi. Təfərrüatlara varmadan onu da deyək ki, ABŞ Prezidentinin Kanadanın baş nazirinə xoşagəlməz qiymətləndirilən münasibəti də olub, Almaniyanı Rusiyanın əsiri qismində qələmə verdiyi vaxtlar da.
Cənab Trampın qeyri-adi davranışlarına hansısa formada haqq qazandırmaq niyyətindən uzağıq. Amma onu deməliyik ki, Birləşmiş Ştatlar lideri, loru dildə desək, kimə nə etdiyini, kiminlə nə cür, hansı formada davrandığını yaxşı bilir. Heç şübhəsiz, hamını tanıyır, hər kəsdən xəbərdardır. Elə götürək, Makronu. Belə bir avantüristə, Fransa adına rüsvayçılıq olan şəxsə necə normal yanaşasan? Eləcə də Makronun dirijor çubuğu ilə hərəkət edən Avropanın bir çox rəhbərlərini saya salmaq vaxt itkisindən başqa bir şey deyil. Tramp üçün isə vaxt qızıldır. Bütün bunlara görədir ki, dünyada Trampın ayrı-ayrı ölkə başçılarına münasibəti ayrıca müzakirə mövzusudur.
Əlqərəz, Prezident Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökuməti arasında Anlaşma Memorandumunun imzalanması zamanı Prezident İlham Əliyevə xitabən “Xalqınız böyük xalqdır”, “Siz böyük lidersiniz” dedi. Birləşmiş Ştatlar liderinin ölkəmizin başçısına münasibətinin daha parlaq təzahürünə nəzər salaq: “Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.
Ümumən Ağ Evin rəmzi açarlarının təqdim edildiyi dövlət başçılarının sayı çox az olar. Hər halda, bununla bağlı məlumata təsadüf edilmir. Cənab Trampın iltifatına gəlincə, onun xoş sözləri Prezident İlham Əliyevin şəxsində, ümumən, Azərbaycan xalqına ünvanlanıb. Çünki Ağ Ev rəhbəri xalqımızın keçdiyi ağır məşəqqətlərdən agahdır. Məşəqqətlərdən və çətinliklərə sinə gərmək, düşdüyü ağır durumla, işğalla barışmamaq əzmindən də həmçinin. Bu, son dərəcə mühüm amildir. Nəzərə alaq ki, dünya, hər bir halda, güc dünyasıdır. Azərbaycan haqqı və ədaləti güc yolu ilə bərqərar edib. Ölkəmizdə heç yerdə olmayan, səmimi əsaslara malik xalq-iqtidar vəhdəti var. Belə bir vəhdət yalnız yüksək dəyərə layiqdir. Prezident Tramp məhz həmin dəyəri ifadə etdi. Meydana ritorik sual çıxır: Məsələn,Fransada, yaxud Qərbin hansısa ölkəsində oxşar durum varmı?
Bəli, Azərbaycandakı xalq-iqtidar vəhdəti özlüyündə ənənədir. Bu ənənənin banisi Ulu öndər Heydər Əliyevdir. Prezident İlham Əliyev isə onu inkişaf etdirərək, ideoloji əsasları daha da möhkəmləndirib, dolğun məfkurəvi struktur formalaşdırıb. Xalq-iqtidar vəhdəti özünün ən parlaq təcəssümünü 44 günlük Vətən müharibəsində göstərdi. Heç şübhəsiz, okeanın o tayında mərd övladlarımızın savaş qəhrəmanlığından yaxşı xəbərdardırlar.
Cənab Trampın Prezident İlham Əliyevə müstəsna münasibəti kontekstində vurğulanmalı daha bir məqama diqqət yetirməzdən əvvəl dövlətimizin başçısının Vaşinqtonda ölkəmizin media vasitələrinə müsahibəsində dilə gətirdiyi bir fikrə nəzər salaq: “Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.
Məlum olduğu kimi, cənab İlham Əliyev Prezident Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişi ləğvindən söz açır. Bu düzəlişin 1992-ci ildə torpaqlarımızın işğalının yaşandığı bir vaxtda qəbul edildiyi məlumdur. Həmin vaxt ABŞ-dakı erməni lobbisinin səyləri ilə ərsəyə gəlmiş sənəd Azərbaycanın, guya, Ermənistanı blokadaya aldığı və buna görə ölkəmizin, bir növ, cəzalandırıldığı məntiqini rəhbər tutmuşdu. Bu məntiqin isə ölkəmizə qarşı görünməmiş ədalətsizlik payı var.
Prezident İlham Əliyevin diqqətə çatdırdığımız iqtibasdakı fikirləri “907”nin nümayişkəranə ləğvinin böyük siyasi jest mahiyyətini açıqlayır. Jestin müəllifi olan Tramp, eyni zamanda, ölkəsindəki anti-Azərbaycançı qüvvələri susdurur. Bu hərəkət Prezident İlham Əliyevli Azərbaycanın keçdiyi yola böyük dəyərdir. Heç şübhəsiz, bu dəyər də ölkəmizin liderinin şəxsinə olan yüksək münasibətdən qaynaqlanır.
Bu dəyərin nəticəsidir ki, hazırda Azərbaycan-ABŞ münasibətləri tamamilə yeni bir mərhələyə - strateji tərəfdaşlığa doğru inamla irəliləyir. Vaşinqtonda tərəfdaşlığın möhkəm təməli qoyuldu və məsələ barədə beynəlxalq aləmə müstəsna mesaj verildi. Əlbəttə, ən böyük mesaj Cənubi Qafqazda sülhdür. Sülhün isə cənab İlham Əliyevin təbirincə desək, dünyanın birinci dövlətinin möhtəşəm Prezidentinin real təminatı var.
Sonda yekun qənaətə gələrək deyək ki, Prezident Trampın Azərbaycan Prezidenti İlham Əliyevə yüksək səviyyəli münasibəti yeni mərhələyə qədəm qoymuş Bakı-Vaşinqton təmasları üçün mühüm və həlledici faktordur. Heç şübhəsiz, bu faktor gələcəyə hesablanmış yüksək dəyərdir. Elə bir dəyər ki, özündə dinamizmi və çevik fəaliyyət prioritetini birləşdirməklə, qlobal dəyişikliklərin təsirindən müdafiə potensialını və immunitetini daşıyacağı indidən şübhə doğurmur.
Əvəz RÜSTƏMOV
XQ