Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ zamanı uçan binanın dağıntıları altından iki nəfər çıxarılıb. Daha iki nəfərin axtarışları davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Sındırqı Bələdiyyə başçısı Serkan Sak verdiyi açıqlamada uçan bina ilə yanaşı digər məhəllələrdə də 10-dan çox tikilinin dağıldığını, kəndlərin təxminən 60-70 faizi ilə əlaqə qurulduğunu, bu bölgələrdə də dağılan bina və məscidlərin olduğunu, lakin indiyədək insan itkisinin qeydə alınmadığını deyib.
Ölkənin səhiyyə naziri Kemal Memişoğlu isə verdiyi açıqlamada yeraltı təkanlardan təsirlənən dörd vətəndaşın xəstəxanaya yerləşdirildiyi, onların həyati təhlükəsinin olmadığını deyib.