Onu ilk dəfə Filarmoniyanın səhnəsində şəhid pilot Rəşad Atakişievin xatirəsinə həsr edilmiş tədbirdə ifası zamanı tanıdım. Möhtəşəm ifa idi, mənə elə gəldi ki, o nə səhnəni hiss edir, nə də tamaşaçını. Yalnız şəhidin ruhu ilə söhbət edir, çatdırıb ona deyə bilmədiklərini danışır... Və o yanğı barmaqlarından pianonun dillərinə keçir, musiqiyə dönüb qulaqdan ruha axır.
Söhbət Almaniyanın Köln Musiqi Akademiyasının dosenti Toğrul Hüseynlidən və onun sənətindən gedir. Onunla Bakıda verəcəyi konsert ərəfəsində görüşüb müsahib olduq:
– Həyatım musiqi ilə bağlıdır. Deyilənə görə, 2 yaşımda Azərbaycan himnini dinləməklə əzbərdən oxumuşam. Güclü musiqi duyumum olduğunu hiss edən valideynlərim məni “Aysel” uşaq teatrının bədii rəhbəri bəstəkar Oqtay Zülfüqarovun yanına aparıblar. Onun uşaq mahnılarını ifa etmişəm, ilk ifam da “Toplan” mahnısı olub. O zaman klipi də çəkilmişdi.
Uşaq ikən iki dəfə Heydər Əliyev Sarayının səhnəsində çıxış etmişəm. Hər iki tədbirdə Ulu öndər də iştirak etmişdi. Sonra Bülbül adına Orta İxtisas Musiqi məktəbinə daxil olmuşam. 4 yaşım olanda indi sənətşünaslıq üzrə fəlsəfə doktoru olan bacım Könül dərs deyirdi. Bacımın sinfində ilk fortepiano dərsləri almağa başladım. Sonra ailəm qərara gəldi ki, bu işlə peşəkar məşğul olmalıyam. Bülbül adına orta İxtisas Musiqi məktəbində oxudum. Amma ilk müəllimim Könüldür, həmişə də inkişafıma dəstək verib.
Toğrul Bülbül adına Musiqi məktəbində Aynurə Qasımovanın sinfində oxuyub. Müxtəlif konsetlərdə, festivallarda, müsabiqələrdə çıxış edib. Ulu öndərin xatirəsinə həsr olunmuş respublika müsabiqəsində 1-ci dərəcəli mükafat alıb. İlk sənət sınağı isə 10 yaşında ikən Tiflisdə keçirilən pianoçuların beynəlxalq müsabiqəsi olub. Orada iki mərhələdə çıxış edərək, bürünc medala layiq görülüb. İstedadlı musiqiçi daha sonra dedi:
– Artıq 12 ildir ki, Almaniyada yaşayıram. 15 yaşımda Minskdə keçirilən festivalda iştirak edərkən dünya şöhrətli musiqiçi Vasili Lobanovla tanış olmuşdum. O mənə dedi ki, istedadlısan, amma yüksək təhsilə ehtiyacın var. Almaniyada musiqi dərsi alsan, qarşında böyük imkanlar açılar. Bu görüş mənim həyatımın dönüş nöqtəsi oldu. Bakı Musiqi Akademiyasında 1 il Oqtay Abasquliyevin sinfində təhsil aldıqdan sonra dövlət proqramı çərçivəsində Almaniyaya getdim. İlk məqsədim təhsilimi yüksək nəticələrlə başa vurmaq idi. Bakalavr mərhələsini əla nəticə ilə bitirdim. Eyni qayda ilə magistraturanı da başa vurdum.
Magistr təhsilinin ilk ilində Toğrul Ukraynada keçirilən beynəlxalq müsabiqədə 1-ci dərəcəli mükafata layiq görülüb. Həmin il Almaniyada müsabiqədə əsas mükafatı alıb:
– Müxtəlif müsabiqələrdə iştirak edərək, Azərbaycanı ən yüksək musiqi arenalarında təmsil etmək istəyirdim. 2012-ci ildə alman pianoşularının yarışında 5 finalçıdan biri oldum. O müsabiqənin tarixində mənə qədər 17 yaşında finalçı olmamışdı. Sonra ispan bəstəkarlarının müsabiqəsində Ferror şəhərində keçirilən 3 mərhələli yarışmada mükafatlara layiq görüldüm.
Toğrul doktorantura təhsilini Avstryada alıb. Hələlik ən böyük uğuru 2020-ci ildə Almaniyada pianoçuların XVI Motsart müsabiqəsində 1-ci dərəcəli mükafata layiq görülməsidir. Yaddaqalan konsertləri də çox olub. Niderland turnesi zamanı 3 şəhərdə, həmçinin Slovakiyanın paytaxtı Bratislavada verdiyi konsertlər buna misal ola bilər. Amsterdam filarmoniyasındakı konsert isə onun karyerasında zirvə sayıla bilər. Çünki orada dünyanın ən böyük musiqiçiləri çıxış edirlər. Toğrul Berlinin, Ştutqartın ən böyük salonlarında da gur alqışlar qazanıb. Bu konsertlərdən sonra xarici musiqi tənqidçiləri qəzetlərdə onun haqqında “Azərbaycanlı pianoçu qalib oldu” başlıqlı məqalələrlə çıxış ediblər. Bu barədə danışanda deyir ki, ölkəmizi təmsil etməyim ən böyük qürurumdur. Onun Azərbaycanda da çıxışları daim uğurlu olub.
– Özünüz kifayət qədər məşhurlaşmısınız. Bəs, Azərbaycan musiqisini Avropada necə tanıda bilmisiniz?
– Həmişə klassik musiqimizi təbliğ etməyə çalışmışam. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Cövdət Hacıyevin fortepiano üçün bəstələnmiş əsərlərini Avropa tamaşaçısına təqdim etmişəm. Tofiq Quliyevin “Qaytağı” əsərini də konsertlərimdə ifa etmişəm. Bizim böyük musiqi mədəniyyətimizi dünyada qədərincə tanıtmaq üçün özün də məşhur olmalısan. Qəbələ Beynəlxalq Musiqi Festivalında da böyük həvəslə çıxış etmişəm. Festivalın bədii rəhbəri, Xalq artisti, professor Fərhad Bədəlbəyli məni ora dəvət etmişdi. Mənim inkişafımda onun danılmaz rolu olub. Kölndə Musiqi Akademiyasının bir dosenti tələbələrinə, dostlarına, onu əhatə edən mühitə dogma musiqisini nə qədər tanıtdıra, sevdirə bilərsə, mən də o qədərini etməyə çalışıram.
– Bu yolda sizə uğurlar arzu edirik!
Ramilə QURBANLI
XQ