Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Hüseyn Cavid
Müxtəlif münaqişə və qarşıdurmalar məkanına çevrilən qədim evimiz Yer kürəsi barıt qoxusunda boğulur. Bəşər övladının təmiz hava ilə nəfəs ala bilməsi üçün qapı, pəncərə və nəfəslikləri taybatay açmaq gərəkdir. Eyni zamanda mədəni dəyərlərə istinadla öz aramızda dil tapmaq, ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq, ortaq məxrəcə gəlmək lazımdır.
Çağdaş dünyada müştərək mədəniyyətlərin yayılmasına və əhatə dairəsinin genişləndirilməsinə böyük ehtiyac var. Çünki məhz mədəniyyət vasitəsilə konsensus əldə etmək, işgüzar müzakirələr aparmaq mümkündür.
Artıq beynəlxalq aləmdə özünəməxsus mövqeyə malik türkdilli dövlətlərin və xalqların müxtəlif qurumlarının, tribunası olan Türk Dövlətləri Təşkilatının (TDT) da bu baxımdan zamanın diqtəsindən yarandığını desək, yanılmarıq. Amma hər hansı ittifaqın formalaşmasını vaxtın axarına buraxmaq, haçansa zəruri ehtiyacdan doğacağını düşünmək də sadəlövhlük olardı. Bundan ötrü mütləq gələcəyi görə bilən müdrik siyasətçi təşəbbüsü, qətiyyəti, ağsaqqal öyüdü əsasdır ki, bu ideyanın da müəllifi və şərəfli müssiya daşıyıcısı 100 illik yubileyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyev olub. Ümummilli liderimizin illər öncəki “Bir millət, iki dövlət” deyimi və bundan irəli gələn vəhdət konsepsiyası Azərbaycan–Türkiyə qardaşlığını möhkəmləndirdi, Orta Asiyadakı türk dövlətləri və dünya türksoyluları da adıçəkilən tandemin cazibəsində birləşməyə başladılar.
Aşkar həqiqətdir ki, bugünkü türk söz və iş birliyindən ilk növbədə həmin sferadakı ölkələr və xalqlar bəhrələnir, öz aralarındakı müxtəlif problemləri yoluna qoymağı bacarırlar. Bir misal: bildiyiniz kimi, “Parçala və hökm sür” işğalçı siyasəti Qərb imperializminin həmişə karına gəlib. Xəzərin o tayında da həssas nöqtələr kifayət qədərdir və qardaşlarımız arasına mütəmadi şəkildə nifaq toxumu səpilir. Əvvəllər Özbəkistanla Qırğızıstan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsində ciddi narahatlıqlar baş vermişdi. Rəsmi Daşkəndlə Bişkekin bu istiqamətdə ümumi razılıq əldə etməsində məhz TDT həmrəyliyi böyük rol oynadı.
30 ilə yaxın erməni quldurlarının işğalı altında inləyən torpaqlarımızın azadlığı naminə 44 günlük Vətən savaşımızda və sonrakı bərpa-quruculuq işlərində, 23 saatlıq lokal antiterror tədbirləri zamanı Ermənistanın himayədarlarının vay-şivəni zamanı da türk dövlətləri haqq mübarizəmizi dəstəklədilər. Elə Astanada Türk Dövlətləri Təşkilatının “Türk əsri” çağırışı altında X yubiley Zirvə görüşündə də bu məsələlərə işıq salındı. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu söylədi. Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərin təməlini təşkil etdiyini, Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini və bu gün beynəlxalq səviyyədə böyük siyasi çəkiyə, nüfuza malik olduğunu qürurla vurğuladı. Qarabağdakı bərpa proseslərində qardaş dövlətlərin əməli həmrəyliyini yüksək dəyərləndirdi: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan, Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür... Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq”.
Bəli, tarixin dərin qatlarından əzəmətli səsləri eşidilən, keşməkeşli, enişli-yoxuşlu yollardan keçib gələn möhtəşəm türk karvanı hər gün yeni-yeni qüvvələrlə böyüyür, qüdrətlənir, zənginləşir. Son 25-30 il isə xalqlarımızın, dövlətlərimizin taleyində xüsusi əhəmiyyət kəsb edən mühüm bir təşkilatlanma dövrüdür. Bir məsələ həqiqətdir ki, bütün bu sivil əlaqələr yolun başlanğıcında – 1993-cü ilin 12 iyulunda yaradılmış Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) doğma, məhrəmanə şəkildə qəbul olunmuş mütərəqqi qərarlardan qaynaqlanır. Zaman keçdikcə müqəddəs Türk ağacı övladlarının qanı ilə suvarılmış torpaqlara dərin kök salır, qol-budaq atır, şaxələnir.
Türk birliyi həm də Qərbin mürtəce dairələrinə qarşı əsrarəngiz Şərqin mədəni, ideoloji humanitar platformasıdır. Necə ki, qardaş dövlətlərimiz 44 günlük “Zəfər Yürüşü”ndə Azərbaycanın haqq səsinə səs verdilər, bizə hər cür mənəvi dəstək göstərdilər və müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qələbə qazandıq. Bu kontekstdə düşünərkən cənab İlham Əliyevin türk dövlətlərinin 10 il öncə keçirilən Zirvə toplantısında bəyan etdiyi “XXI əsr Türk dünyası əsri olmalıdır” sözlərinin reallaşacağına heç bir şəkk-şübhə yeri qalmır.
Qurban CƏBRAYIL,
“Mədəniyyət” jurnalının redaktoru