Nəğməkar şairin könül rübabı

post-img

Nəğməkar şair, jurnalist Abil İslamla illər öncə Azərbaycan Yazıçılar Birliyində tanış olduq. Bəstəboylu, saçlarına yenicə ağ dənlər düşən bu nurlu insanın 200-dən artıq şeirinə mahnı bəstələndiyini öyrəndim.

Yaradıcı insanların qəlbində Tan­rıdan gələn bir ilham, üzündə ilahi bir nur olur. Onlar içlərindəki işıqla ömür adlı tuneldə rahat irəliləyirlər. Səxavət­lə paylaşılan bu işıqdan başqaları da bəhrələnirlər. Abil İslamın ürəyi nəğmə işığına bələnib desəm, yanılmaram.

Abil İslam 1958-ci ildə Göyçayda dünyaya göz açıb. O torpağın suyunu içib, havasını udub. Orta məktəbi bi­tirdikdən sonra arzularının qanadında Bakıya üz tutub. Ali təhsil alıb. Mətbu­atda fəaliyyətinə gənclik illərində Göy­çayın "Yeni həyat" qəzetində başlayıb və mərhum jurnalist Oqtay Cəfərovun rəhbərliyi altında çalışıb. Sonra yenə də Oqtay müəllimin redaktorluğu ilə çıxan "İnşaatçı" qəzetində işləyib. 

O, Bakıda ustad yazarlarımızla ta­nış olub, şeirləri musiqi ritmlərinə yat­dığı üçün bəstəkarların diqqətini çə­kib. Mahnılarını İslam Rzayev, Cavan Zeynallı, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Əli Mirəliyev, Zümrüd Məmmədova, Nüşabə Ələsgərli həvəs­lə oxuyublar. Əksər nəğmələri dövlət radiosunun "Qızıl Fondu"nda saxlanılır. İkinci Qarabağ müharibəsinə həsr olun­muş "Adın mübarək, şəhid!" şeirinə Arif Səlimov musiqi bəstələyib və müğənni Vüqar Muradov ustalıqla ifa edib. 

Bu gün onun var-dövləti yazdığı şeirləri və gözəl dostlarıdır. Bu barədə səmimi misraları da var:

Vəzifə, var-dövlət gəldi-gedərdi,

Ərkim sizə çatır hər zaman, dostlar!

Abil İslam Bakının Nizami rayonu “Müharibə və Əmək veteranları” təş­kilatının sədr müavini, İctimai Xəbər Agentliyinin direktor müavini, eləcə də Azərbaycan Türk Xalqları İctimai Birliyi­nin sədr müavini kimi fəaliyyət göstərir. Bir şair kimi həyatın gözəlliklərindən zövq alır, eyni zamanda neqativ hal­lara, haqsızlığa dözə bilmir, bir vətən­daş həssaslığı ilə bunu nəzmə çəkir. Vətənpərvər oğullarımızla qürur duyur, şəhidlərin ruhuna ehtiramını poeziya dili ilə ifadə edir, qazilərlə keçirilən təd­birlərə həvəslə qatılır. Elə bu yaxınlar­da Respublika Klinik Xəstəxanasında təşkil olunmuş xeyriyyə konsertində fəal iştirakına görə fəxri diploma layiq görülüb. 

Biz azad etdikcə şəhər, kəndləri,

Yerlə yeksan oldu düşmən bəndləri.

"Hay" ın boğazında Türk kəməndləri...

Ali Baş Komandan vur dedi, vurduq!

Bu kimi alovlu misraları ilə Zəfər salnaməmizi vəsf edən Abil İslamın şeirləri, mahnı mətnləri el məclislərin­də şövqlə səsləndirilir və gənclərimizə vətənpərvərlik hissləri aşılayır.

 

Südabə SƏRVİ,
yazıçı-publisist

Sosial həyat