Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında böyük musiqiçilər nəslinin layiqli davamçısı, Xalq artisti, bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib.
Gecədə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanova) və solistlər – Əməkdar artistlər Ramil Qasımov (tenor) və Nərgiz Kərimova (soprano) bəstəkarın əsərlərini dinləyicilərə təqdim ediblər.
Xatırladaq ki, Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3 mindən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Ə.DOSTƏLİ
XQ