Firudin İbrahimi – 105
Bu gün adı öyünclü mücadilə tariximizə Güney Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri kimi düşmüş Firudin Qəni oğlu İbrahiminin 105 yaşı tamam olur.
1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahimi 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. 1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Milli Məclisə nümayəndə seçilib. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş prokuroru təyin olunub. 1946-cı ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra Firudin İbrahimi həbs edilib və 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin “Gülüstan” bağında dar ağacından asılıb.
Düşünür Firidun, düşünür dərin
Çəkmir barmaqlıqdan o, nəzərlərin.
Vətən göylərinə həsrətlə baxır
Başında elə bil ildırım çaxır...
Yenə taladılar Azərbaycanı,
Dost deyə qırdılar min-min insanı.
Neçə qəhrəmanı dardan asdılar
Neçə ana qaldı sinəsi dağlı.
Sürgün yollarının yolçusu oldu
Neçə cavan gəlin qolları bağlı.
O, son qələbəni görürmüş kimi
Unudur ən ağır hökmü bir anda.
Görür azadlığın bayraqlarını
Necə dalğalanır Azərbaycanda...
Ona ölüm hökmü vermiş yağılar,
Yandı ürəyimin başı bu sözdən.
Necə dilim gəlsin, necə deyim ki,
Firidun əbədi ayrılır bizdən?!
Qalxıb barmaqlıqdan baxır nigaran,
Bir quş qanad çalış bəxtəvər, azad
Ömrünü ağ günə bəxş edən insan.
Sənin həsrətinlə gedir, ey həyat?!
Sabah sönəcəkdir dan ulduzu tək,
Doğan Günəşin də gözü dolacaq.
Pərişan saçını açıb ahəstə.
Cavanın üstünə kölgə salacaq...
Baxır barmaqlıqdan Firidun yenə,
Hörür tellərini günəş də artıq,
O mavi göylərin gen sinəsinə
Ahəstə-ahəstə çökür qaranlıq...
Mədinə GÜLGÜN