Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya rəsmi səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderləri – İlham Əliyev və Şavkat Mirziyoyev – Ali Dövlətlərarası Şuranın ikinci iclasının qərarını imzaladılar, müxtəlif sahələri əhatə edən mühüm sənədlərə qol çəkdilər.
Səfər həm də xalqlar arasında mənəvi körpü rolunu oynayan “Özbəkistan” parkının təməlqoyma mərasimi ilə yadda qaldı.
Şübhəsiz ki, Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan” parkı iki ölkə arasında mədəni-humanitar əlaqələrin bariz təzahürüdür. 5 hektar ərazini əhatə edəcək bu park Özbəkistanın xəritəsi formasında olacaq. Burada ölkənin qədim şəhərləri – Buxara, Səmərqənd, Xivə və Kokandın memarlıq üslubunda obyektlər inşa ediləcək. Muzey, kinoteatr, amfiteatr, Özbək mətbəxini əks etdirən restoran və kafelər, habelə zoopark və mehmanxana kimi infrastruktur obyektləri ilə park Bakının turizm və mədəni həyatına mühüm töhfə verəcək.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində dinamik inkişaf edir. Zəngəzur dəhlizi layihəsi və Özbəkistanın Orta Dəhlizə marağı ölkələrimiz arasında geoiqtisadi sinerji yaradır. Prezident İlham Əliyevin bildiridiyi kimi iki ölkə nəqliyyat və logistika sahəsində koordinasiyalı fəaliyyətə sadiqdir: “Biz, həmçinin bugünkü imkanları və Xəzərdən Azərbaycana, oradan isə Qərbə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik.”
Azərbaycanın Özbəkistana yatırdığı investisiyalar da artmaqdadır. Prezident İlham Əliyev Özbəkistanda yaradılmış əlverişli investisiya mühitini yüksək qiymətləndirərək söylədi ki, 500 milyon dollar nizamnamə kapitalına malik Birgə İnvestisiya Fondu artıq 10-dan çox layihənin icrasına hazırdır. Bu fond vasitəsilə enerji, kənd təsərrüfatı, turizm, tikinti və digər sahələrdə qarşılıqlı sərmayələrin həcmi daha da genişlənəcək.
2017–2025-ci illər Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı üçün mühüm mərhələ sayılır. Bu sahədə sabit tərəfdaşlıq modeli formalaşıb. Yaxın illərdə ekoloji kənd təsərrüfatı, yaşıl enerji və ərzaq təhlükəsizliyi sahələrində birgə texnoloji layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu əməkdaşlıq iki ölkənin regional ərzaq bazarlarında mövqeyini möhkəmləndirəcək.
Azərbaycan və Özbəkistan xalqları ortaq dini və dil kimliyinə malikdir. Hər iki xalq islam dininə mənsub olmaqla yanaşı, türk dil qrupuna daxil olan dillərdə danışır. Əlişir Nəvai, Nizami Gəncəvi, Füzuli kimi dahilərin irsi ortaq ədəbi-mədəni yaddaşı formalaşdırır. Bu zəmin üzərində ölkələr arasında mədəniyyət günləri, kitab nəşrləri, təhsil mübadiləsi və humanitar əməkdaşlıq uğurla inkişaf edir.
Hər iki ölkə beynəlxalq hüquqa və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə sadiqdir. Özbəkistan, Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini daim dəstəkləyib. Bu həm siyasi, həm də mənəvi dəstək kimi yüksək dəyərləndirilir. Azərbaycan və Özbəkistan, Mərkəzi Asiya və Cənubi Qafqazda sülhün və sabitliyin qorunması üçün ortaq mövqe nümayiş etdirir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq isə münasibətlərə əlavə strateji dəyər qatır. Bu platforma vasitəsilə iki ölkə Türk dünyasında mədəni-humanitar və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir.
Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlətin maraqlarını deyil, həm də bütövlükdə Türk dünyasının birliyini və gələcəyini əks etdirən strateji əməkdaşlıq modelidir. Tarixi bağlar, ortaq dəyərlər, siyasi etimad və iqtisadi sinerji bu münasibətləri unikal və davamlı edən əsas sütunlardır. Bu əlaqələr bölgədə sülhün, inkişafın və ortaq gələcəyin əsas təminatçılarındandır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı