Çinin xarici işlər naziri Van İ Aİ-ni qlobal sabitliyi təmin etmək üçün Pekinlə etibarlı, güclü və qarşılıqlı faydalı tərəfdaşlığa çağırıb. “Global Times” qəzetinin məlumatına görə, Van İ Almaniya və Fransaya səfər edib və iyunun 30-dan iyulun 6-dək Avropada bir sıra görüşlər keçirib. Xəbəri “Anadolu” verib.
Bir gün əvvəl səfər çərçivəsində Çin diplomatiyasının rəhbəri Belçikanın baş naziri Bart de Vever ilə danışıqlar aparıb.
Van İ bu il Çin və Aİ arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyinin qeyd olunduğunu xatırladıb və deyib ki, hazırkı beynəlxalq vəziyyətdə Pekin və Brüssel tərəfdaşlıq və əməkdaşlıq prinsiplərinə əməl etməlidir: “Çin və Aİ qlobal sabitlik naminə etibarlı, güclü və qarşılıqlı faydalı tərəfdaşlara çevrilməlidir. Hər iki tərəf kommunikasiyanı, qarşılıqlı anlaşmanı gücləndirməli, inam yaratmalı və çoxtərəfli sistemi və azad ticarəti birgə dəstəkləməlidir”.
Belçikanın Baş naziri De Vever də mürəkkəb geosiyasi vəziyyət şəraitində mövcud fikir ayrılıqlarına baxmayaraq, Avropa və Çin arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin və dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, Belçika çoxtərəfliliyə sadiqdir, Avropanın strateji muxtariyyətinin gücləndirilməsini dəstəkləyir, Aİ və Çin liderlərinin qarşıdan gələn sammitindən müsbət nəticələr gözləyir.
De Vever xüsusilə vurğulayıb ki, Brüssel “vahid Çin” siyasətinə möhkəm sadiqdir. Tərəflər Ukraynadakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar.
P.ƏMİRCANOV
XQ