Türkiyənin NTV telekanalı AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqın gedişi barədə reportaj yayımlayıb

post-img

Türkiyənin aparıcı xəbər media qurumlarından biri olan NTV telekanalı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın gedişi barədə reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın çoxmilyonlu auditoriyası audioyazı ilə bağlı ayrı-ayrı media strukturlarının xəbərləri, habelə 2024-cü il dekabrın 25-də mülki təyyarəni atəşə tutmaq əmri verdiyi iddia edilən rusiyalı zabitlərdən birinə ünvanlanmış izahat yazısı haqqında məlumatlandırılıb.

Telekanal xatırladır ki, Azərbaycan təyyarəsinin atəşə tutulması nəticəsində 38 nəfər həlak olub, daha 29 insan yaralanıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin AZAL-ın təyyarəsinin atəşə tutulması ilə bağlı dediyi sözlər, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi və təzminat ödənilməsi tələbi də yer alıb.

NTV telekanalı Rusiyanın Yekaterinburq şəhərində RF hüquq-mühafizə orqanları əməkdaşlarının etnik azərbaycanlılara qarşı qanunsuz hərəkətləri nəticəsində yaranan gərginliyə xüsusi diqqət yetirib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Sosial həyat