Üzeyir Hacıbəylinin Nizami obrazı

post-img

Üzeyir Hacıbəyli – 140

Hələ 1940-cı ildə dahi Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı “Nizaminin portreti” əsərini ərsəyə gətirən ilk rəssam Qəzənfər Xalıqovun eskizi bu münassibətlə elan olunmuş müsabiqədə bəyənilmişdi. Rəssam karandaşla çəkdiyi ilkin variantı yağlı boya ilə rəngli portretə çevirərkən dahi bəstəkar Üzeyir Hacıbəyli məsləhətinə qulaq asıb və birincilik qazanıb.

Məsələ isə belə olub: Nizamişünas Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünü təxmini təsvir etdikdən sonra Üzeyir Hacıbəyli deyib: “Siz dediyiniz parametrlərdə Ağcəbədidən bir axund tanıyıram. Bu adam mənim və daha bir çox tanınmış ziyalının yetişməsində rol oynamış Mirzə Mehdi Sarıcalıdır. O çəkilsə, daha məqsədəuyğun olar”.

Fırça ustası elə də edib. Maarif fədaisi olan həmin axunda Tarix-diyarşünaslıq muzeyindən alınmış orta əsrlərə aid əlbisələr geyindirildikdən sonra Qəzənfər Xalıqov Nizaminin portretini bir növ naturadan işləyib və çox uğurlu əsəri ilə müsabiqədə qalib gəlib. Sənətşünasların fikrincə, portretin tünd rəng koloritinə baxmayaraq, dövrünə uyğun geyimi, nəcib üz quruluşu və digər xarakterik cizgiləri ilə diqqət çəkir. Ciddi yaradıcılıq nailiyyəti sayılan həmin portret hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanır. Əsərin 2-ci nüsxəsi isə Gəncə muzeyindədir.

Axund Mirzə Mehdi Sarıcalıya gəlincə, xatırladaq ki, onun sənətə, ədəbiyyata xidməti təkcə Nizaminin portretinin yaradılmasına köməyi ilə bitmir. Bu böyük ziyalı şəxsiyyətin bütün еlmi və insani kеyfiyyətlərini mənimsəmiş onlarla tələbəsi olub ki, hər biri Azərbaycan ədəbiyyatında, tarixində və mədəniyyətində silinməz izlər buraxıb. Onlardan “bacıoğlum”, “bacımın balası” deyib müraciət etdiyi Üzеyir bəyin qardaşları Zülfüqar və Cеyhun Hacıbəyliləri, Yusif Vəzir Çəmənzəminlini, Bahadır Vəlibəyovu, Mеhdi bəy Həyatovu, Hüsü Hacıyеvi və digərlərini misal göstərmək olar.

Dahi Nizaminin yaradıcılığına dərindən bələd olan görkəmli bəstəkar Üzeyir Hacıbəylinin özü klassik şairin bədii irsindən layiqincə bəhrələnib. Onun əsərlərinə parlaq musiqilər bəstələyib. Elə bu günlərdə AMEA-nın Gəncə Bölməsində Prezident sərəncamı ilə 140 illik yubileyinə hazırlaşdığımız dahi bəstəkarın yaradıcılığına həsr olunmuş “Üzeyir Hacıbəyli və Nizami Gəncəvi” adlı seminarda bu barədə ətraflı danışılıb.

Bölmənin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov bildirib ki, Azərbaycanın iki böyük övladı – Nizami Gəncəvi və Üzeyir Hacıbəylinin yaşadıqları dövrləri 8 əsr ayırsa da, zamanın fövqündə duran və ən yüksək yaradıcı meyarlara sahib olan bu dahi şəxsiyyətlər arasında ruh doğmalığı var. Nizami Gəncəvi “Xəmsə”sində musiqiyə dair təsvirlərin olmasına, eləcə də 60-dək musiqi alətinin adının çəkilməsinə, şairin poetikasının zənginliyinə, xüsusən də qəzəllərinin dərin melodikliyinə böyük istedad sahibi Üzeyir Hacıbəyli biganə qala bilməzdi və bu da bəstəkarın yaradıcı enerjisini daha da qüdrətləndirən amillərdən olub.

Qeyd edilib ki, Üzeyir bəy Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə Süleyman Rüstəmin sözlərinə “Nizami” kantatasını, eləcə də dahi şairin iki qəzəlinə “Sənsiz” və “Sevgili canan” romanslarını bəstələyib. Həm də vokal musiqimizin qızıl fonduna daxil olmuş bu iki əsərlə o, romans-qəzəl janrının əsasını qoyub.

Seminarın sonunda “Nizami” filmindən böyük musiqiçi Müslüm Maqomayevin ifasında “Sevgili canan”ın səsləndirilməsi hər kəsi duyğulandırıb. Doğrudan da, illər, onilliklər ötdükcə Üzeyir Hacıbəylinin Nizaminin lirik şeirlərinə, qəzəllərinə yazdığı musiqinin populyarlığı, şöhrəti nəinki azalmayıb, əksinə, qat-qat artıb. Deyildiyinə görə, şairin sözlərinə Üzeyir bəy 10-a qədər musiqi yazmaq niyyətində olub, təəssüf ki, yalnız ikisini bitirə bilib. Amma əvəzində onun ünlü ardıcılları Nizami mövzusuna bol-bol müraciət ediblər. Şairin irsi əsasında Əfrasiyab Bədəlbəylinin “Nizami”, Niyazinin “Xosrov və Şirin” operaları, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması və “Yeddi gözəl” baleti, Fikrət Əmirovun “Nizami” simfoniyası və “Nizami” baleti, eləcə də Süleyman Ələsgərovun və Ramiz Mustafayevin dəyərli əsərləri yaranıb.

Üzeyir Hacıbəylinin “Sənsiz” (rəməl bəhri) və “Sevgili canan” (həcəz bəhri) musiqili qəzəllərinin isə Azərbaycan vokal musiqisinin inkişafında və xalqımızın qəlbində xüsusi yeri var. Çünki dahi bəstəkar ədəbi və musiqi formalarının vəhdəti ənənəsindən, qəzəlin musiqi ilə üzvi bağlılığından özünəxas yaradıcı surətdə istifadə edib. Hər iki əsərdə Nizami qəzəllərinin muğam əsasında qurulan melodik xəttini və fikrini birə-bir saxlayıb, vəzn bəhrlərini bacarıqla musiqiyə keçirə bilib. Dahi bəstəkar özü 1944-cü ildə bu barədə belə yazırdı: “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində Azərbaycan bəstəkarları onun məşhur qəzəllərinə musiqi yazmışlar. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq musiqili qəzəllərin, artıq improvizasiya şəklində deyil, inkişaf etmiş melodiya şəklində olan, müvafiq ladlarda yazılan və Avropa romansları janrına yaxınlaşan yeni bir forması meydana gəlmişdir”.

Beləliklə, Nizami və Hacıbəyli dühası şeirlə musiqinin vəhdətində qovuşub və hər iki klassikin adını bir daha əbədiləşdirib.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət