XIX əsrin ikinci yarısında bütün Zaqafqaziyada, eləcə də Azərbaycan xalqının mədəni həyatında bir sıra əlamətdar hadisələr baş verdi. 1874-cü ildə Hacı Səid Ünsizadənin təşəbbüsü, Seyid Əzim Şirvaninin və Cəlal Ünsizadənin yaxından iştirakı ilə Şamaxı şəhərində yeni üsullu “məclis” məktəbi açıldı. 1879-cu ildə Bakı milyonçusu Seyid Mirbabayevin vəsaiti ilə Qori şəhərində “Zaqafqaziya müəllimlər seminarıyası”nın nəzdində “Azərbaycan şöbəsi” fəaliyyətə başladı ki, bu şöbə öz növbəsində 1881-1917-ci illər ərzində 250 azərbaycanlı müəllim hazırladı. 1987-ci ildə H.Mahmudbəyov və S.M.Qənizadə tərəfindən ilk dəfə olaraq Bakı şəhərində doğma ana dilində “rus-müsəlman” məktəbi fəaliyyətə başladı. 1892-ci ildə M.T.Sidqi Ordubad şəhərində “Əxtər”, 1894-cü ildə isə Naxçıvan şəhərində “Tərbiyə” məktəbini yaratdı. 1983-cü ildə El atası Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində İtaliya memarlarına olduqca möhtəşəm bir teatr binası inşa etdirdi ki, bu da öz növbəsində Azərbaycan xalqının mədəni həyatında mühüm rol oynadı.
1880-ci illərdən etibarən isə bu tərəqqi çeşməsi daha güclü fəvvarələr vurmağa başladı ki, əgər Bakı şəhərindən xeyli uzaqda yerləşən Ordubadı, Naxçıvanı nəzərə almasaq, bütün bunların ərsəyə gəlməsində Zaqafqaziyanın təkcə iqtisadi deyil, həm də mədəni mərkəzi olan Bakı şəhəri mühüm rol oynayırdı. Çünki bu Azərbaycan xalqını işıqlı bir gələcəyə aparan maarif və savad çiçəyinin gün-gündən ətirlənməsində Azərbaycan xalqının tərəqqisini qətiyyən istəməyən Çar Rusiyası yox, azərbaycanlı xeyriyyəçilərin əvəzsiz xidmətləri var idi. Çünki yuxarıda qeyd olunduğu kimi neftli torpaqlarla çox zəngin Bakı şəhərinin burda müstəsna yeri var idi ki, əsasən məhz Bakı şəhərində doğulub böyümüş, əvvəllər fəhlə, arabaçı, bənna, manifaktura alverçiləri kimi peşələrlə məşğul olmuş bir qisim heyrətamiz dərəcədə zəhmətkeş, işgüzar insanlar, dişləri-dırnaqları ilə qazandıqları pullarla neftli torpaqlar alıb neft quyusu qazıtdırmış, neft quyuları fontan vurandan sonra çoxlu varidat əldə etmiş, bu var-dövləti isə sosializm ideolgiyasının uydurduğu kimi dəbdəbəli həyat sürməyə deyil, xalqın maaiflənməsi, savadlanması, iqtisadi rifahının çiçəklənməsi üçün sərf etmişdilər.
Belə insanlar onlarla idi: Hacı Şıxəli, Hacı Hacağa, Hacı Əliabbas, Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, İsabəy Hacınski, İsabəy Aşurbəyli, Əjdər Aşurbəli, Teymur Aşurbəyli, Nabat xanım Aşurbəyli, Kərbəlayi İsrafil, Sona xanım Hacıyeva və ilaxır. Lakin xalqın maariflənməsi, savadlanması, xoşbəxt yaşaması üçün onlara düzgün istiqamət verən, hər işdə təşəbbüs göstərən, xalqın istiqbalı uğrunda son qəpiklərini belə xərcləməyə hazır olan bu insanların pullarını israf etmədən xalqın başı üzərində maaif göyərçinləri uçurdan Azərbaycan ziyalıları idi ki, onlardan biri və birincisi Həsən bəy Zərdabi idi.
Həsən bəy Zərdabi (Məlikov) 1837-ci ildə o vaxtkı Göyçay qəzasının Zərdab kəndində anadan olmuş, ilk təhsilini mədrəsədə almış, bir sıra ilahiyyat elmlərinə yiyələnmiş, sonra Şamaxıda rus dilli qəza məktəbində təhsil almış və həmin məktəbin milliyətcə rus midirinin köməyilə Tiflis qəza məktəbində əla qiymətlərlə oxumuşdu. Həm Şamaxıdakı, həm də Tiflisdəki qəza məktəbində rus dilində təhsil aldığı üçün rus dilində mükəmməl bilən Həsən bəy ali təhsilini Moskva Universitetində alır və doğma vətənə qayıdaraq müəllimlik fəaliyyətinə başlayır. Gimnaziyada təbiət fənnini tədris edən Həsən bəy, burda da çar istibdadına qarşı çıxdığına görə təzyiqlərə məruz qalmış və işdən çıxmalı olmuşdur.
Heyrətamiz dərəcədə vətənpərvər bir insan olan Həsən bəyi bir neçə şey narahat edirdi. İndinin özündə də hamıya məlumdur ki, kənd təsərrüfatı, daha doğrusu əkinçilik və heyvandarlıq olmadan insanların yaşaması mümkün deyil. Lakin Azərbaycan kəndlisi bütün bunları olduqca ağır əmək vasitəsilə əldə edirdi. XIX əsrin 70-ci illərində isə, yəni II Aleksandrın fərmanı ilə imperiya ərazisindəki zəhmətkeşlər köləlikdən azad olduqdan sonra, bazar iqtisadiyyatının sürətli inkişafına rəğmən elmi-texniki nailiyyətlər də sürətlə inkişaf etməkdə idi. Həsən bəy bütün bunları xalqının nəzərinə çatdırmaq, onlara torpaqdan daha düzgün istifadə etmək qaydalarını başa salmaq istəyirdi. Təbii ki, o dövrdə televizanın, radionun, internetin olmadığı bir zamanda bunu yalnız və yalnız mətbuatla əldə etmək olardı. O zaman Qafqazın mərkəzi Tiflis şəhəri sayılırdı və bütün qanunlar da ordan idarə olunurdu. Həsən bəy də xalqı üçün mətbuat yaratmaqdan ötrü düz bir il altı ay, yəni 1873-cü ilin aprelindən 1874-cü ilin oktyabrına qədər Tiflis və Bakı dəftərxanaları arasında ayaq döydü.
Onu da qeyd etmək lazımdır ki, Çar Rusiyasının bir neçə ərazisində, ələlxüsus Moskva, Peterburq, Tiflis kimi şəhərlərində mətbuat artıq fəaliyyətdə idi.
Həsən bəyi də üzən məsələlərdən biri də bu idi ki, onun xalqı kimi gürcülər, ermənilər də çar Rusiyasının təbəələri olsalar da öz dillərində qəzetlər, jurnallar buraxırlar və təbii ki, bu da onları maarifləndirir, çox mətləblərdən agah edir. Nəhayət ki, Həsən bəyin əzmkarlığı, qətiyyəti sayəsində o, Azərbaycan xalqının ən əlamətdar günlərindən biri sayılan gün gəlib çatdı. 1874-cü ilin 5 oktyabrında Həsən bəy “Əkinçi” qəzetinin nəşrindən ötrü icazə alandan sonra 1975-ci il 22 iyulda Bakı şəhərində doğma ana dilində qəzetin birinci sayı nəşr olundu. Lakin Azərbaycan xalqının maariflənməsini istəməyən paxıllar və xəbislər Həsən bəyin qarşısında ciddi maneələr yaratdılar. Belə ki, “Əkinçi” qəzetinin cəmi 56 nömrəsi işıq üzü gördü və 1977-ci ilin sentyabrın 27-də sonuncu sayı nəşr olunan qəzet riyakar insanların məkri nəticəsində bağlandı.
Onu da qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin Azərbaycan xalqına bəxş etdiyi “Əkinçi” qəzeti nəinki xalqın milli məfkurəsinin formalaşmasında öz müsbət təsirini göstərdi, eyni zamanda bir sıra sənətkarları öz ətrafında toplayıb “Əkinçi” ideyalarını ədəbi-ictimai fikir aynası ilə təbliğ etməyə başladı:
“1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlanması Seyid Əzimin müasir məzmun, ictimai pafos qazanmasına və vətəndaş kimi formalaşmasına müsbət təsir göstərdi. Şair səsini H.B.Zərdabinin səsinə qoşdu. Ədəbi fəaliyyətini qəzetin ideya istiqamətinə uyğunlaşdırdı. Maarifçilik ideyalarını poetik dildə təbliğ etməyə başladı. O, baş mühərrirə göndərdiyi bir məktubda “Rəbiül-ətfal” (Uşaqların baharı) dərsliyindəki şeirlərin “Əkinçi” ideyaları və mövzuları ilə yaxından səsləşdiyindən söhbət açaraq yazırdı: “Öz türki lisanımızda çox asan ibrətlərlə bir türki-kitab nəzm etmişəm. Həmin kitabdan bu bir neçə əşar ki, bundan sonra yazılacaq, yazıb xidmətüvüzə irsal elədim ki, sizin qəzetinizin məzmumunda olan mətləblərə münasibdir”.(2.s.173)
“Əkinçi”nin ideyaları eyni zamanda bir çox lazımi sahələrə istiqamətlənirdi:
“Ruznamə daxiliyyə, əkin və ziraət xəbərləri, mətbuat, elmi xəbərlər və təzə xəbərlər başlıqları altında beş əsas hissəyə ayrılırdı. Elmi və ziraət xəbərləri qəzetin əsas hissəsi idi və burada iqtisadi işləri yeni üsulda qurmaq üçün elmi məqalələr yazılır, yol göstərilirdi. Bu məqalələrin çoxu Zərdabi tərəfindən yazılırdı. “Əkinçi” şəhərin kustar sənayesini tənqid edir və Azərbaycan şəhərlərində karxanalar qurulmasına çalışırdı”. (3.s.166-167)
“Əkinçi” qəzeti bağlanandan sonra Həsən bəyi guya güzəşt olaraq Yekaterinodaraya və yaxud Kutaisiyə deyil, doğma Zərdabına on altı illiyə sürgün elədilər. Lakin jurnalistlik fəaliyyətini davam etdirən Həsən bəy Rusiyanın müxtəlif şəhərlərinə rus dilində yüzlərlə məqalələr göndərirdi.
1881-ci ildən etbarən isə 1895-ci ilə qədər Azərbaycan xalqının maariflənməsi, savadlanması və iqtisadi rifahının yüksəlməsi üçün milyonlarla vəsait sərf edən Hacı Zeynalabdin Tağıeyin vəsaiti ilə Bakıda açılan “Kaspi” qəzetinə xeyli məktublar, məqalələr göndərmiş, eyni zamanda sürgün vaxtı tamama yetib Bakı şəhərinə köçəndən sonra Əlimərdan bəy Topçubaşovun təklifi ilə məhz “Kaspi” qəzetinin redaktoru işlədiyi müddətdə “Kaspi” qəzetində yüzlərlə məqalə dərc etdirmiş, bununla yanaşı xalqın cürbəcür sıxıntıları, eyni zamanda bağçılıq, əkinçilik, heyvandarlığın, quşçuluğun inkişafına dair, yoluxucu mikroblarla, o vaxt insanların ağır xəstələnməsinə və ölümünə səbəb olan malyariya ilə mübarizə üsullarını, ümumiyyətlə, xəstəliklərlə mübarizə, kənd təsərrüfatındakı böhranları aradan qaldırmaq yolllarını göstərən, yeni kəşflərin tətbiqinə dair, bunlardan əlavə istər çar məmurlarının, istər sapı özümüzdən olan baltaların meşşanlığı, ədalətsizliyi, riyakarlığı, kələkbazlığı haqqında, bəzən sözaltı mənalarla, bəzən isə aşıq-aşkar dəlillərlə, bir çox hallarda bəzi neqativ ünsürləri satirik boyalarla boyayan məqalələr dərc etmiş, bundan əlavə də o dövrdə Qafqazda çox yayılan «Кафказ», «Новое обозрение» qəzetlərinə dövrün vacib problemləri barədə məqalələr və məktublar göndərmişdir.
Həsən bəy Zərdabinin “Kaspi” qəzetində dərc etdirdiyi məqalə və məktublardan bir qismi də din pərdəsi altında xalqın qanını soran münafiqlər haqqındadır. Məsələn, qəzetin 1888-ci ildəki 195-ci sayında Həsən bəy Zərdabi fırıldaqçı din xadimlərinin timsalında “Şeyx Əli Baba”nın acgözlüyündən və kasıb əhalini soğan qabığı kimi soymasından yazır. Bu məktubdan elə bir abzası nəzərə gətirmək kifayətdir:
“Bir sözlə Şeyx Əli Baba dini mərasimləri icra etməsi müqabilində ona nəzir edilən müxtəlif bəxşişlərdən, hədiyyələrdən əlavə, bir ildə on min rubla qədər pul alır. İndi görün, Qaracalıdan olan kəndli Əli Baba Zərdab kəndinə neçəyə başa gəlir? Hələ o biri kəndlərdən və köçlərdən nə qədər yığır?
İnanıram ki, heç bir mütəşəkkil quldur dəstəsi əhalidən bu qədər xərac ala bilmir”.
İslam dini olduqca mütərəqqi, cahanşümal, demokratik, işıqlı bir dindir. Həsən bəy xalqa din pərdəsi altında şarlatanlıqla, fırıldaqçılıqla məşğul olanlara inanmamağı, onlardan uzaq qaçmağı bu səpkili yazıları ilə bəyan edir, xalqı qəflətdən ayıldır, onları imkanı daxilində maarifləndirirdi.
Azərbaycanda maarifçiliyin təməlini qoyanlardan biri Həsən bəy Zərdabi xalqın savadlanması yolunda da bacarığını əsirgəmir, istər publisistik çıxışlarında, istərsə də əməllərində bunu açıq-aşkar nümayiş etdirirdi. Onun Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də el atası Hacı Zeynalabdin Tağyevlə birlikdə 1901-ci ildə Bakı şəhərində qız məktəbinin açılmasıdır.
Həsən bəylə Hacı möhkəm dost idilər və onların aralarında elə bağlılıq var idi ki, Hacı Zeynalabdin Tağıyev öz şəxsi malikanəsində Həsən bəyin ailəsi ilə birlikdə yaşaması üçün yer ayırmışdı. Qız məktəbinin açılmasının təşəbbüskarı da Həsən bəy Zərdabi idi. Təbii ki, Hacı bu işdə müsəlman qızların oxumasına mane olmaq istəyən mövhumatçı, xürafatçı kütlələrin qarşısında öz polad iradəsi ilə dayanmış, qız uşaqlarının oxumasına İslam dininin icazə verdiyini subut eləməkdən ötrü Məkkə, Mədinə kimi müqəddəs şəhərlərə nümayəndələr göndərib ordakı müctəhidlərdən, İslam alimlərindən bu barədə sənədlər toplamış, eyni zamanda bu işə mane olmaq istəyən erməniləri susdurmaq üçün çar Nokolayın özündən icazə kağızı almışdı. Lakin Hacı Zeynalabdin Tağıyevi bu işıqlı sabaha dəvət edən məhz Həsən bəy Zərdabi idi ki, məktəbdəki qızların savadlanması üçün istər ilahiyyat, istərsə də dünyəvi elmlər almaqlarından ötrü tədris proqramı tərtib etmişdi. Bunu da unutmaq olmaz ki, Həsən bəy Zərdabi 1896-cı ildə məktubla müraciət edərək müsəlman qızlar üçün məktəb açmağa vəsait ayrılmasını xahiş etmişdi. Lakin qubernator onun bu xahişini rədd etmişdi. Amma beş ildən sonra Hacı Zeynalabdin Tağıyev Zərdabinin arzusunu ləyaqətlə həyata keçirdi. Onu da qeyd etmək lazımdır ki, həmin məktəbin müdirəsi elə Hacı Zeynalabdin Tağıyevin təklifi ilə Həsən bəyin zövcəsi, olduqca ziyalı bir qadın Hənifə xanım idi.
Tərəqqipərvər insan olan Həsən bəy Zərdabinin xidmətləri heyrətamiz və misilsizdir. O, Azərbaycan milli mətbuatının banisidir. Bu səbəbdən də hər il iyul ayının 22-si, məhz 1875-ci il iyulun 22-də milli məfkurəmizin inkişafından ötrü meydana gələn “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. Azərbaycan xalqı üçün çox vacib və gərəkli qəzetin naşiri isə dahi ziyalımız Həsən bəy Zərdabidir.
Bu il yaranmasının 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı həmişə dövlət qayğısı ilə əhatə olunmuş və Həsən bəy Zərdabi kimi bu istiqamətdə fəaliyyət göstərən vətənpərvər ziyalılarımıza yüksək dəyər verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi də milli mətbuatımıza verilən böyük qiymətin bariz nümunəsidir.
VÜQAR ƏHMƏD
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Mətbuat tarixi və publisistika” şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor