Ədəbi zövqün tənəzzülü və ya müasir oxucu axtarışı

post-img

Bu gün ölkədə bədii əsərlərin mütaliəsi, sanki bir qədər səngiyib. Bir sıra obyektiv və subyektiv səbəblər gətirmək olar. Amma fakt faktlığında qalır. Görəsən, niyə belə soyumuşuq. Kitab da kirpi deyil ki, tikanları əlimizə batsın. Unuduruq ki, axı, heç bir kompüter, ayfon, digər texnologiya oxucuya kitab zövqünü yaşada bilməz.

Belə bir statistika var: il ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minumum səviyyədədir. Görünən budur ki, bu gün bədii ədəbiyyat kitab mağazalarının arxa rəflərinə çəkilib, poeziya tozlu vitrinlərin qırağında “nostalji” başlığı altında gizlənir. Azdan-bir dedektivlər oxunur. Bəs, müasir oxucu hara “buxarlanıb”? Bəlkə o, artıq kitabın içində deyil, ekranın parlaqlığında, lent axınının dibində, səsli-piktoqramlı platformaların çaşqınlığında itib?

Tanınmış kitabsevər Xan Rəsuloğlu deyir ki, ədəbi zövq – sadəcə yazıçı ilə oxucu arasında körpü deyil, həm də xalqın ruh halının aynasıdır.

– Əgər bu güzgü çatlayıbsa, deməli, problem nə yazıçıda, nə oxucudadır – problemin kökü daha dərindir: sistemli ədəbi tərbiyənin olmamasında, məktəbdə bədii təhlil yoxluğunda, mədəniyyət siyasətində öncüllüyün dəyişməsində. Mənim Sumqayıtda içi dolu balaca bir bukinist mağazam var. İnanın, bir çox kitabı bura təşrif gətirənlərə havayı da bağışlayıram. Usanmadan yaşa uyğun maarifləndirmə də aparıram. Hətta qapının ağzındakı pilləkənə də xeyli kitab düzürəm – kim istəsə, götürüb aparsın. Amma yenə də gələn azdır. Dərs vəsaiti axtaran tələbələr üstünlük təşkil edir.

Bir vaxtlar Cəlil Məmmədquluzadə “ədəbiyyat xalqı tərbiyə etməlidir” deyirdi. Bu gün isə xalq ədəbiyyatı yox, alqoritmləri izləyir. “Nəyi daha çox klikləyirlərsə, onu yazın” – bu çağırış nəinki mətbuatın, eləcə də bəzi gənc yazarların şüarına çevrilib. Oxucunun zövqü “şərh sayı” ilə ölçülür. Amma zövq bu qədər ölçülə biləcək qədər funksional parametr deyil.

Təəssüf ki, aramızda valideynlərindən qalan kitabları küçəyə atanlar da var. Belələri bilsin ki, bu, mənəvi xəzinəyə xəyanətdir. Bəlkə atdığın kitab kiməsə hava və su kimi gərəkdir. Atma, kitabxanalara, məktəblərə ver, bəlkə kimsə bəhrələndi.

Şair İbrahim İlyaslının qənaətinə görə, əslində oxucu hələ də var. Sadəcə onu doğru şəkildə çağırmaq, həqiqi ədəbiyyata təqdimat modelini dəyişmək lazımdır.

– Yeni nəsil müəlliflər bəzən forma ilə ovsunlansa da, məzmun axtarışında çaşırlar. Klipləşmiş düşüncə poetik qatda dərinlik yaratmağa imkan vermir. Mətnlər incələşir, lakin mənalar yoxa çıxır. Ədəbi tənqid sahəsi də bir qədər susqun təsir bağışlayır. Bir dövr var idi – mətbuatda gündə bir şeir, hekayə çap olunar, ardınca onlarla rəy, debat və estetik baxış mübadiləsi baş verərdi. Bu gün isə ədəbi diskurs sosial şəbəkələrin təsadüfi müzakirələrinə tabe olub. Səliqəsiz, sistemsiz, tez unudulan...

Ən maraqlısı budur ki, yeni yazıçılarla yeni oxucuların yolları çox zaman kəsişmir. Yazıçı öz “tənha ədəbi ada”sında ideal oxucu axtarır, oxucu isə gündəlik həyat ritminə uyğun gələn qısa, yüngül və sürüşkən mətnlərə üz tutur.

Bədii qələm adamları inciməsinlər, ədəbiyyatın mövcudluğu haqqında yüksəkdən danışmağın vaxtı keçib. İndi ədəbiyyatı yaşatmağın yollarını düşünmək lazımdır. Təkliflər çoxdur, amma ən realı budur:

– Məktəblərdə ədəbiyyatın tədris metodikası yenidən qurulmalı, müasir müəlliflər də dərsliyə daxil edilməlidir;

– Yerli yazıçıların çapına dəstək artırılmalı, bu əsərlər rəqəmsal platformalarda əlçatan şəkildə yayılmalıdır;

– Tənqid məktəbi bərpa olunmalı, gənc tənqidçilər mədəni debatlar üçün stimullaşdırılmalıdır;

– ədəbi festivallar, “canlı oxu” proqramları və yazıçı–oxucu görüşləri davamlı keçirilməlidir.

Ədəbi zövq mədəniyyətin mənəvi sağlamlıq göstəricisidir. Uşaq yaşına uyğun kitablardan başlayaraq mütaliəyə alışmalıdır ki, ömrü boyu oxusun. Zövq itəndə, dil korşalır. Dil korşalanda, düşüncə bulanır. Bu isə son mərhələdir – milli yaddaşın zəifləməsi. Gəlin bu mərhələyə çatmadan oxucunu yenidən ədəbiyyatla sıx-sıx görüşdürək. Əgər o qayıdarsa, zövq də qayıdar. Axı, ədəbi zövq də zaman kimidir – dəyişir, təkamül edir, bəzən isə sadəcə itir. Gəlin, onu itirməyək.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət