Zəfər qanadlı duyğular

post-img

Həyatını bütünlüklə söz sənətinə xidmətə həsr edən filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin yenicə çapdan çıxmış “Qarabağ şeirimizdə, nəsrimizdə” adlı kitabında müəllifin silsilə məqalələri yer alıb.

Toplunu vərəqlədikcə Vaqif Yusiflinin təkbaşına, ən azı, bir şöbənin görə biləcəyi işin öhdəsindən gəldiyi görünür. Müəllif müəyyən bir ardıcıllıq prinsipini əsas götürüb və məqalələr bir-birinin davamı kimi oxucu qarşısına çıxarılıb. Cəfakeş alimin təqdimatında təkcə 90-cı illərdən bugünümüzə qədər olan Qarabağ mövzusu deyil, ondan öncəki dövrlər də nəzərdən keçirilib. Yazılarda Xalq şairləri Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, Xəlil Rza, Qabil, Məmməd Araz, Fikrət Qoca, Cabir Novruz, Mirvarid Dilbazi, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, eləcə də digər bədii söz ustalarının hələ işğal dönəminə qədər qələmə aldıqları Qarabağ mövzusu günümüzün reallığı baxımından şərh olunub.

Professor Vaqif Yusiflinin araşdırdığı Qarabağla bağlı poeziya nümunələrində təbii kədər, ağrı-acı, faciə notları ilə yanaşı, böyük Zəfərin qazanılacağına möhkəm əminlik var və son 5 ilə aid əsərlər də xalqımızın ümidinin inama, inamının isə parlaq qələbəyə çevrildiyini bədii boyalarla göstərir. Bu baxımdan Məmməd Aslanın, Əşrəf Veysəllinin, Əli Mahmudun, Ələmdar Quluzadənin, Vaqif Bəhmənlinin, Adil Cəmilin və digərlərinin yaradıcılıq nümunələrində şeirin inandırmaq gücü önə çəkilib. Məqalələrdə bu amil lazımınca qabardılıb və alimanə şəkildə təhlil-təqdir edilib.

Böyük oxucu auditoriyası üçün nəzərdə tutulmuş maraqlı məqalələr toplusu milli-mənəvi dəyərimiz sayılan Qarabağ mövzusunun əbədiliyinin təsdiqi kimi də önəmlidir. Bir daha görürük ki, həm Vaqif Yusifli, həm də kitabda şeir və nəsr əsərləri sərf-nəzər olunan müəlliflər bu mövzunun xalqımızın qan yaddaşında həmişəlik yer tutduğunu bəlirlədiblər.

Kitabda Musa Ələkbərli, Vaqif Aslan, Adil Şirin, Rafael Tağızadə, Elçin İskəndərzadə, Mətləb Misir, Tahir Rza, döyüşçü-şair Emin Pirinin zəfər qanadlı, yaddaqalan poeziya nümunələrinə də diqqət cəlb olunub. Nəsr bölümündə isə Aqil Abbas, Mustafa Çəmənli, Elçin Hüseynbəyli, Hüseynbala Mirələmov və digər qələm sahiblərinin son illərə aid povest və romanlarına müəllifin maraqlı baxış bucağından işıq tutulub.

Vaqif Yusifli ayrı-ayrı nəsr və poeziya nümunələri əsasında təhlillər aparmaqla bərabər, bizdə dissident ədəbiyyatının olub-olmadığına da özünün ümumi icmalları ilə cavab verib, hələ senzuranın qılıncının çox iti olduğu dövrlərdə şeir və nəsrimizdə məhz kimin Qarabağın halal-hümmət sahibi olduğuna dair açıq-gizli qənaətlərin ifadə edildiyini bildirib.

Müəllif, eyni zamanda, obyektiv olaraq, Qarabağ müharibəsi və döyüşçü psixoloğiyasının hələ də hərtərəfli şəkildə nəsrimizdə əksini tapmadığını təəssüflə qeyd edir, bu mənada, nəsrin publisistika və poeziyadan geri qaldığını bildirir. Əlbəttə, ayrı-ayrı nəsr əsərlərində bu, özünü göstərir, amma daha geniş aspektdə olmasını gözləyirik.

Görkəmli tənqidçi, filologiya elmləri doktoru, AMEA Ədəbiyyat İnstitutu Ədəbi Tənqid şöbəsinin müdiri Vaqif Yusiflinin ədəbi prosesi özünəxas diqqətlə izləməsinin nəticəsi kimi ərsəyə gələn bu kitabı da müasir tənqidimizin uğuru kimi dəyərləndirilir. Məsələn, Bəsti Əlibəyli yazır ki, Vaqif müəllim yarım əsrlik fəaliyyəti boyunca daim ədəbiyyatın və yazıçının yanında dayanıb. Müəlliflərə, mətnlərə yuxarıdan-aşağı baxıb kiçiltməklə öz eqosunu önə çıxarmayıb. Belinskini sevən, Yaşar Qarayev məktəbindən keçən obyektiv, vicdanlı bir tənqidçi kimi, mətnin dediklərini və bundan duyduqlarını yazıb. Onun dil və ifadə tərzi tənqidimizin ən aydın dilidir, desək, yəqin ki, səhv etmərik. Bütün məziyyətləri ilə Vaqif müəllimin tənqidi müəllif, mətn və oxucu arasında etibarlı, tolerant və dominant təbiətli sağlam, dayanıqlı bir körpüdür.

Nəhayət, qeyd edək ki, “Vektor” Beynəlxalq Nəşrlər Evi tərəfindən nəşr olunmuş toplu Azərbaycan Yazıçılar Birliyi regional bölməsinin “Qarabağ kitabxanası” seriyasından çap olunub. Kitabın elmi redaktoru və ön sözünün müəllifi AYB-nin Qarabağ bölməsinin sədri, professor Elçin İskəndərzadədir.

Professor Vaqif Yusiflinin “Qarabağ şeirimizdə, nəsrimizdə” məqalələr toplusunu da ədəbi ictimaiyyətin maraqla qarşılayacağına inanırıq.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət