Sağlam düşüncəli hər bir insanı düşündürən reallıqlar

post-img

Elçin Bilaloğlunun “Kim üzr istəməlidir?” adlı kitabı haqqında düşüncələr 

Elçin Bilaloğlunun “Kim üzr istəməlidir?” kitabında Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu dövrdən xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərindən günümüzə qədər olan, təqribən iki əsrlik xronoloji çərçivədə Vətənimizin, ilk növbədə isə bilavasitə Qarabağ regionunun qədim və müasir tarixi, zaman-zaman özünü göstərmiş erməni fitnəkarlığı və onun tarixi kökləri çoxsaylı konkret tarixi faktlarla işıqlandırılmışdır. 

Sözügedən kitabda Ermənistanın azərbaycanlı əhalinin XX əsrdə dəfələrlə ermənilər tərəfindən soyqırıma məruz qalması, XX əsrin sonlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizə də elmi-obyektiv əksini tapmışdır. Yenidən müstəqillik qazandığımız dövrdən indiyədək respublikamızda baş vermiş ən mühüm ictimai-siyasi hadisələr barədə müəllif geniş və obyektiv məlumatlar vermiş, erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmiş, həmçinin, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradılmasını tarixi faktlarla diqqətə çatdırılmışdır. Müəllif bütün ölkəni və regionu sarsıdan hadisələrə gətirib çıxaran hadisə və proseslərin faciəvi nəticələrinin əsl mahiyyətini üzə çıxarmağa çalışmışdır. Ermənilərin tarixini saxtalaşdırdığı və özününkiləşdirdiyi alban abidələri barədə obyektiv elmi mülahizələr irəli sürən müəllif Azərbaycan tarixinin xristianlıq dönəminə aid alban abidələrinin erməni maddi-mədəni irsinə heç bir aidiyyatı olmadığını tutarlı dəlillərlə sübut etmiş, ermənilərin, xüsusilə, erməni  “alimlərinin” özlərini bir millət kimi hamıdan üstün tutmalarını, ən qədim xalq kimi təqdim etmələrini, başqa xalqlara xor baxmaqlarını ümumən bəşəriyyətə qarşı təhlükəli amil kimi dəyərləndirmişdir. Məlumdur ki, tarixi abidələr öz memarlıq xüsusiyyətləri ilə yerləşdikləri  ərazilərin kimə məxsus olduğunu obyektiv surətdə sübut edən etibarlı mənbələrdir. Belə olan halda təbii sual yaranır. Əgər Qarabağ ərazisində yerləşən tarixi abidələr ermənilərə məxsusdursa, bəs o zaman onlar niyə bu abidələrə düşmən münasibət bəsləyirdilər? Tarixən Azərbaycan xalqına məxsus ərazidə tikilmiş bu abidələr xalqımızın ruhunu, həyat fəlsəfəsini, əxlaqi-mənəvi mədəniyyətinin təcəssümü olmuşdur. Buna görə də erməni vandalları  Azərbaycan xalqının memarlıq abidələrinə  son dərəcə amansızlıqla, qəddarlıqla yanaşmışlar.

Kitabı nəzərdən keçirərkən bəlli olur ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı apardığı hərbi əməliyyatlar zamanı 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. 1 milyondan çox insan etnik təmizləmə və deportasiyaya məruz qalmışdır. Ermənistan SSR rəhbərliyinin planlı surətdə həyata keçirdiyi tədbirlərinin nəticəsi olaraq 1987-ci ilin sonlarından Qafan rayonunda, daha sonra, 1988-1989-cu illərdə isə Ermənistan SSR-in Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Noyemberyan, o cümlədən İrəvan, Kirovakan, Stepanavan, Spitak, Cermuk, Gümrü və başqa şəhərlərində  yaşayan 250 mindən çox azərbaycanlıların  tarixi dədə-baba torpaqlarından xüsusi amansızlıqla qovulub çıxarılmasına başlanıldı. Sözügedən hadisələr nəticəsində yüzlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, minlərlə insan yaralanaraq Azərbaycana pənah gətirmişdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və onun işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, cəzasız qalmış erməni vandalları azərbaycanlılara məxsus maddi və mənəvi sərvətləri məhv etməklə, şəhərləri, kəndləri, qəsəbələri xarabazara çevrməklə, tarixi abidələrimizi dağıtmaqla misli görünməmiş bəşəri cinayətlər törətmişlər. 

“Kim üzr istəməlidir?” adlı kitabının “Eşitdiklərim və oxuduqlarım” adlanan I hissəsində müəllif 4 dövr üzrə bölmüş, 1828-1917-ci illərdə, yəni vətənimiz çar Rusiyasının tərkib hissəsi olduğu dönəmdə, çarizm dağıldıqdan sonra 1918-ci il mart soyqırımı, Şərqdə ilk müstəqil demokratik dövlət kimi tarixə düşmüş Cümhuriyyətimizin 23 aylıq mövcudluğu dövründə, habelə Azərbaycan SSRİ-nin tərkibində olduğu illərdə azərbaycanlılara qarşı törədilmiş erməni vəhşilikləri, ermənilərin Rusiya imperiyası tərəfindən Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsindən sonra əzəli torpaqlarımıza qarşı irəli sürdükləri ərazi iddiaları, xalqımıza qarşı yönəltdiyi etnik təmizləmə, soyqırımı və separatizm siyasəti çoxsaylı tarixi faktlar əsasında nəzərdən keçirilmişdir.

“Kim üzr istəməlidir?”  kitabının “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı II hissəsində isə müəllif 5 dövr üzrə bölmüş, 1988-ci il hadisələrindən başlayaraq həm 1988-1992-ci illərdə – aktiv hərbi əməliyyatların başlanması ərəfəsindəki (Xankəndi talanları, Quqark qətliamı, Kərkicahan qırğını, Meşəli faciəsi və s.), həm Birinci Qarabağ müharibəsi illərində, həm 1994-2020-ci illərdə nisbi atəşkəs dövründə, həm də 44 günlük Vətən müharibəsi və postmüharibə dövründəki erməni vəhşilikləri çoxsaylı elmi arqument və dəlillər, fotoşəkillər və elektron mənbələrə istinadən geniş təhlil etmiş və yeri gəldikcə, haqlı olaraq oxuculara belə bir sual ünvanlamışdır: bütün bu vəhşiliklərə, cinayətlərə görə kim üzr istəməlidir? Bu sualın cavabı sağlam düşüncəli hər bir oxucuya bəllidir. 

Son iki əsrdə dəfələrlə erməni aqressorlarının vandalizm, qəsbkarlıq və qətliam siyasətinə məruz qalmış Azərbaycan xalqı günümüzə qədər onun acı nəticələrini yaşasa da, bu faktlar hələ də beynəlxalq təşkilatlar tərəfindən lazımi hüquqi-siyasi qiymətini almamış, günahkarlar cəzalandırılmamışdır. Bu mənada, Elçin Bilaloğlunun “Kim üzr istəməlidir?” kitabının timsalında sözügedən problemin hərtərəfli və müfəssəl şəkildə araşdırılması, məsələnin mahiyyətinin çoxsaylı elmi faktlarla əsaslandırılaraq dünya ictimaiyyətinə çatdırılması son dərəcə böyük əhəmiyyət kəsb etməklə bu gün də aktualdır.

 

İbrahim Zeynalov,

Tarix elmləri doktoru, professor

 

 



Mədəniyyət