Azərbaycanlı rəssamın xarici həmkarlarına çağırışı

post-img

Bu günlərdə çağdaş dünya rəssamlarının əsərlərindən ibarət “Dünyanı sənət xilas edəcək" adlı kitab-kataloq Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) təşəbbüsü ilə çapdan çıxıb. Azərbaycanda ilk dəfə bu həcmdə və formatda nəşr edilən toplunun təqdimatı bu gün Atatürk Mərkəzində keçiriləcək.

İdeya rəhbəri rəssam Nəvai Metin (Azərbaycan), məsləhətçiləri sənətşü­nas Ziyatxan Əliyev (Azərbaycan), rəs­sam-şair Ümit Yaşar Işıkhan (Türkiyə), rəssamı İrina Averinos (İordaniya) olan kataloq-kitabda 25-dən çox ölkədən 135 ünlü rəssamın əsərləri yer alıb. Təqdimat ərəfəsində Nəvai Mətinlə görüşərək söh­bət etdik. 

Rəssamlar İttifaqının üzvü, UASB-nin 2012-ci ildə yaradılmış Azərbaycan təmsilçiliyinin rəhbəri Nəvai Mətin hələ Ağstafanın Zəlimxanlı kəndində orta məktəbdə oxuyarkən bütün siniflərin di­var qəzetini hazırladığı üçün ona “Balaca rəssam” deyərmişlər. Elə ilk sərgisi də kənd məktəbində təşkil edilib. 

Uluslararası Əlişir Nəvai ordeninə layiq görülmüş Nəvai Metinin Səməd Vurğun bağının yaxınlığındakı emalatxa­nasına girər-girməz adam sanki nağıllar aləminə düşür. Sənətçinin kolleksiya­sındakı heykəltəraşlıq və rəsm əsərlə­rinin hər birinin öz cazibəsi var. Bildiyim qədərincə, 1988-ci ildə – milli azadlıq hərəkatı təzəcə başlanan vaxtlar çəkdiyi “Məhəmməd Hüseyn Şəhriyar” portreti böyük əks-səda doğurmuş və mətbuatda bu əsər haqqında xoş sözlər yazılmışdı. Çərçivədən baxan şairin obrazı sanki adamla danışır, şeir deyir:

Yatmış hamı, bir Allah oyaqdı, dəxi bir mən,

Məndən aşağı kimsə yox, ondan da yuxarı.

Nəvai Mətin portretə zəndlə baxdığı­mı görüb, “Bunu şah əsərim sayıram”, – dedi. 

Onun rəsmlərinin mövzusu çoxşaxə­lidir. Amma daha çox portret janrına, bir də naturadan təbiət təsvirlərinə üstünlük verdiyi göz qabağındadır. “Göyəzən” adlı peyzajında ecazkar bir mənzərə ruh ox­şayır. Nəvai Mətinin “Göyəzən”i Səməd Vurğunun şeirində olduğu kimi vüqarlıdır. 

Rəssamın əsərləri dəfələrlə xaricdə sərgilənib və maraq doğurub. Bir çox rəs­mi Amerika, Polşa, İsveçrə, Türkiyə, Ru­mıniya, Qazaxıstan incəsənət həvəskar­larının kolleksiyalarına daxildir. Bir qayda olaraq, əsərləri ilə heyrət yarada bilən rəssam istedadlı gənclərə güclü dəstək verir, pərvəriş tapıb tanınmalarına kömək edir. Əməkdar rəssam, Prezidentin fərdi təqaüdçüsü Rais Rəsulzadəni isə öz us­tadı sayır. Rais müəllim dövlət başçımı­zın bu yaxınlarda 140 illiyinin keçirilməsi haqqında sərəncam imzaladığı görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azər­baycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir. 

Azərbaycan və Türkiyənin mədəni mühitində, sənət dünyasında daha ge­niş tanınan Nəvai müəllim xarici səfər­ləri, ayrı-ayrı ölkələrlə bağlı təəssürat­ları haqqında sualıma maraqlı cavab verdi: 

– Ümumiyyətlə, bu gün dünyada in­cəsənət arxa plana keçib. Mənəviyyat maddiyyata məğlub olur. Amma sənət yaşayır, mübarizə aparır. Azərbaycan dövləti daim mədəniyyətə, incəsənətə diqqət və qayğı göstərir. Sadəcə, adam­lar bu dəyərləri bəzən arxa plana keçi­rirlər. Sərgilərə az adam gəlir. Bu yöndə təbliğatı gücləndirmək lazımdır.

– Nəvai müəllim, yəqin ki, Azərbay­can təmsilçisi olduğunuz UASB də elə bu məramla yaradılıb.

– Doğrudur, – dedi. – Dünya bir ev ki­midir. Döşəməsi torpaq, tavanı səmadır. İnsanlar bunu belə qəbul eləməlidirlər ki, dünyanı qoruya bilək. Dünyanı qoruyan insan kamil insandır. O heç vaxt evinin dağılmasını istəməz. Əksinə, abadlaş­ması üçün əlindən gələni edər. Buna nail olmaq üçün biz birliyimizi yaradan­da “Dünya rəssamlari, birləşin!” devizini əsas götürmüşük. Bu baxımdan düşü­nürəm ki, mədəniyyət adamları daha fəal, daha fədakar olmalıdırlar. Sənət bir qızıl yatağı kimidir, axtaran çox olar, amma az adam tapar. Cəmiyyətdə çox gözəgörün­məzləri tapan, layiqincə dəyərləndirən məhz mədəniyyət adamlarıdır. Mədəniy­yət adamlarının arasında isə rəssamlar xüsusilə seçilirlər. Bu gün bu qarışıq dün­yamızın əmin-amanlığa qovuşması üçün yeni üsullara ehtiyac duyulmaqdadır. Belə ki, siyasi masalardan qalxıb daha çox mənəvi zənginlikləri özündə bir­ləşdirən mədəniyyəti, incəsənəti inkişaf etdirməyin zamanıdır . Ona görə dünya mədəniyyət və incəsənət adamlarımın birliyini bərpa etmək lazımdır. 

– Hansı yollarla?

– İlk növbədə Azərbaycan sənət adamlarının dünyanın fərqli dövlətlərində sərgilərini, konsertlərini təşkil etməklə, həmçinin dünya sənətçilərinin Azərbay­cana sıx-sıx dəvət olunmasına, burada onlarla canlı ünsiyyətlərə rəvac vermək­lə. Belədə dünyada əmin-amanlığın bər­pasına yardım etmiş olarıq. Bu birləşmə cəhdlərinin müsbət alınması üçün bütün tərəflər şəxsi ambisiyalarını kənara qoy­malı, dünya dövlətlərinin sənətinin, mə­dəniyyətinin inkişafına xidmət etməlidir. Təsadüfi deyil ki, yenicə yaratdığımız bir­liyin adı Aktivist Rəssamlar Assosiyasiya­sı, başlıca şüarımız isə “Dünyanı sənət xilas edəcək”dir. Sənəti təbliğ və təşviq etmək əsas amalımızdır. 

– Dünyanı sənətin xilas edəcəyinə inandınız və bu yola çıxdınız, eləmi?

– Bəli. İnanıram ki, gedəcəyimiz bu uzun yolda çox sənət adamları bizə qoşulacaq və dünyanın xilasına öz töhfələrini verəcəklər. İncəsənət yalnız böyük ideyalara söykənəndə daha tə­sirli olur.

Gəlin, bütün maneələrə qalib gələrək böyük ideyalar uğrunda biləşək, dünya­nın nicatının bu nöqtədə olduğuna ina­naq və əlimizdən gələni edək. Yoxsa bir mahnıda deyildiyi kimi: “Yoxsa dünya məhv olar”. Bəşər övladı sənətə diqqətini artırmalıdır. Hər kəs özünə sual verməli­dir: Mən bu yolda nə etmişəm? Sonuncu dəfə hansı tamaşaya getmişəm, evimdə bir rəssamın əl işi varmı, tanıdığım in­cəsənət adamı varmı? Biz bu platforma­dan çıxış edərək, təkcə rəssamların de­yil, dünyadakı bütün sənət adamlarının birliyini yaratmaq, onları bir araya gətir­mək istəyindəyik. 

Heç yadımdan çıxmır, tədbirlərin bi­rində İsraildən olan bir sənətçinin Fələs­tindən gələn sənətçi ilə qucaqlaşmasının şahidi olduq. Buna nail olmağı bacaran qurucu başkanımız Ümit Yaşar Işıkhanı ancaq alqışlamaq lazımdır. Bəli, yetər artıq, yetər bu qədər qırğınlar, savaşlar, soyqırımları, torpaq hərisliyi. İnsanlar gərək bir az ayılsınlar, faciəvi tamaşanın oyunçusu olmaqdan qurtarsınlar. 

– Bir neçə kəlmə də təqdimatı keçi­rilən yeni kitab-kataloq barədə...

– Bizim ərsəyə gətirdiyimiz bu ki­tab-kataloqun da məqsədi bəllidir. Rəs­samlar cəmiyyətdə seçilən adamlar olduqlarına görə, qoy, sülh elçiləri kimi digərlərinə nümunə göstərsinlər. Sənət adamlarının biri-birini sevmələri, təmən­nasız qarşılıqlı ehtiram göstərmələri di­gər sahələrin, lap elə sadə vətəndaşların insanlarına örnək olmalıdır. 

– Yəqin ki, mərasimin məhz Ata­türk mərkəzində təşkilinin də rəmzi mənası var... 

– Əlbəttə. Bildiyimiz kimi, məşhur “Yurdda sülh, cahanda barış!” şüarını ilk dəfə 1931-ci ildə Anadolu səfəri zamanı cəmiyyət qarşısında Türkiyə Cümhuriy­yətinin qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk səsləndirib. Dediyim kimi, bizim də istədi­yimiz elə budur. UASB-nin sloqanlarının biri də "Barışa qanad olaq”dır.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət