Atgedən yollarla üzü dağlara...

post-img

...Onun haqqında demək olar ki, bütün sosial şəbəkələrdə yazılıb. Yazılıb ki, Zaqatala rayon sakini Rauf Ramazanov 17 ildir ki, məktəbə atla gedib-gəlir. Açığı, iş yoldaşım Əli Nəcəfxanlı mənə bunu deyəndə təəccübləndim və qərara gəldim ki, Zaqatalaya bu səfərimdə Raufla mütləq görüşüb tanış olum, qayğıları ilə maraqlanım. 

Odur ki, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala üzrə sektoru­nun müdiri Kəmalə xanım Əhmədova ilə əlaqə saxlayıb Raufu soruşanda “Elədir ki, var, – dedi, – mən deyərəm, sizinlə əlaqə saxlayar”. 

Aradan heç yarım saat keçməmiş Rauf Ramazanov zəng vurur. Vədələşi­rik. Danışırıq ki, sabah görüşək və mək­təbə birlikdə gedək. “Ora axı siz nəylə gedəcəksiniz? Ya gərək at ola, ya da...” Sözünü kəsirəm: “Bəlkə bir at da mənə tapasan”. Cavabı qısa olur: “Olar”. 

Səhərin açılmasını səbirsizliklə göz­ləyirəm. Qışın bu oğlan çağında Zaqata­lanın havasının necə şaxtalı olmasını bir anlığa təsəvvür edin. Soyuq iliyə işləyir. Düşünürəm ki, mən vədələşdiyimiz yerə Raufdan tez gəlmişəm. Elə bu vaxt şə­killərdən tanıdığım Rauf və bir dostu at belində uzaqdan görünürlər. Atlardan dü­şürlər. Tanış oluruq. 

– Dostumdur, – deyir, – Səfər Ba­harov da bizim kənddəndir, Yuxarı Çar­daxlardan. Təsərrüfat adamıdır. Xahiş elədim ki, atını bizə müvəqqəti kirayəyə versin.

Üzümüzə təbəssüm qonur. Sonra Rauf müəllim uzaqdan boy göstərən qül­ləni göstərir: 

– Bax, o qüllənin yanına gedəcəyik. Ora Sabunçu kəndidir. Əvvəllər köhnə məktəbi vardı. 2012-ci ildə yenisini tikib­lər. Hər cür şəraiti var. Özünüz görəcək­siniz.

...Bax, beləcə, mən də Səfərin atına minirəm. Birlikdə gah Sabunçu çayının qırağı ilə, gah da içi ilə kəndə doğru ge­dirik. Yol boyu söhbət edirik. Daha yaxın­dan tanış oluruq. 

Rauf müəllim deyir ki, 2007-ci ildə Şəki Pedaqoji məktəbini bitirib. Təyinatla bu məktəbə idman müəllimi göndərilib. O vaxtdan burada işləyir. Hər həftənin 2 günü dərsi olur. O, 2 uşaq atasıdır. Qızı 6-cı, oğlu isə 3-cü sinifdə oxuyur.

– Mən özüm Yuxarı Çardaxlar kən­dindənəm, – deyir. – İnanın ki, bu yolu gedib-gəlmək mənə xüsusi ləzzət verir. Görürsünüz də, nə gözəl hava var. Tez-tez dərindən nəfəs alın. Adam yüngüllə­şir. Düzdür, dəfələrlə təhlükə ilə üzləş­mişəm. Sürətlə axan çay hətta atı yıxıb da... Qarşıma canavar da çıxıb. Amma yenə də çəkinməmişəm. Gəlib məndən müsahibə alanlara da belə demişəm və bir də xahişim o olub ki, heç nəyi şişirt­məsinlər, nə var, onu yazsınlar. Hələ elə­si olub ki, nəinki kəndin, hətta mənim öz adımı belə səhv yazıb. 

Nəhayət, gəlib məktəbə çatdıq. Şa­girdlər müəllimlərini sevinclə qarşıladılar. Mən bir daha müəllim-şagird mehribanlı­ğının və səmimiyyətinin şahidi oldum. 

Dərs qurtarandan sonra geri qayı­dırıq. Rauf Ramazanov dillənir: 

– Sizdən nə gizlədim. Bəzən ax­şam oturub fikirləşmişəm ki, səhər ge­dib müraciət edəcəyəm, deyəcəyəm ki, yorulmuşam. Bəlkə, mənim yerimi öz kəndimizə dəyişəsiniz? Amma səhər fikrimdən çəkinmişəm. Dərs dediyim uşaqların mehriban çöhrəsi gəlib durub gözümün qarşısında. Getməmişəm. Elə bilmişəm ki, o uşaqlara xəyanət etmiş olaram. 

İlqar HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri

Zaqatala

Sosial həyat