Aktauda 28 May–Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib

post-img

Azərbaycanın Aktaudakı Baş konsulluğu Aktaunun “Rixos Water World Aktau” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub.

Ziyafətdə Manqistau vilayət akiminin müavini Abbat Urisbaev, Aktau şəhərinin meri Abilkair Baypakov, Türkiyə, İran , Özbəkistan, Türkmənistanın Aktaudakı baş konsulları və konsulluğun əməkdaşları, universitetlərin professor-müəllim heyəti iştirak edib.

Baş konsul Ayxan Süleymanlı öz çıxışında müsəlman Şərqində ilk demokratik, dünyəvi respublikanın 108 il əvvəl Azərbaycanda yarandığını diqqətə çatdıraraq Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat verib. 

Aktau şəhərinin meri Abilkair Baypakov öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən A.Baypakov ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirib, hazırda Azərbaycan ilə Qazaxıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini söyləyib.

Aktau və Atırau şəhərlərində fəaliyyət göstərən “Dostluq” və “Novruz” Etnomədəni Birliklərin sədrləri Şəmsəddin Hüseynov və Eldar Əhmədov  öz çıxışlarında bayram münasibəti ilə xalqımızı təbrik edib, xaricdə yaşayan azərbaycanlılara göstərilən qayğıya görə dövlətimizə təşəkkürlərini bildiriblər.

Ziyafət zamanı həmçinin kitab sərgisi olub, işğaldan azad edilən ərazilərdə Azərbaycanın mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı görüntüləri özündə əks etdirən filmlər nümayiş etdirilib, Azərbaycanın və Qazaxıstanın milli rəqsləri ifa olunub və Aktauda yaşayan azərbaycanlı incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau

 









Sosial həyat