“Qiyamçı” mühafizəkarlar baş naziri yıxa biləcəklərmi?

post-img

“Dumanlı Albion”da bir çox nazir buna inanmır

Böyük Britaniyada hakim Mü­hafizəkarlar Partiyasının bir his­səsi müxalifətin populyarlığının artması fonunda hakimiyyətdə qalmaq məqsədilə parlament seç­kilərinə qədər ölkənin Baş naziri Rişi Sunakın istefasına nail olmaq niyyətindədir. Bu haqda Britaniya­nın populyar “The Times” qəzeti sensasiyalı xəbər yayıb. 

Qəzet yazır: “ Qiyamçı qrup Londo­nun mərkəzində yerləşir. Deyilənlərə görə, onlar mühafizəkarlardan olan 10 deputatla işləyirlər və Sunakı vəzifə­dən kənarlaşdırmağı planlaşdırırlar”. Bu qrupa ölkənin keçmiş daxili işlər naziri Suella Braverman da daxildir. Qəzetə informasiya sızdıran mənbənin məlumatına görə, Braverman həmçinin yeni baş nazirin seçilməsinə zərurət olduğuna qəti əminliyini də bildirib. 

Sunakın əleyhinə olanlar qəti əmin­dirlər ki, mayda mühafizəkarları yerli seçkilərdə bir sıra fəlakətli nəticələr gözləyir. Bu səbəbdən onlar istəyirlər ki, 3 ay müddətində Mühafizəkarlar Partiyasından kifayət sayda parlamen­tarilərin dəstəyini əldə edəndən sonra, partiyadaxili mübarizəyə başlasınlar. Buna baxmayaraq, hökumətin bir çox üzvləri “qiyamçılar”ın Sunak üzərində qələbə çalacaqlarına inanmırlar. 

Yeri gəlmişkən, ötən ilin dekabrında “YouGov” şirkətinin 14 min respondent arasında apardığı rəy sorğusunun nə­ticələrinə görə, Britaniya Baş nazirinin reytinqinin rekord həddə aşağı düşdü­yü qeydə alınıb. Sunaka olan inam bir ay ərzində 10 bənd azalıb. Sorğu işti­rakçılarının 73 faizi Sunak haqqında neqativ fikir bildirib, bununla yanaşı, həmin dövrdə respondentlərin 21 fa­izinin onun haqqında müsbət fikirdə olmaları məlum olub. Sorğular həm­çinin göstərib ki, hökumətin 2024-cü ilin ikinci yarısına planlaşdırdığı parla­ment seçkilərində mühafizəkarlar 200 deputat mandatını itirmək riski ilə üz­ləşəcəklər. Hazırkı Sunak hökumətinin 11 naziri parlamentdəki yerini itirə bilər. Onların arasında maliyyə naziri Ceremi Xant da var. 

Rişi Sunakın keçmiş müşaviri, par­tiyadakı həmkarlarından Baş nazirin əleyhinə çıxış edən qrup yaratmaqla məşğul olan Uilli Draya “The Times” nəşrinə verdiyi müsahibədə deyib: “Aydın olur ki, biz, qarşımızda duran çağırışların dəf edilməsini tələb edən ciddi və qəti addımlar atmırıq. Düşü­nürəm ki, mühafizəkarlar maksimum dağıdıcı məğlubiyyətə doğru getmək­dədirlər. Heç şübhə yoxdur ki, qarşıda bizi leyboristlərin onilliklərlə idarəetmə­si gözləyir”. 

“Qiyamçı” mühafizəkarlar güclü şəkildə səfərbər olunurlar və fikirlərin­də qətidirlər. Onlar Sunakın miqrasiya siyasətinin qeyri-qanuni miqrantlara qarşı kifayət qədər sərt olmadığını nəzərə alaraq, onun siyasətindən mə­yus olduqlarını bildirirlər. Baş naziri və­zifədən kənarlaşdırmaq üçün onlara Mühafizəkarlar Rartiyasından olan 53 deputatın səsi lazımdır. 

“Politico” nəşrinin keçirdiyi rəy sorğusunda da Mühafizəkarlar Parti­yasının reytinqinin son vaxtlar sürətlə aşağa düşdüyü göstərilir. Rəyi soru­şulanların 26 faizinin mühafizəkarla­ra səs verdiyi bir vaxtda, Leyboristlər Partiyası 44 faiz səs qazanıb. Belə davam edərsə, Mühafizəkarlar Partiya­sını 1997-ci ildən bugünədək ən böyük məğlubiyyət gözləyə bilər. 

Buna qədər bəzi mənbələrin yay­dığı məlumatlardan aydın olub ki, Bri­taniya mühafizəkarları 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi ehtimalı gündən-günə güc­lənən ABŞ-ın keçmiş prezidentı Do­nald Trampa böyük rəğbət bəsləyirlər. 

Britaniya Nazirlər Kabinetinin keç­miş üzvü Saymon Klark bildirib ki, Su­nakın istefaya getməsi zəruridir. Onun fikrinə görə, Baş nazir onun ölkəsinə nə lazım olduğunu bilmir. Ona görə də Mühafizəkarlar Partiyası öz lideri və ölkənin Baş naziri Rişi Sunakın istefa­ya getməsinə nail olmalıdır. 

Böyük Britaniyanın məşhur “The Daily Telegraph” qəzetində dərc edil­miş məqalədə mühafizəkar deputat, 2019-2022-ci illərdə maliyyə və krallı­ğın regional inkişaf və mənzil tikintisi nazirliklərinin müavini vəzifələrində ça­lışan Saymon Klark yazıb: “Bizim aydın seçimimiz var. Biz Rişini dəstəkləyə və solçulara Britaniyanı öz istədikləri kimi dəyişdirməyə kart-blanş verə bilərik. Yaxud da liderimizi dəyişib, ölkəyə və partiyaya öz gələcəyi uğrunda müba­rizə aparmağa şans verməliyik”. 

Klark məqalədə sonra yazır ki, Su­nakın intellekt, təmizlik, yüksək işgü­zarlıq kimi bütün üstün keyfiyyətlərinə rəgmən, baş nazirin iki təhlükəli çatış­mazlığı var. “O başa düşmür ki, Brita­niyaya nə lazımdır və nə istədiklərini hayqıran britaniyalıların səsini eşitmir”, – deyə deputat qeyd edir. Klark hesab edir ki, hökumətin miqrasiya siyasəti sərt, iqtisadi siyasəti isə qətiyyətli və radikal olmalıdır.

Bu ərəfədə Avropa ölkələrində ke­çirilən sorğuların nəticələrini təhlil edən və seçkilərlə bağlı ictimai rəyi öyrənən “Europe Elects” analitik mərkəzinin dərc etdiyi material da Britaniyada gerçək siyasi mənzərəni ortaya qo­yub. Qurum qeyd edir ki, Britaniyada keçirilən son sorğular leyboristlərin to­tal üstünlüyünü göstərir. Belə ki, onlar Mühafizəkarlar Partiyasını 23-25 faiz qabaqlayırlar. 

Ortaya sual çıxır ki, 26 illik liderlik­dən sonra Mühafizəkarlar Partiyasını və onun hökumətini gözdən salan nə­dir? Birincisi, onu diqqətə çatdırırlar ki, 8 il sonra seçicilər Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasını neqativ qiy­mətləndirirlər. “WeThink” təşkilatının bununla bağlı keçirdiyi sorğuya görə, respondentlərin 61 faizi Birləşmiş Kral­lığın Aİ-yə qayıtmasını dəstəkləyib, an­caq bir şərtlə ki, Londona əvvəlki kimi xüsusi imtiyazlar verilsin. Təəccüblü­dür ki, hətta rəyi soruşulanların 39 faizi avronun əsas valyuta kimi qəbul edil­məsini dəstəkləyiblər. Bu kifayət qədər ciddi rəqəmdir. Aİ-yə daxil olacaqları təqdirdə funt sterlinqin saxlanmasını isə yalnız 40 faiz insan dəstəkləyib. 

İkincisi, heç nəyə baxmadan insan­lar ölkədə əsaslı dəyişikliklər edilməsi­ni istəyirlər. Rəy sorğularına əsasən, leyboristlərin potensial seçicilərinin 41 faizi Leyboristlər Partiyasına deyil, 14 ildən artıq hakimiyyətdə olan Mü­hafizəkarlar Partiyasının əleyhinə səs verməyi planlaşdırırlar. 

Bu da ondan irəli gəlir ki, leyborist­lər həyatın nəbzini tuta bilirlər. “Tekto­nik yerdəyişmələr” həm siyasi, həm də sosial aspektlərdə baş verir. Məsələn, Fələstinin birmənalı olaraq tanınması, səhiyyəni və ekologiyanı maliyyələşdir­mək addımları bu aspektlərdəndir. 

Ən başlıcası isə, lap kobud səs­lənsə də, mühafizəkarlar sadəcə in­sanları bezdiriblər və ona görə də leyboristlərin fəaliyyət planının müha­fizəkarlardan elə də fərqlənməməsi belə seçiciləri elə də maraqlandırmır. 

Britaniyada parlament seçkiləri elə də uzaqda deyil. Bu günlərdə Baş na­zir Rişi Sunak bəyan etmişdi ki, kral­lıqda seçkilər bu ilin ikinci yarısında keçiriləcək və onun bəyan etdiyi kimi seçkilərin ilin ikinci yarısına keçirilməsi “işçi qənaətdir”, mövcud müddət “çox­lu məsələlərin həllinə” imkan verəcək. Sunak bu müddətdə özünün və par­tiyasının nüfuzunu qaldırmaq üçün “əhalinin vergilərinin aşağı salınması­na” və daha çox tənqidə məruz qaldığı “qeyri-leqal miqrasiya ilə mübarizəyə” diqqət yetirməyə çalışacaq. 

Seçkilər isə 2025-ci ilin yanvarına qədər mütləq keçirilməlidir. Ehtimal olunan ən real tarix 2024-cü ilin may ayıdır. Amma Sunakın bəyan etdiyinə baxmayaraq, baş nazir səsverməni ilin sonuna çəkməyə çalışacaq ki, seçicilə­rin mühafizəkarlara etmadını, az da olsa, bərpa edə bilsin. Buna necə nail olacaq, “qiyamçılar” imkan verəcəkmi? Bunu zaman göstərəcək. 

İlqar RÜSTƏMOV
XQ

Dünya