18 sentyabr “Üzeyir Musiqi Günü” dür

post-img

   Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəylinin şərəfinə təşkil olunan konsert proqramı böyük bəstəkarın ruhunun ehtişamından soraq verib.      

   Akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli dahi Üzeyir bəyin mədəniyyət tarixindəki rolundan danışıb, onun Azərbaycan musiqi mədəniyyəti tarixində yeni yol açdığını, milli bəstəkarlıq məktəbinin özülünü qoyduğunu vurğulayıb: “Azərbaycanın zəngin musiqi mədəniyyəti var. Biz də Üzeyir bəyin ənənələrinə sadiq qalaraq musiqi irsimizi  yaşatmalı və inkişaf etdirməliyik”.    

   Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti, general-mayor Yusif Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov və başqa sənətçilərin ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" və "Rəqs", "Ey Vətən", M.Maqomayevin "Odlar yurdu", F.Bədəlbəylinin "Anamız Azərbaycan", R.Axundzadənin "Qələbə marşı" əsərləri və "Heyratı" zərbi muğamı səsləndirilib.

   Silsilə tədbirlər Bakı metropolitenində, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının qarşısında, Üzeyir Hacıbəyovun Ev Muzeyində, Beynəlxalq Muğam Mərkəzində və “Fəvvarələr” meydanında davam etdirilib. Hər biri bir saat yarım davam edən proqrama milli muğam üçlüyü və simli kvartetin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, folklor nümunələri daxil edilib. 

   Yağışlı-yağmurlu payızın sərin nəfəsi duyulsa da, açıq havada keçirilən tədbirlərə xeyli tamaşaçı toplaşmışdı. Milli musiqiyə olan maraq və sevgi insanların Azərbaycanın incəsənətinə isti münasibətini əks etdirirdi. Bizimlə söhbət zamanı onların bir çoxu böyük məmnuniyyətlə festival tədbirlərinin hamısına qatılmaqda qərarlı olduqlarını bildirdilər.   

   Təqdimatlardan göründüyü kimi, dahi bəstəkarın yaradıcılıq yolu bu gün də uğurla davam etdirilir. Onun  banisi olduğu bəstəkarlıq məktəbi yetirmələrinin sayəsində milli musiqimizin dünyada şöhrəti daha da artıb. Azərbaycan  sənətçilərinin nüfuzlu beynəlxalq festival və müsabiqələrdə qazandıqları mükafatlar bunu bir daha təsdiq edir.

   İlk azərbaycanlı musiqişünas-alim, böyük bəstəkar və ictimai xadim olan Üzeyir Hacıbəyliyə bir çox ilklər mənsubdur. O, Azərbaycan musiqi tarixində ilk operanı yazıb, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı olub. Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdıraraq əsaslandırıb. Üzeyir Musiqi günü və XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan rəngarəng tədbirlərdən də görünür ki, dünya durduqca bu böyük azərbaycanlının ruhu daim əbədiyyət göylərində pərvaz edəcək.    

Fidan HÜQUQQIZI,

Elşən AĞALAROV (foto),

 XQ









Mədəniyyət