Qarabağ xanlarının yeganə vərəsəsinin heykəli ilə söhbət

post-img

Bakı xanlarının sonuncu görkəmli siması olan Tofiq Bakıxanovla 40 ilə yaxındır ki, dostluğumuz, ünsiyyətimiz var. Qarabağ xanlarının daha bir görkəmli siması Xurşidbanu Natəvanın isə ... heykəli ilə danışdım. Daha doğrusu, öz-özümə çox mətləbləri xatırladım, qürur hisslərim Natəvanın Qarabağ əhalisinə çəkdirdiyi su kimi durulduqca, barbar qonşularımıza və onların Avropadakı havadarlarına nifrətim birə beş artdı. 

Heykəl “danışdı” ki, sonuncu Qara­bağ xanı Mehdiqulu xanın qızı Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Natəvan həm ailənin yeganə övladı, həm də Qa­rabağ xanlıqlarının sonuncu vərəsəsi ol­duğu üçün, onu sarayda “Dürrü yekta” – yəni vahid inci, el arasında isə “Xan qızı” adlandırmışlar. Şuşanın, Qarabağın və ümumilikdə, Azərbaycanın ünlü ziyalı si­malarından biri və xeyriyyəçi xanım olan Natəvanın xatirəsi bir neçə dəfə heykəl və büstlərdə əbədiləşdirilmişdir. 

Onun Bakı şəhərindəki heykəlinin müəllifi müasir heykəltaraşlıq sənətimi­zin görkəmli nümayəndəsi olan Ömər Eldarovdur. 1960-cı ildə hazırlanmış bu heykəldə Şərq qadınının, müsəlman-türk xanımın özünəməxsus cizgiləri və kübar­lıq elementləri açıq-aydın görünür. Bu orijinallıq təkcə kəlağayıda deyil, həm də obrazın daxili aləmi tamaşaçını məmnun edir. Təbii ki, qəhrəmanın daxili aləmi­ni onun gözləri vasitəsilə oxuya bilirik. Ömər Eldarovun ustalığı bizim həmin gözlər vasitəsi ilə çox səhifələri oxumağı­mıza kömək olur. Mütəxəssislər yazırlar ki, bu əsərin heykəltəraşlıq sənətimizin Qızıl Fonduna daxil edilməsi olduqca ədalətli qərardır. 

Bu görkəmli tarixi şəxsiyyətin ikinci heykəli isə 1982-ci ildə Şuşada ucaldıl­mışdı. O Şuşada ki, Xurşidbanu Natəvan orada doğulmuş, boya-başa çatmışdı. Şairənin anadan olmasının 150 illiyi münasibətilə – Bakıdakı heykəldən 22 il sonra ucaldılan həmin əsərin müəllifi Əməkdar incəsənət xadimi Həyat Ab­dullayeva idi. Xatırladaq ki, Şuşa Mə­dəniyyət Mərkəzi, Mədəniyyət Evinin həyətində yerləşdirilmiş heykəlin açılışını 1982-ci ilin yay aylarında ümummilli lider Heydər Əliyev şəxsən özü etmişdi.

Şuşanın işğalı zamanı – 1992-ci il mayın 8-də bir çox tarixi-mədəni abidələ­rimiz kimi, heykəl erməni qəsbkarlarının qurbanına çevrilmişdir. Belə ki, heykəl güllə ilə dəlmə-deşik edilmiş, təsvirin başbarmağı yoxa çıxarılmışdı. Sonra isə ermənilər başqa mədəni abidələrimiz kimi Natəvanın heykəlini də aparıb Gür­cüstanda metal tullantısı kimi satmışdı­lar. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə heykəllərin əridilib yoxa çıxarılmasının qarşısı alınmış və onlar Bakıya gətirilmişdi.

Hamının yadındadır. “Güllələnmiş heykəllər” adlı həmin üç sənət nümunə­si – Üzeyir bəy Hacıbəylinin, Natəvanın və Bülbülün heykəlləri Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxla­nılanda ölkənin bütün görkəmli sənət adamları deyirdilər ki, həmin heykəlləri paytaxtın hansısa parkına qoymaq la­zımdır. Ulu öndər isə razılaşmırdı. Sən demə Ümummilli liderimiz həmin hey­kəllərin harada ucaldılmasının lazım olduğunu hamıdan yaxşı bilirmiş. Məhz elə ona görə də, Şuşa azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə heykəllər bərpa olunmuş, yenidən əv­vəlki yerinə gətirilmişdi. 2021-ci il yanva­rın 14-də dövlət başçımız Şuşaya səfəri zamanı onların açılışını etmişdi.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbli­ği istiqamətində həyata keçirdiyi layihələr çərçivəsində Avropada Xurşidbanu Natə­vanın iki abidəsi ucaldılmışdır. 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterloo şəhərinin mərkəzi parkında qoyulmuş heykəlin postamentində “Şərqin müasir maarifçi və şair qadını Xurşidbanu Natə­van, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Məlumat verilir ki, həmin sənət əsəri Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında hey­kəltəraş İmran Mehdiyev tərəfindən ha­zırlanıb.

Şairin Bakıdakı heykəli kimi, Vaterlo­odakı bürünc heykəlində də qəhrəmanın lirik əhval ruhiyyəsi ilə yanaşı, psixoloji yaşantıları da təqdim edilmişdir. Bu isə Natəvanın hamıya məlum olan çətin, ağ­rı-acılı həyat yolunun bütün parametrlər üzrə götür-qoy edilməsinin nəticəsi idi.

Çox təəssüf ki, 2020-ci ilin mart ayın­da ermənilər bu abidəyə qarşı da vandal­lıq etmişdilər. Belə ki, onun üzərindəki “Şərqin müasir maarifçi və şair qadını Xurşidbanu Natəvan, Qarabağ şahza­dəsi, Azərbaycan” sözləri yazılmış lövhə qopardılmış və üzərinə boya tökülmüşdü. 

Avropada Qarabağ şahzadəsinin xatirəsinə növbəti heykəl Fransanın Evian-le-Bən şəhərində – 2017-ci ildə ucaldılmışdır. Həmin ildə Azərbayca­nın İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində – Leman gölü sahilində “Azər­baycan parkı”nın rəsmi açılış mərasimi ilə yanaşı, parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açı­lışı olmuşdu. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. Yəni, bədxahlarımızın xəyanətkarlığına və bar­barlıq əməllərinə baxmayaraq, Qarabağ şahzadəsinin abidələri Avropa şəhərləri­nin gözəlliyinə də zənginlik qatır. 

Ancaq bu yazının qələmə alınması­nın səbəbi başqa idi. Bir neçə gün əv­vəl gedib Natəvanın Bakıdakı abidəsinə danışdım ki, regionda – lap elə dünyada da baş verən ictimai-siyasi proseslər bi­zim Xankəndinə gedəcəyimiz günü sa­atba-saat yaxınlaşdırır. Əlavə etdim ki, sənin doğulub böyüdüyün şəhərdə im­zalanmış Şuşa Bəyannaməsi otuz ildən bəri ürəyimizi dağlayan o vaxtkı xan kən­dinə, indiki Xankəndinə gedən yolumuza körpü salır. 

Natəvan bir qəzəlində demişdi:

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,

Ol səbəb məskənimi kuyi biyaban etdim.

Doğrudur, şair bu ifadəni konkret bir fərdə ünvanlamışdı. Demək istəyirdi ki, bizim vüsalımız axır zamana kimi müm­kün olmayacaq. Onun soydaşlarının və xüsusən, həmyerlilərinin bir çoxu isə gü­man edirdi ki, bizim Şuşa və Xankəndi ilə vəslimiz də həşrə kimi mümkün olma­yacaq. Ancaq Azərbaycan Prezidenti və Ordumuz başqa cür düşünürdü. Yolumuz xan kəndinədir, xan qızı. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”







Mədəniyyət