Xalqımızın qədim və zəngin mədəni irsi erməni saxtakarlıqlarını ifşa edir

post-img

Aprelin 23-də Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib. Tədbir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.

Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kam­ran İmanov aprelin sonunun əqli mülkiy­yət aləmində əlamətdar dövr olduğunu – UNESCO-nun elan etdiyi 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən təsis edilmiş 26 Ap­rel – Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbayca­nın 1997-ci ildən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününü, 2001-ci ildən Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etdiyini diqqətə çatdırıb.

Agentliyin rəhbəri Azərbaycan xalqı­nın arzusuna çatmasında, Qələbə se­vinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. 

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin in­kişafına böyük təsir göstərdiyini bildirən Kamran İmanov 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid verilən şəhadətnamələrin əvvəlki illə müqayisədə 20 faiz çox olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən il “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyatdan keçirilmiş əsərlər də 2022-ci illə müqa­yisədə 73 faiz çoxdur. Üstəlik, əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb. Eləcə də, 2023-cü ildə ixtira fəallığı 2022-ci illə müqayisədə 11 faiz artıb. İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda ola­raq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay ərzində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D formatın­da qəbulu həyata keçirilib, hamıya əlça­tanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib. 

Azərbaycan nümunələrinin mənim­sənilməsinin hayların köhnə adəti oldu­ğunu bildirən professor Kamran İmanov hələ 1967-ci ildə nəşr edilmiş “Erməni folkloru” kitabına diqqət çəkib. Qeyd edib ki, orada nümunə gətirilən “Pulu-Puqi və oğrular” rəvayətini Molla Nəsrəddinin məşhur “Molla və oğru” lətifəsi ilə müqa­yisə etdikdə ermənilərin plagiatlıq faktı üzə çıxır: “Ermənilər Qarabağın erməni məliklərinə məxsus olması barədə yalan­la yanaşı, Molla Nəsrəddinin iti zəkasının Qarabağda erməni etnosu tərəfindən “doğulduğunu” göstərməyə çalışırlar”.

Agentliyin sədri, həmçinin Azərbay­can atalar sözlərinin erməni nümunələri kimi təqdim edildiyini bildirib. 

Konfransın açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin uzun illər ərzində Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunması yolunda yorulmadan çalışdığını vurğula­yıb. Qeyd edib ki, Azərbaycan həqiqət­lərinin, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması is­tiqamətində agentlik əlindən gələni edir.

Konfransın açılış mərasimində He­sablama Palatasının sədri Vüqar Gül­məmmədov, Azərbaycan Respublika­sının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da çıxış ediblər. 

Çıxışlarda erməni millətçilərinin Azər­baycanın qeyri-maddi mədəni irsini oğur­lamaları, Qərbi Azərbaycan ərazisində, eləcə də işğal dövründə həyata keçirdik­ləri vandalizm aktının bütövlükdə dünya irsinə qarşı cinayət aktı olduğu vurğula­nıb. Erməni saxtakarlıqlarının və uydur­malarının qədim mənbələr əsasında ifşa edilməsinin vacibliyi vurğulanıb və bu baxımdan Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçir­diyi konfrans yüksək qiymətləndirilib. 

Konfransda Əqli Mülkiyyət Agentliyi­nin İdarə Heyətinin sədri professor Kam­ran İmanovun “Qərbi Azərbaycan tor­paqları qədim və klassik mənbələrdə və DNT-analiz”, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin depu­tatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycan ərazisində müsəlman dini irsinə qarşı er­məni vandalizmi” mövzusunda məruzələ­ri dinlənilib. 

Sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov geniş məruzə ilə çıxış edib. 

Tədbirdə, həmçinin Qərbi Azərbay­can İcması İdarə Heyətinin üzvü, Azər­baycan Dövlət Pedaqoji Universitetinin professoru İbrahim Bayramovun “Qərbi Azərbaycan: mənəvi soyqırımı və tarixi həqiqətlər” mövzusunda, İcmanın İdarə Heyətinin üzvü, AMEA-nın A.A.Bakıxa­nov adına Tarix və Etnologiya İnsti­tutunun əməkdaşı Nazim Mustafanın “Erməni tarixşünaslığındakı mövcud zid­diyyətlərdən faydalanmaq yolları haqqın­da” məruzələri dinlənilib.

Son xəbərlər