Bu yol onu “Gələrsən, görərsən” qalasına aparır
Gələr və görər ki, bura Afrika deyil və onun atı bu yerlərdə tez büdrəyər. Gələr və görər ki, ondan qabaq gələn “hay bacıları” bu torpaqlardan necə gediblər. Hələ də peşmandırlar və yenə də peşman olacaqlar. Fransadakı prezident seçkiləri başa çatandan sonra Emmanuel Makron da elə haylar kimi öz qələtlərinə (“qələt” ermənilərin dostu olan farsların dilində səhv deməkdir) görə peşman olacaq. Belə qələtlər Makronun fəaliyyətində nə qədər desən, var və olacaq. Çünki onun fransız xalqının adına ləkə olan “siyasi fəaliyyəti” hələ davam edir.
... Son zamanlar həm siyasətçilər, həm də ekspertlər tez-tez təkrar edirlər ki, Qərb Cənubi Qafqazdakı maraqlarını təmin etmək üstün Ermənistandan alət kimi istifadə edir. Bu, həqiqətdir. Həm də hamının bildiyi və iri şriftlərlə yazılası HƏQİQƏT. Ancaq ortada başqa bir həqiqət də var və təəssüf ki, onu yada salmaq istəyən yoxdur.
Söhbət ondan gedir ki, Qərbdəki erməni lobbisi və diaspor təşkilatları məhz prezident Emmanuel Makrondan alət kimi istifadə edirlər. Makron, sözün həqiqi mənasında, Avropadakı “erməni elitası”nın əlində “maşa”ya çevrilib. Bəli, başqa alətə yox, məhz “maşa”ya. Çünki ermənilər yenə də Qafqazda odla oynayır, yeni münaqişə ocaqlarını alovlandırmağa çalışırlar. Ona görə də Yelisey sarayına indi başqa alət yox, bilavasitə “maşa” lazımdır ki, onu da ermənilərin simasında tapıblar. Fikrimizcə, uğurlu tapıntıdır.
Qərəz, indiki prezident Emmanuel Makron sabiq prezidentlər Fransua Mitteran və Fransua Ollandın bu ölkənin sabahı üçün atdıqları bütün müsbət addımları ayaq altına salaraq tapdalamaqda davam edir. Həqiqətən, uzaqgörən siyasətçi olan həmin liderlər Azərbaycanla münasibətləri ona görə korlamaq istəmirdilər ki, onlar SSRİ-nin çökməsindən sonra öz dövlət müstəqilliyini bərpa etmiş bu ölkənin sürətlə inkişaf edəcəyinə inanırdılar. Buna əsasları da var idi. Azərbaycanın geosiyasi imkanlarından ( yerləşdiyi coğrafi məkan) da xəbərdar idilər, təbii sərvətlərindən də, Türk dünyasındakı mövqeyindən də, İslam ölkələri arasındakı nüfuzundan da. Üstəlik, bilirdilər ki, bu xalqın SSRİ rəhbərliyində çalışmış lideri var və həmin lider Kremlin gözünün qabağında Mixail Qorbaçovu 20 Yanvar qırğınına görə cinayətkar adlandırmışdı. Mitteran və Olland bu həqiqətləri anlayırdılar. Makron isə belə təfəkkürdən məhrum olduğuna görə Azərbaycanın üstünə at sürür. Qoy sürsün!
Xatırladaq ki, Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə – yəni müstəqillik aktımızdan heç 3 ay keçməmiş tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 21 fevral 1992-ci ildə qurulub. 16 mart 1992-ci ildə Fransa Azərbaycanda, Azərbaycan isə 20 oktyabr 1994-cü ildə Fransada səfirliyini açıb. Bu faktlar göstərir ki, iki ölkə arasındakı siyasi-diplomatik münasibətlər sivil dostluq və əməkdaşlıq prinsipləri əsasında qurulmuşdu. Yeri gəlmişkən, Prezident İlham Əliyev də bir neçə dəfə bu faktları xatırlatmışdır. “Erməni əsiri” olan Makron isə Azərbaycanla münasibətdə heç bir sivil normaya istinad etmədi. Yəni musiqini (Cənubi Qafqazdakı vəziyyətə müdaxiləni) pul verənlər ( erməni lobbisi və hay diasporu) sifariş edirlər. Makron da məhz həmin musiqiyə oynayır.
Başqa bir faktı yada salaq. Azərbaycan Prezidenti Heydər Əliyev dövlət başçısı seçiləndən sonra xaricə ilk rəsmi səfərini 19–22 dekabr 1993-cü ildə həmkarı Fransua Mitteranın dəvəti ilə Fransaya etmişdi. Həmin səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirəsi zamanı Azərbaycan torpağında gedən müharibə və Qarabağ məsələsinə də geniş yer verilmişdi. Fransua Mitteran bildirmişdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir: “Əmin ola bilərsiniz ki, ehtiyac duyduğumuz sülhün tezliklə bərqərar olmasında Fransa sizinlə yanaşı olacaq. İkitərəfli müqaviləmiz də buna sübutdur. Bu sənəd Fransa – Azərbaycan münasibətlərinin inkişafında mühüm mərhələ olacaq. Çünki o, həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirir. Biz siyasi, iqtisadi, mədəni və elmi-texniki sahələrdə, habelə təhlükəsizliyin təmin olunması işində əməkdaşlıq etməyi nəzərdə tuturuq”.
Bəs Fransanın bugünkü prezidenti neyləyir? O, Cənubi Qafqazda sönməkdə olan münaqişənin yenidən alovlandırılması üçün Yelisey sarayının bütün imkanlarından istifadə edir. Elə bil, həmin saray ona atasından miras qalıb. Fransua Mitteran demişdi ki, biz “həm ikitərəfli, həm də çoxtərəfli gələcək əməkdaşlığımızın çərçivəsini müəyyənləşdirmişik”. Makron isə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərində Azərbaycana qarşı tələ qurmaqda davam edir və bütün məsələlərdə uduzur. Mitteran Azərbaycanla təhlükəsizliyin təmin olunması işində əməkdaşlıq etməyi üstün tuturdu. Makron isə Azərbaycana təhlükə yaratmaqdan ötrü dəridən-qabıqdan çıxır.
Əlimizdə olan materialda oxuyuruq ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1994–1997-ci illərdə dörd dəfə Fransaya səfər etmişdir. Ümummilli liderimiz 9 may 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyinə həsr olunmuş bayram tədbirlərində, 1995-ci ilin dekabrında Parisdə keçirilmiş “Azərbaycanın investisiya imkanları” mövzulu beynəlxalq konfransda, 10-11 yanvar 1996-cı ildə Prezident Fransua Mitteranın dəfn mərasimində iştirak etmiş, nəhayət, 13-15 yanvar 1997-ci ildə ikinci rəsmi səfəri zamanı Fransada olmuşdu.
Təkrar edirəm ki, bu faktları “əlimizdə olan” materialda oxuyuruq. Gözümüzün qabağında olan faktlar isə ondan ibarətdir ki, Emmanuel Makron dövlət başçısı seçiləndən sonra nəinki dörd və ya on dörd, hətta bəlkə də yüz dörd dəfə Azərbaycana qarşı məkrli planlar, bir çox hallarda isə tələlər qurmağa çalışmışdır. Qoy olsun. Amma anlasın ki, onun atı Cənubi Qafqazda getməyəcək. Nalları tökülüb qayıdacaq. Bunu biz də görəcəyik, ermənilər də, fransızlar da.
İ.MİRZƏBƏYLİ