“Erməni soyqırımı” uydurmasının gerçək üzü

post-img

Yaxud “adımı qoyuram sənə...” həyasızlığının keçərsizliyi

Daşnakların dənizdən-dənizə “böyük Ermənistan” dövləti yaratmaq planı Birinci Dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Müharibə ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda hay liderləri ilə görüşündə əmin oldu ki, ermənilər müharibə başlanacağı təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq, Osmanlı ərazisində erməni dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. 

Birinci Dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə os­manlılara qarşı müharibədə əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazla­rında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökuməti­nin himayəsi altında qan qardaşlarınızla bir­ləşərək, nəhayət, hürriyyət və ədalət nemətlə­rinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözlə­yir. Sizi əmin edirəm, arzunuz yerinə yetirilə­cək!” kəlmələri ilə bitirdi.

Beləliklə, çar II Nikolayın qərəzli və təh­rikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirakını təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar.

1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədləri­ni keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, digər tərəfdən rus ordusu­nun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olma­sı ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə bir­ləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-ba­ba yurdlarından didərgin salırdılar. 

1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordu­su və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla ev­lərə, məscidlərə dolduraraq diri-diri yandırır­dılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğur, anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. 

Kazım Qarabəkir paşa ABŞ generalı Har­borda göndərdiyi məktubunda yazırdı: “Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış kimsəyə rast gəlmədim. Bütün uşaqların bədənləri sün­gülərlə dəlik-deşik edilmişdi. Qocaları və qa­dınları zirzəmilərə doldurub diri-diri yandır­mış, gəncləri balta ilə şaqqalayıb asmışdılar.Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir…”

Müharibə dövründə “Daşnaksütyun” par­tiyası tərəfindən hazırlanmış təlimatlar hər bir erməni əsgərinə ünvanlanmışdı. Təlimat­da deyilirdi: “Osmanlı Sultanının səfərbərlik elanı ilə silah altına çağırılan ermənilər bu ça­ğırışa uymamalı və ətrafdakı başqa xalqların da orduya qatılmasına mane olmalıdırlar:

– hansı vasitə ilə olursa-olsun silah altına alınmış ermənilər orduda fərarilik edib ermə­ni könüllü birləşmələrinə qatılmalıdırlar;

– rus qoşunları sərhədi keçər-keçməz bü­tün erməni silahlı birləşmələri rus ordusuna qoşularaq Osmanlı ordusuna hücum etməli­dirlər;

– cəbhə arxasında iki yaşından yuxarı bü­tün müsəlmanların hər vasitə ilə qətlə yetiril­məsi həyata keçirilməlidir;

– müsəlmanların mal və mülkünü ələ ke­çirməkdə və ya yandırıb-yaxmağa tərəddüd etmək cinayətdir;

– ermənilər tərk edəcəkləri evlərini, əkin sahələrini, kilsə və xeyriyyə evlərini yandıra­raq bunların müsəlmanlar tərəfindən törədil­diyini bütün dünyaya yaymalıdırlar;

– rəsmi dövlət dairələrini məqsədyön­lü şəkildə qızışdırmaq, Osmanlı zabitləri və jandarmaları pusquya salınaraq qətlə yetiril­məlidir;

– cəbhədən yaralı qayıdan osmanlı əsgər­ləri öldürülməlidir;

– dinc əhali yaşadıqları ərazilərdən köç­məyə məcbur edilməlidir;

– bomba və silahları emal, tədarük və ya idxal edərək bütün ermənilər silahlandırıl­malıdır;

– ermənilərin törətdikləri qiyam və qətli­amları müsəlmanların üstünə yıxaraq, onların xaricdə nəşr edilməsinə nail olmaq lazımdır;

- Osmanlı ərazisində müttəfiq dövlətlə­rin xeyrinə casusluq və yönəldici hərəkətlər edilməlidir”.

Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdikləri bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məc­bur etdi. Belə ki, 1915-ci il mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhali dö­yüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni za­manda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “The Times” qəzeti ya­zırdı: “Köçürülən erməni əhalisinin gələcək­də öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhali öz evlərinə qaytarılacaq­dır”.

Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci Dünya müharibəsi illərində Osmanlı ərazi­sində bir milyondan çox erməni öldürülüb. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, müha­ribəyə qədər bu ərazidə 1,3 milyon erməni yaşayıb. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayır­dı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köç­müş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmişdir. Ehtimal edilir ki, ölən əhalinin sayı 200 min nəfər olub. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticə­sində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də var. “The Times” qəzeti yazır: “Bu, danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon tür­kün həyatına son qoyulub”.

Erməni ideoloqları dünyanı inandırmaq istəyirlər ki, guya, 1915-ci il aprelin 24-də Daxili işlər naziri Tələt paşa erməni əhalinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdi. Bu günə qədər erməni ide­oloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, olmayıb.

Hayların təbliğatı ilə bağlı ingilis jurna­list Skotland Liddelin söylədiyi fikirlər necə də yerinə düşür. 1918-1920-ci illərdə Cənu­bi Qafqazda baş verən hadisələri yaxından izləyən S.Liddel yazır: “Ermənilər həmişə özlərinə savaş axtarırlar, təbliğatlarında bunu sıxışdırmaq kimi qələmə verirlər. Əslində, bu, onların özlərinin qazandıqları cəzadır. Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Bu ölüm hadisəsi təbliğat üçün çoxlu xeyir gətirə bilər". Skotland Liddel Nuru paşanın aşağıdakı sözlərini misal gəti­rir: "Erməninin nə vaxt və necə ölməsindən asılı olmayaraq, başını məzardan qaldırır və qışqırır: mən kütləvi qırğın zamanı öldürül­müşəm".

1920-ci ildə Qərb dövlətlərinin Osmanlı imperiyasını parçalamaq planı təbliğ olu­nan dövrdə Aram Andonyanın “Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər” adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. A.Andonyan bu əsərini qısa müddət ərzində Paris, London və Bostonda ingilis, fransız və alman dillərində nəşr et­dirdi. Aram Andonyan bildirirdi ki, ingilis qoşunlarının Hələb şəhərinə hücumu zamanı o, Osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilə­rin kütləvi şəkildə qətlə yetirilməsi haqqında şifrəli əmrini ondan almışdır. İngilis dilin­də nəşr olunmuş kitabda 48 “rəsmi osmanlı sənədi” verildiyi halda, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda və sayın­da kəskin fərqlər mövcuddur. Andonyanın “rəsmi sənədləri” içərisində 14 şəkil verilib. Müəllifdən şəkillərin əsli tələb olunduqda, o bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu heç kimə sirr de­yil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını yaddan çıxarmış, “Bismilla­hir rəhmanir rəhim” sözlərini belə unutmuş­du. 

İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqvimi əvəzinə rum təqvimindən istifadə etmişdir. Andonyanın yazdığından belə çıxır ki, bu hadisə 2 mart 1916-cı ildə baş verib. Bir sözlə, Andonya­nın saxtakarlığı hamıya məlum olsa da, Qərb dövlətlərinin maraqlarına cavab verdiyindən həmin böhtanlar bu gün də siyasilərin Tür­kiyəyə böhtan atmasına yarıyır.

Qondarma 24 aprelin uydurulmasına və onun təbliğinə kömək göstərən əsərlərdən biri də yəhudi mənşəli Frans Verfelin “Qırx gün Musa dağında” əsəridir. Əslində, müəl­lif sonralar dəfələrlə etiraf edib ki, bu, bədii əsərdir. Lakin erməni ideoloqları və onların havadarları qısa zaman ərzində bu əsərə ta­rixi don geydirərək onu dünyanın müxtəlif dillərinə tərcümə etdirərək yayılmasına nail oldular. 

Əvvəla, onu qeyd etmək lazımdır ki, Frans Verfel qələmə aldığı bölgədə heç vaxt olmayıb. İkincisi, əsərdə qeyd olunan ha­disələrlə bağlı müəllifin əlində heç bir sənəd də yox idi. Lakin müəllif etiraf edir ki, bu əsərin qələmə alınması üçün məlumatları ona Vyanadakı erməni dostları veriblər. Ölü­münə yaxın Frans Verfel yazdığı bədii əsərin ermənilər tərəfindən böyük məharətlə saxta­laşdırıldığını təəssüflə etiraf etdi. Bunu açıq şəkildə etiraf etməkdə acizlik göstərməyin səbəbi terrorçu daşnak qüvvələrindən ehtiyat etməsi idi.

Osmanlı imperiyasını parçalamaq üçün Paris Sülh Konfransına yığışan Qərb dövlət­ləri 24 apreldən canfəşanlıqla istifadə etməyə başladılar. Konfransın təşkil etdiyi komissi­ya Osmanlı rəhbərlərinin gizli yazışmalarını diqqətlə yoxladıqdan sonra ermənilərin küt­ləvi surətdə qətlə yetirilməsi haqqında heç bir sənəd və əmrə rast gəlmədi. Əksinə, Avropa­dan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizli­yini təmin etmək üçün Osmanlı dövləti tərə­findən onlarca əmr və göstəriş verilib.

Əslində, 24 apreldə nə baş vermişdi? Doğrudan da, Osmanlı dövlətinin daxili iş­lər naziri Tələt paşa 1915-ci il aprelin 24-də sənəd imzalamışdı. Həmin sənəd bu gün müxtəlif dillərdə dünyanın ayrı-ayrı arxivlə­rində saxlanılır. Sənəddə söhbət Osmanlının ayrı-ayrı şəhərlərində üsyana hazırlaşan er­məni təşkilatlarının rəhbərlərinin həbs olun­masından gedir. Bu sənəddə söhbət erməni əhalisinin köçürülməsi və onlara qarşı soyqı­rımın həyata keçirilməsindən getmir. Sənəd­də qeyd olunur ki, erməni komitələrinin rəh­bərliyi altında Zeytun, Bitlis, Sivas və Vanda baş vermiş üsyanların təkrarlanmaması üçün üsyan rəhbərlərinə qarşı həbs qəti imkan təd­birinin seçilməsinə ehtiyac vardır. Doğrudan da, bir gün sonra – aprelin 25-də İstanbulda erməni üsyançı qruplaşmasının “Daşnaksüt­yun” və “Qnçaqdan” olan rəhbərliyi həbs olundu. Ayrı-ayrı vilayətlərdə isə bu həbslər bir neçə gün sonra başladı.

Amerika tarixçisi Stenford Corc Şou yazırdı: “Osmanlı ərazisində müsəlman əha­lisinə qarşı ilk qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək, onlara olmazın işgəncələr verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında "Erməni Van dövləti” yaradıldı. Van soyqırımından sonra erməni və rus birləş­mələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə heç vaxt 50 mindən çox erməni yaşamamışdı.

1915-ci il iyulun ortalarından etibarən er­mənilərin bu ərazilərdə törətdikləri cinayət­lərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks-hücumu nəti­cəsində geri çəkilən rus-hay ordusu ilə birlik­də erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordu­sunun müşayiəti ilə Cənubi Qafqaz istiqamə­tinə üz tutdu.

Birinci dünya müharibəsi illərində ermə­ni-osmanlı münasibətlərinə dair həm obyek­tivlik baxımdan, həm də sənədlərin əksəriy­yəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə, ABŞ Konqres kitabxanasında saxlanılan “Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın ermə­ni həlak olub. Ölən əhali türklər tərəfindən soyqırıma məruz qalmamış, soyuqdan, aclıq­dan və köçürülərkən tələf olub, 1,5-2 milyon ermənin ölümü ilə bağlı iddialar fərziyyədən başqa bir şey deyil. Müharibə gedən ərazi­də insanların ölümü və itkin düşməsi adi bir haldır”. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə 2,5 milyon türkün həya­tına son qoyulub. Türklərin ölümü və öldü­rülməsi ermənilərdən daha faciəli olub.

Bu faktlardan belə nəticəyə gəlmək olar ki, Birinci Dünya müharibəsi illərində Os­manlı ərazisində soyqırıma məruz qalan er­mənilər yox, türk-müsəlman əhalisi olmuş­dur.

1918-1920-ci illərdə daşnak hərbi birləş­mələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımlarla bağlı kifayət qədər sənəd mövcuddur. Çox təəssüflər ol­sun ki, 70 illik sovet dönəmində ermənilər havadarlarının yaxından köməyi sayəsində yalançı erməni soyqırımını təbliğ etdikləri halda, bolşevik ideologiyasına sadiqliyini nümayiş etdirən Azərbaycan tərəfi xalqlar dostluğunun tərənnümü ilə məşğul olurdu. Son nəticədə ermənilər yalançı göz yaşları və riyakar təbliğatları ilə Qərb dövlətlərinin parlamentlərinə yol açdılar. 24 aprel mövzu­su Qərb dövlətlərinin siyasi alverinə çevrildi. Gerçəkliyi öyrənmək üçün arxivlər yox, par­lament kürsülərinə üstünlük verildi.

Qərb dövlətləri və onların himayə etdiyi nufuzlu təşkilatlar ermənilər tərəfindən işğal edilən Azərbaycan torpaqları ilə bağlı ədalətli mövqe sərgiləmədi, təcavüzə məruz qalanla təcavüzkar bərabər tutuldu. Azərbaycanın haqlı tələblərini eşitmək istəmədilər. 

Beynəlxalq hüququn gücsüzlüyünü görən Azərbaycan gücün hüququndan istifa­də edərək 44 gün ərzində öz tarixi torpaqları­nı düşmən işğalından azad etdi.

Amma təəssüflər olsun ki,ABŞ və Fransa başda olmaqla Qərb dövlətləri ədalət hissini itirərək, Azərbaycanı öz torpaqlarını erməni işğalından azad etdiyi üçün günahkar bilir, ermənilər üçün göz yaşı tökürlər.

Burada iki məsələni xatırlatmaq yerinə düşər. Əvvəla, Qərb həmişə erməniləri şir­nikləndirib, öz maraqlarını təmin edəndən sonra onları taleyin ümidinə buraxıb. Bu dəfə də belə olacaq.Sonda əli hər yerdən üzülən erməni üçün yenə də ümid yeri türk-müsəl­man olacaq.Buna heç kimin şübhəsi olmasın. İkincisi, bu gün Azərbaycan bölgənin dünya­nın güclü dövlətlərindən biridir. 44 günlük Vətən müharibəsi günlərində Qərb dövlətlə­rinin erməni sevgisi ürəklərində qaldı, onla­rın təzyiq və təhdidləri Azərbaycana təsirsiz ötüşdü. Ali Baş Komandanın qətiyyəti, möh­kəm iradəsi, əsgərinə olan inamı, xalqından aldığı dəstək Azərbaycanı istəməyən qüv­vələri çətin vəziyyətə saldı. 

Bu dövlətlər anlamalıdırlar ki, 90-cı il­lərin əvvəllərindən xeyli vaxt keçib. Bu gün öz torpaqlarını qoruyan, düşməni danışıqsız müqaviləyə imza atmağa məcbur edən əsgər və ona rəhbərlik edən Ali Baş Komandan, hər cür müasir silahlara malik, iqtisadi və hərbi cəhətdən güclü Azərbaycan var.Azər­baycanın uğurlarına heç bir qüvvə mane ola bilməz.

Anar İSGƏNDƏROV,
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

Siyasət