Dünən Azərbaycan Mətbuat Şurasında şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar jurnalist Əminə Yusifqızı Əhmədovanın 75 illik yubileyi təntənə ilə qeyd edildi.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, Əminə Yusifqızı Azərbaycanın bölgə mətbuatının ənənələrini sevgi ilə yaşadan, istedadı və təşkilatçılığı ilə daim fərqlənən həmkarlarımızdandır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmuş yubilyarın peşəkar fəaliyyəti Yevlax rayonunda çıxan “Kür” qəzeti (keçmiş “Təşəbbüs”) ilə bağlıdır. Ali təhsildən sonra təyinatla burada yaradıcı fəaliyyətə başlamış gənc jurnalist ömrünün 50 ilini bu qəzetin ölkənin ən yaxşı bölgə nəşrlərindən biri kimi populyarlaşmasına həsr edib. Əminə xanım əvvəlcə qəzetdə ədəbi işçi, sonra şöbə müdiri işləyib, 1991-ci ildən bu kollektivə rəhbərlik edib.
Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə “Qızıl qələm”, 2 dəfə “Həsən bəy Zərdabi”, Məhsəti Gəncəvi adına və “Ali media” mükafatlarını almış Əminə Yusifqızına 1991-ci ildə Əməkdar jurnalist fəxri adı verilib. 2005-ci ildə o, “Tərəqqi”, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalları ilə təltif edilib. Həmkarımız çoxsaylı jurnalist yazıları müsabiqələrinin qalibi olub, diplom və fəxri fərmanlara layiq görülüb. Uzun illər Yevlax şəhərinin rəhbər qurumlarında təmsil olunub. O, yevlaxlı şəhidlərin həyat və döyüş yolundan bəhs edən “Zəfər fədailəri” və “Biz vətən üçün doğulduq” kitablarının müəllifidir.
MŞ sədri qeyd etdi ki, milli jurnalistikamızın Yevlax ictimaiyyətinə bəxş etdiyi yetkin ziyalı olan Əminə Yusifqızı hazırda şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini olaraq veteran jurnalistlərin qayğılarını gündəmə gətirməkdə, yubiley məclislərinin təşkilində, dünyasını dəyişmiş ustad jurnalistlərin xatirələrinin yad edilməsində təşəbbüskarlıq göstərir, ölkənin media həyatında fəal iştirak edir.
Yubilyarı həm də həssas və qayğıkeş dost, gözəl ana kimi səciyyələndirən Rəşad Məcid 75 yaşı tamam olan Əminə Yusifqızıya Mətbuat Şurasının diplomunu təqdim etdi, onu media ictimaiyyəti adından səmimi təbrik edib, xoş arzularını çatdırdı.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli istedadlı tələbə kimi xatırladığı Əminə Yusifqızının Yevlaxı Azərbaycan jurnalistikası üçün doğma məkana çevirdiyini vurğuladı. MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ə.Yusifqızının Azərbaycan jurnalistikasının peşəkar yetirmələrindən biri olduğunu söyləydi. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov yubilyarın ictimai fəallığının onu ölkədə vətənpərvər ziyalılardan biri kimi tanıtdığını dedi.
MŞ sədrinin müavini Səadət Məmmədova, İdarə Heyətinin üzvlərindən APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Əminə Yusifqızının qurumun fəaliyyətinə bölgədən dəstək vermiş fədakar həmkarımız olduğunu söylədilər.
Əslən Yevlax rayonundan olan Əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının katibi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir Azəri, “Bakıvaxtı.az” saytının baş redaktoru Qalib İbrahim-
oğlu Əminə Yusifqızının və “Kür” qəzetinin onların jurnalist kimi formalaşmalarında rolunu qədirbilənliklə xatırladılar.
“Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, “Tərəqqi” medallı jurnalist Zərifə Bəşirqızı, yazıçı-publisist Şəfəq Nasir, yubilyarın dostları Elxan Pənahov, İbrahim Quliyev, Faizə Mehdiyeva və başqaları Əminə Yusifqızının milli jurnalistikamıza sədaqətlə qulluq edən peşəkar qələm sahibi olmsından səmimiyyətlə söz açdılar, ona yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı arzuladılar.
Sonda çıxış edən Əminə Yusifqızı həyat yoluna verdikləri yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirdi.
Tahir AYDINOĞLU
XQ
Redaksiyadan: “Xalq qəzeti”nin kollektivi də çoxillik müəlliflərindən olan Əməkdar jurnalist Əminə Yusifqızını 75 illik yubileyi münasibətilə təbrik edir, dəyərli həmkarımıza yeni uğurlar arzulayır.


