Dünyanın uşaqları – uşaqların dünyası

post-img

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun bəşəriyyətin ən dəyərli bayramlarından biri – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaq olmaq nağıllarla böyümək, hər an möcüzə axtarmaq və həyata sonsuz etibarla bağlanmaqdır. Onların xəyal dünyası sərhəd tanımır, qəlbləri isə yalnız sevgi ilə döyünür. Dünyanın ən böyük kəşfləri, ən füsunkar sənət əsərləri belə körpələrin daxili aləmindəki bənzərsiz paklığın yanında solğun görünür. Onlar Yer üzünün bəzəyi, ömrün ən şirin töhfəsidir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Ümummilli liderin bu müdrik kəlamı ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün mahiyyətinə verilən yüksək ali və mənəvi dəyərin bariz ifadəsidir.

Bu gün müstəqil dövlətimizin uşaq-gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə uşaqlar keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilir, hərtərəfli qayğı ilə əhatə olunurlar.

Hər il olduğu kimi, bu il də 1 İyun yurdumuzda böyük coşqu və rəngarəng mərasimlərlə qarşılandı. Əlamətdar gün münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi azyaşlı qonaqlar üçün silsilə bayram şənlikləri təşkil etdi. Tarixi küçələrin uşaq gülüşlərinə büründüyü, nağıl personajlarının qədim mühitə xüsusi rəng qatdığı bu möhtəşəm tədbir çərçivəsində biz də uşaqlarla və valideynlərlə həmsöhbət olduq.

Aynurə SEYİDZADƏ,
valideyn:

– Övladlarımızın simasında sevinc, gözlərində işıq görmək hər bir valideyn üçün böyük xoşbəxtlikdir. Arzum budur ki, dünyadakı bütün körpələr hər zaman sevgi, sülh və əmin-amanlıq içində böyüsünlər, qəlblərindəki inamı heç vaxt itirməsinlər. Bizə bu gözəl bayramı, unudulmaz anları yaşadan, övladlarımızın sevincinə vəsilə olan hər kəsə minnətdaram.

Dəniz HÜSEYNOVA,
məktəbli:

– Bu gün mənim üçün ilin ən əziz günüdür. Çünki hər tərəf rəngbərəng şarlarla bəzədilib, hamı bizə gülümsəyir. Arzu edirəm ki, dünyadakı bütün uşaqlar hər gün belə sevinsinlər, heç vaxt ağlamasınlar və həmişə xoşbəxt olsunlar.

Natəvan XANKİŞİYEVA,
Respublika Diaqnostika Mərkəzinin baş tibb bacısı:

– Uşaqların cansağlığı və gümrahlığı bəşəriyyətin gələcək təminatıdır. Bu bayram günündə biz də tibb işçiləri olaraq azyaşlı qonaqlarımız üçün pulsuz müayinələr təşkil etdik, onların səhhəti ilə maraqlandıq. Müayinələr zamanı, təəssüf ki, 100-dən çox uşaqda müxtəlif sağlamlıq problemləri aşkarladıq. Lakin valideynlər tam arxayın olsunlar, biz həmin uşaqların hər biri ilə bundan sonra da yaxından maraqlanacaq, müalicə proseslərini diqqətdə saxlayacağıq. Çünki hər bir uşağın sağlam böyümək haqqı var. Arzum odur ki, heç bir körpə xəstəlik acısı çəkməsin, hər birinin sabahı şəfalı və aydın olsun. Onların üzündəki təbəssüm bizim bu yoldakı zəhmətimizin ən ali mükafatıdır.

Nəzrin RZAZADƏ,
məktəbli:

– 1 İyun gələndə, sanki, dünya daha da gözəlləşir. Burada keçirilən oyunlar, hazırlanan ustad dərsləri mənə nağıllar aləmini xatırladır. Qəlbimiz sevgi ilə döyünür və göstərilən diqqət bizi çox sevindirir.

Sevinc VERDİYEVA,
valideyn:

– Bir ana üçün dünyada övladının gələcəyindən daha önəmli duyğu yoxdur. Çünki hər bir ana övladının simasında bütöv bir nəslin gələcək ümidlərini görür. Bir körpənin sevgi və şəfqətlə böyüməsi, gələcəkdə cəmiyyətə xeyirli, qəlbi insanlıq sevgisi ilə döyünən bir fərd olaraq yetişməsinin ən birinci şərtidir. Bütün uşaqlara gözəl, parlaq və uğurlu tale arzulayıram.

Şahin HÜSEYNOV,
məktəbli:

– Mən bu gün burada özümü çox şən və sərbəst hiss edirəm. Çoxlu maraqlı yarışlarda iştirak etdim, yeni dostlar qazandım. Gələcəkdə hərbçi olmaq istəyirəm və arzum budur ki, dünyada heç vaxt müharibələr olmasın, bütün uşaqlar dinc səma altında qorxusuz yaşasınlar.

İnci RƏSULZADƏ,
məktəbli:

– Bugünkü bayram şənliyi mənə ən böyük töhfə oldu. Çoxlu hədiyyələr aldıq, dadlı təamlar daddıq. Biz uşaqları sevindirən, belə gözəl şərait yaradan hər kəsə təşəkkür edirəm. Arzu edirəm ki, bizim bu təmiz dünyamız həmişə rəngbərəng və işıqlı qalsın.

Fidan ƏLİYEVA,
Cavid QAÇAYEV (foto)
XQ















Sosial həyat