Cənnət görmək istəyən Qarabağa gəlsin!

post-img

Bütün ölkə erməni vandallarının bölgədə yaratdığı cəhənnəmi yer üzündən silir

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bildirib ki, bu gün dünyada gedən proseslər – qanlı toqquşmalar, müharibələr və münaqişələr göz önündədir. Bunların heç biri Azərbaycanda nəzərə çarpmır. Çünki respublikamızda xalq-iqtidar birliyi, cəmiyyətdə həmrəylik hökm sürür, vahid siyasi baxış mövcuddur, təbii ki, tarixi Zəfərimiz və bir çox digər amillər Azərbaycanı bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, ölkəmiz sabitlik mühitində yaşayır və bundan sonra da sabitlik şəraitinin daim mövcud olacağı şübhəsizdir.

Ölkə rəhbəri daha sonra deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələrinə, mən bilirəm ki, bizim idmançılarımız müntəzəm olaraq o bölgələrə səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq. Ona görə hesab edirəm ki, idman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq, həm onlar üçün, həm orada yaşayanlar üçün”.

Dövlətimizin başçısının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən, sıfırdan qurulur. Bu bölgədə icra edilən layihələrin dünyada misli-bərabəri yoxdur. Böyük coğrafiyada, Ermənistanın tamamilə yerlə-yeksan etdiyi 15-16 min kvadratkilometr ərazidə müasir, rahat həyat qurulur.

Qeyd etdiyimiz kimi, bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Burada onu da xatırlatmaq yerinə düşər ki, işğalçı 30 il ərzində torpaqlarımızı işğal altında saxlamaqla, istismar etməklə, təbii resurslarımızı oğurlamaqla, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıb. Bununla da, düşmən vəhşiliyini, faşist xislətini nümayiş etdirib.

Qarabağ və Şərqi Zəngəzur azad ediləndən sonra da bu bölgələrdə tez-tez bədbəxt hadisələrin baş verməsi, əsasən mənfur düşmənin bütün yaşayış sahələrini, infrastrukturu, təmas xəttinə yaxın olan əraziləri, yolları, önəmli strateji yüksəklikləri minalaması ilə əlaqədardır.

Düşməndən təmizlənən ərazilərin minalardan təmizlənməsi, şəhərlərin, kəndlərin yenidən salınması, əhalinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən məskunlaşdırılması, həmin bölgələrdə sosial-iqtisadi infrastrukturun yaradılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə işlər 2024-cü ildə də yüksək sürətlə və keyfiyyətlə həyata keçirilib. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olub, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edib.

Dövlətimizin başçısı 2024-cü ildə işğaldan azad olunmuş ərazilərə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə edib. Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Həmin vaxtdan indiyədək Azərbaycanın bu əzəli-əbədi yurd yerində genişmiqyaslı tikinti-quruculuq layihələri reallaşdırılıb. Bunun bariz ifadəsi olaraq qeyd edək ki, bir neçə gün bundan əvvəl–dekabrın 27-də növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Beləliklə, 21 ailə, başqa sözlə, 119 nəfər Xocalı sakini 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıb.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanıb. Böyük Qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub. Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndinə ilk köç dekabrın 13-də reallaşıb. Bu mərhələdə 27 ailə olmaqla, 152 nəfər Ballıca kəndinə köçürülüb.

Bu məqamda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu il məskunlaşdırma istiqamətində gerçəkləşdirilən digər layihələri də xatırlatmaq istərdik. Belə ki, Prezident İlham Əliyev və Azərbaycana səfərə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cari il martın 12-də Füzuli rayonunda olublar. Füzuli şəhərinin Baş planı ilə tanış olan dövlət başçılarına 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılmasının nəzərdə tutulduğu barədə məlumat verilib. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Həmçinin prezidentlərə Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanası barədə məlumat verilib. Bildirilib ki, 180 çarpayılıq yeni xəstəxananın inşasında Qazaxıstanın “BI Group” şirkəti də iştirak edəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla bərabər Qırğızıstan da fəal şəkildə qoşulub. Aprelin 25-də Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməlini qoyublar. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.

Prezident İlham Əliyev mayın 10-da Qarabağa səfəri zamanı Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda inşa edilmiş birinci tunelin, Şuşada “Şirin su” hamamının, Mamayı məscidinin açılışlarında iştirak edib, şəhərdə inşa olunacaq üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməllərini qoyub.

Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub. Görüşdə ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfərin köçürüldüyü bildirilib. Şuşaya ilk köç edən ailələrlə görüşən dövlətimizin başçısı mənzillərin açarlarını sakinlərə təqdim edərək deyib: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq – ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.

Prezident İlham Əliyev bu səfəri çərçivəsində Laçın rayonunun Sus kəndində görülmüş işlərlə də tanış olub, yaşayış məntəqəsində məskunlaşan sakinlərlə görüşüb. Dövlət başçısına kənddə 60-a yaxın fərdi evin tikilməsi, 132 şagird yerlik orta məktəbin, 50 yerlik uşaq bağçasının hazır olması barədə də məlumat verilib.

Ümumiyyətlə, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Adıçəkilən Dövlət Proqramına əsasən rayonun Sus kəndinə 59 ailənin (214 sakin), Zabux kəndinə isə 217 ailənin (823 sakin) köçürülməsi təmin olunub.

2024-cü il mayın 18-də Şərqi Zəngəzura səfər edən Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin, bundan 10 gün sonra isə Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Xocalıda 180 mənzildən ibarət 15 binada yaradılan şəraitlə tanış olub, şəhərə köçən sakinlərlə görüşüb, evlərin açarlarını onlara təqdim edib.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri sentyabrın 2-də Kəlbəcər rayonuna olub. Dövlətimizin başçısı bu səfər çərçivəsində Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin və inzibati binanın, həmçinin İstisu qəsəbəsinin, sentyabrın 19-20-də isə Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməllərini qoyub. Ölkə rəhbəri sentyabrın 20-də – Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin və bu ali məktəbin tələbə yataqxanasının təmirdən sonra açılış mərasimində iştirak edib.

Azərbaycan lideri oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri zamanı Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak edib. Bu səfər çərçivəsində Zəngilan rayonunda da olan Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməllərini qoyub, 104 mənzilli yaşayış və istirahət komplekslərində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günündə Prezidenti İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.

Bütün bu sadalananlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərlər və kəndlərin bərpasının sürətlə gerçəkləşdirildiyindən, böyük vəsait və qüvvə tələb edən bu işlərin Azərbaycanın öz imkanları hesabına həyata keçirildiyindən xəbər verir. Xatırladaq ki, qarşıdakı 3 il ərzində Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.

 

 



İqtisadiyyat