Baş Prokurorluğun kollegiya iclası

post-img

Dünən Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

Baş prokuror Kamran Əliyev çıxışında bildirib ki, təyyarə qəzasının baş verməsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişi əsasında hadisə yerinə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və qəza nəticəsində xəsarət almış vətəndaşlarımıza təxirəsalınmaz və ixtisaslaşmış tibbi, habelə psixoloji yardımın göstərilməsinin təmini məqsədilə zəruri tibbi avadanlıqlarla təchiz olunmuş həkim heyəti ezam olunub, hadisənin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Hadisə baş verdikdən sonra Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb və hazırda İstintaq idarəsi tərəfindən genişmiqyaslı istintaq tədbirləri həyata keçirilir.

Diqqətə çatdırılıb ki, cari ildə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri də davam etdirilib. 2024-cü ildə ölkəmiz bir sıra mötəbər beynəlxalq tədbirlərə də evsahibliyi edib.

İclasda Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cari il sentyabrın 27-dən oktyabrın 2-dək 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının ümumilikdə 500-dən artıq şəxsin iştirakı ilə Bakı şəhərində yüksək peşəkarlıqla təşkili və keçirilməsi təmin edilib. Çıxışda ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin görüldüyü də bildirilib.

Xüsusilə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılmasının təmin edildiyi diqqətə çatdırılıb.

Kamran Əliyev qeyd edib ki, Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində ümumilikdə 2 min 548 epizod üzrə ittiham olunan Qukasyan Arkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahaki və qeyriləri olmaqla, 15 nəfər barəsində istintaq olunmuş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin iş üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı tədbirlərin icrası qanunla müəyyən edilmiş qaydada icra olunacaq.

Baş prokuror kollegiya iclasında 2025-ci ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarının qarşısında duran digər mühüm məsələlər, o cümlədən 2025-ci il mayın 19-23-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin Korrupsiyaya qarşı mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsinin (GLoBE) rəhbər komitəsinin iclasının və altıncı plenar sessiyasına hazırlıq işlərinin görülməsi və həmin beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinin təşkili barədə müvafiq tapşırıqlar verib.

İclasda Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və İcraya Nəzarət İdarəsinin rəisi Tural Aslanov, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov, 2024-cü ildə keçirilmiş beynəlxalq tədbirlərlə bağlı görülmüş işlər və növbəti ildə keçiriləcək beynəlxalq tədbirlərlə əlaqədar qarşıda duran vəzifələr barədə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda kollegiyanın qərarı ilə bir sıra məsələ üzrə qərarlar qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqımızın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

XQ

Son xəbərlər