Qarabağ və Şərqi Zəngəzur nura qərq olur

post-img

1000 kilometrlik məsafədə dayanıqlı enerji sistemi yaradılıb

Prezident İlham Əliyevin müasir və dayanıqlı enerji strategiyasına uyğun olaraq “AzərEnerji” ASC Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə – cəmi 4 il ərzində 1000 kilometr uzunluğunda çəkilən yüksəkgərginlikli ötürmə xətlərini 12 yerdə yeni tikilən yarımstansiyalarla zəncirvari şəkildə əlaqələndirib və 2 pilləli 330 və 110 kilovoltluq ikidövrəli dairəvi elektrik təchizatı yaradıb.

“AzərEnerji” yeni 330 kilovoltluq “Cəbrayıl” Enerji Qovşağının, 330 kilovoltluq “İmişli”, “Ağcabədi” və “Gəncə” yarımstansiyalarının da inşasını başa çatdırıb. Nəticədə 110 kilovoltluq 12 yarımstansiyanın dairəvi elektrik təchizatı qurulmaqla 4 istiqamətdə yerləşən 330 kilovoltluq yarımstansiyalardan dairəvi qidalanma gerçəkləşib.

“Yaşıl” enerji zonasına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda ümumi gücü 270 meqavat olan 32 su elektrik stansiyası fəaliyyət göstərir ki, onların istehsal etdiyi enerji regionu təmin edir, artıq qalan enerji isə məhz 2 pilləli dairəvi elektrik təchizatı vasitəsilə ölkənin enerji sisteminə ötürülür.

Qeyd edək ki, 2 pilləli dairəvi elektrik təchizatı 2 dövrəli olmaqla yanaşı, həm də optik şəbəkəlidir. Başqa sözlə, bütün xətlərin üzərindəki ildırımötürücü trosun daxili ilə 24 damarlı fiberoptik kabel xətti çəkilib. Bununla yeni yarımstansiyaların rəqəmsallaşdırılması, optik şəbəkənin yaradılması və SCADA sistemi vasitəsi ilə idarəetmə məsafədən həyata keçiriliməsi reallaşıb.

Uzunluğu 1000 kilometrdən çox, gərginlik sinfi 330 və 110 kilovoltluq olan, 2 pilləli və 2 dövrəli dairəvi elektrik təchizat sxemi Qarabağ və Şərqi Zəngəzurun enerji tarixində böyük yenilikdir, bu isə istənilən istiqamətdə qəza olsa belə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerjinin verilməsi deməkdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından başlanılmaqla bütün ölkəni əhatə edəcək rəqəmsal texnologiyalarla yarımstansiya və hava xətlərinin monitorinqi və təhlili sistemlərinin qurulması “Azərenerji”nin istismarın təşkilində tətbiq etdiyi növbəti innovativ yenilikdir. Bunun üçün ən müasir rəqəmsal cihaz və qurğular alınıb, yerli gənc mühəndis heyətinin xarici ölkələrdə ixtisasartırma kurslarında iştirakı təmin olunub.

Yeni sistem avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqlikli kameralar və teplovizorlarla elektrik stansiyası, yarımstansiya və xətlərdə görüntülərin əldə edilməsi, emalı və serverə göndərilməsi, lazer texnologiyaları sayəsində ölçülərin, məsafələrin, qızma nöqtələrinin və beləliklə, adi gözlə görünməsi mümkünsüz qəza risklərinin müəyyənləşdirməsini təmin edir.

Yeni sistemin tətbiqi ilə yüksək və sərt dağlıq ərazilərdə olan xətlərin rəqəmsal məlumat bazası yaradılmaqla, qəzaların, qısaqapanmaların, yanğın və zədələnmələrin baş verməsinin qarşısı alınacaq, enerji sisteminin dayanıqlı, etibarlı, səmərəli və təhlükəsiz istismarı təmin ediləcək. Eyni zamanda, dronlar vasitəsilə minalanmış ərazilər də daxil olmaqla çətin relyefdə yeni çəkiləcək xətlərin topoqrafiq planlanma və layihələndirmə işləri həyata keçiriləcək.

İqtisadiyyat