BMT Mirzoyanın Azərbaycana qarşı subliminal mesajlarına dəstək verir?
“Soyqırım və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusundakı “Soyqırımı cinayətinə qarşı” V qlobal forum baş nazir Nikol Paşinyan administrasiyasının köhnə stereotiplərdən uzaq durmaq niyyətində olmadığının növbəti sübutudur. Çünki tədbirin təşkilatçısı hansısa ictimai təşkilat yox, Ermənistanın xarici işlər nazirliyidir.
Deməli, Nikolun fərqli erməni obrazı formalaşdırmaq yönümlü fəlsəfəsi yalnız görüntüdür. Maraqlıdır, Paşinyan bu görüntünü niyə yaradır? Məsələn, o, nə üçün “Məzlum millət” və onun davamı olan “Ordu millət” düsturlarından imtinanın vacibliyini bildirib, yeni münasibətlər sisteminə qədəm qoyulmasına duyulan ehtiyacdan söz açır? Belə nəticəyə gəlmək mümkündür ki, baş nazirin bu sayaq deyimləri erməni xalqını dünyaya sivil formada təqdim etmək cəhdidir.
Axı dünya gələcəyə baxır, erməni təxəyyülünün məhsulu olan uydurulmuş keçmişdə ilişib qalmır. Nikol özü də erməni qövmünü gələcəyə baxan obrazında göstərməyə çalışır. Nəzərə alaq ki, Ermənistanın inteqrasiya etmək üçün alışıb-yandığı Qərb aləmi neçə-neçə konfliktləri, ziddiyyətləri unudaraq gələcəyə köklənib və təcrübə göstərir ki, yanaşması uğur gətirib. Paşinyan, sanki, bunu təlqin edir. Amma, o, səmimi deyil və bu, tipik pataloji xəstəlikdən qaynaqlanır.
Qərb isə erməni xəstəliyindən yaxşı xəbərdardır və haylara tayfa kimi yanaşır. Onları sivil dünyanın tərkib hissəsi qismində görmür. Haylar mövcud tendensiyanın dəyişməyəcəyini nəinki anlamır, heç ağıllarına da gətirmirlər. Dərk etmirlər ki, dünyanın əyinlərinə biçdiyi bəlli libas var. Bu libasın rənglərində, ayrı-ayrı elementlərində təxribat, təfriqə naxışları yer alır. O libasda avantürizmə təhrik nişanələri var.
Ona görə Qərb rəsmi İrəvanın hazırda özünü üstüörtülü formada göstərən avantürizminə eyni tərzdə dəstək verir. Yazımızda bu dəstəyin Ermənistan XİN-in təşəbbüsü ilə keçirilmiş sözügedən forumdakı təzahüründən söz açacağıq. Eyni zamanda, tədbirin erməni cəmiyyətində doğurduğu reaksiyanın xüsusiyyətlərinə diqqət yetirəcəyik. Nəzərə alaq ki, bu xüsusiyyətlər həm toplantının anti-Azərbaycan mahiyyəti daşıdığını, həm də ümumən erməni varlığının səmimi şəkildə sivil dəyərlərdən söz açmaq potensialından tam kənar olduğunu, həmin dəyərləri yalnız manipulyasiya predmetinə, siyasi məqsədlərə çevirmə əzmini göstərir.
Beləliklə, əvvəlcə Ermənistan XİN başçısı Ararat Mirzoyanın forumdakı çıxışının bəzi nüanslarını yada salaq. Mirzoyanın dedikləri onu göstərir ki,
N.Paşinyan administrasiyası saxta “erməni soyqırımı” məsələsini gündəmdən çıxarmayıb. Haqqında söz açdığımız forumun təşkili bunu söyləməyə əsas verir. Tədbirin adı elə seçilib ki, sanki məqsəd “erməni həqiqətlərini” gündəmə gətirmək yox, ümumən soyqırımı cinayətini bəşəriyyətə qarşı təhdid olaraq qiymətləndirməkdir. Amma Mirzoyanın şikayət ritorikası hər şeyi deyir. O bildirib ki, beynəlxalq ictimaiyyət kütləvi cinayətlərə reaksiyanı, necə deyərlər, iş-işdən keçdikdən sonra verir. Beynəlxalq strukturların reaksiyasının soyqırımı ilə bağlı risk faktorlarına və mövcud vəziyyətə mütənasib olmadığına dair fikirlərini bölüşən erməni XİN rəhbəri onu da deyib ki, ən mühüm risk faktoru nifrətin yayılmasıdır və bu, sonda cinayətə gətirib çıxarır. Tam aydındır ki, Mirzoyanın subliminal ittihamının hədəfi yenə Azərbaycandır.
Qeyd edək ki, N.Paşinyan çox tez-tez Ermənistanın heç bir qonşu dövlətə, o cümlədən, Azərbaycana ərazi iddiasının olmadığını bildirir. Ancaq saxta “soyqırımı” iddiası ilə ərazi iddiası mahiyyətcə bir-birini tamamlayan məsələlərdir. Qərb dünyası birincini əsas götürərək, ikinci üçün meydan verib və bu gün də öz “ampluasındadır”. BMT-nin İnsan hüquqları üzrə ali komissarı Volker Turk da həmin amplua çərçivəsində hərəkət edənlərdəndir.
İrəvandakı foruma videomüraciətlə qoşulan cənab Turk eynilə Mirzoyan kimi subliminal mesajlar səsləndirib. Onun konkret nələri vurğulamasından söz açacağıq. Başlıca məqam BMT kimi nüfuzlu təşkilatın erməni avantürizmi üçün alətə çevrilməsidir. Guya, qurumda bilmirlər ki, Ermənistan XİN nə üçün tədbir keçirir? Əlbəttə, gözəl bilirlər. Hətta bilmirlərsə, yenə problem onlarındır. Zəhmət çəkib dünyaya, habelə Cənubi Qafqaz regionuna “makaron deşiyindən” baxmasınlar, daha geniş və ən əsası mütərəqqi aspektdən nəzər salsınlar. Əlbəttə, bunu istəmələri şübhəlidir.
Əlqərəz, V.Turk bildirb ki, cinayətlərin, o cümlədən, soyqırımının qarşısını almağın ən mühüm yolu bütün hökumətlərin və münaqişə tərəflərinin beynəlxalq hüquq normalarına tam riayət etmələridir. Onun fikrincə, dəhşətli cinayətlər səbəbsiz baş vermir. Onlardan əvvəl sistematik ayrı-seçkilik, nifrətin qızışdırılması siyasəti aparılır, irqi, etnik, dini və digər əsaslarda ayrı-seçkiliyə yol verilir, insanların hüquqları kobud şəkildə pozulur.
BMT təmsilçisi dedikləri ilə 1988-ci ilə gedib çıxır. O ilə ki, erməni millətçiləri ən yuxarı səviyyədə anti-Azərbaycan fəaliyyətinə start vermişdilər. O fəaliyyətə ki, sonradan 300 minə yaxın soydaşımızın Qərbi Azərbaycandan deportasiyası, daha sonra isə torpaqlarımızın işğalı, bir milyon vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkumluğu ilə nəticələndi. Görəsən, həmin vaxt nə üçün BMT-nin səsi çıxmadı? Ermənistan 1992-ci ildə dövlət səviyyəsində Xocalı soyqırımını törədəndə bu qurum başda olmaqla, “insanlıq keşikçiləri” niyə susdular? Hansı səbəbdən həmin BMT 30 ilə yaxın müddətdə özünün Azərbaycan torpaqlarının işğalını pisləyən, işğalın durdurulmasına çağırış edən 4 qətnaməsinin icrasına əhəmiyyətsiz yanaşdı? Bu qədər prinsipsizlik olarmı? Bütün bunlardan sonra qurumun İnsan Hüquqları üzrə ali komissarı durub İrəvanda soyqırımı ilə bağlı keçirilmiş tədbirə videomüraciət göndərir. Halbuki, Ermənistanın belə bir mövzuda tədbir keçirməyə haqqının çatıb-çatmadığı öyrənilməli idi!
Bəli, BMT kimi qurumların yüksək rütbəli təmsilçiləri anlamalıdırlar ki, soyqırımı törədənlərin arsızcasına bəşəri cinayətlərə qarşı mübarizə apardıqlarını göstərmələrinə hansısa formada dəstək vermək, onların gələcəkdə eyni əməllərini davam etdirmələrinə imkan yaratmaqdır. Bu gün terror dövləti imicinə malik Ermənistan hələ də bəraət almayıb, Azərbaycan xalqını məruz qoyduğu vandalizm aktlarına görə üzr istəməyib, üstəlik rəsmi İrəvan sülhdən yayınmaq üçün ən müxtəlif vasitələrə əl atır.
***
...Cənab Turk bildirib ki, soyqırımı ilə bağlı potensial risklər aşkar olduqda, dövlətlərin bu cür pozuntuların qarşısını almaq vəzifəsi və hüquqi öhdəliyi var. “Bu gün bir çox dövlətlər öz öhdəliklərini yerinə yetirmirlər. Mən bu mühüm tribunadan bütün ölkələri müharibə qaydalarına riayət etməyə və onların tətbiqini təşviq etməyə, onlara sadiq qalmağa çağırıram”, – deyən BMT təmsilçisi hökumətləri beynəlxalq cinayətlərin, insan hüquqlarının pozulması və sui-istifadə hallarının təhqiqatı və təqibi sahəsində əməkdaşlığa çağırıb. Ortada tam mənasız çağırış var.
Yuxarıda vurğuladığımız kimi, saxta soyqırımı iddiası ilə ərazi iddiasının mahiyyətcə bir-birini tamamladığını, birincinin ikincinin reallaşması yolundakı vasitə olduğunu nəzərə alsaq, hazırda öhdəliyini yerinə yetirməli olan tərəf Ermənistan dövlətidir. Rəsmi İrəvan bütün dövlət sənədlərindən qonşu ölkələrə qarşı ərazi iddiasını çıxarmalıdır. Amma bunu etməkdən yayınır, Ermənistan XİN-in keçirdiyi tədbir isə göstərir ki, rəsmi İrəvan köhnə şakərindən geri durmaq fikrində deyil. Belə olan halda, nə üçün BMT onun təşkil etdiyi tədbirə leqallıq obrazı qazandırır? Bu, əsl riyakarlıq deyilmi?
Digər tərəfdən, BMT sözügedən “soyqırımı tədbirinin” Ermənistanda doğurduğu reaksiyaları nəzərə almalıdır.
A.Mirzoyanın Azərbaycana ittiham yönümlü subliminal fikirlərini diqqətə çatdırdıq. Bu məqamı tutan yalnız ölkəmizin ictimaiyyəti deyil. Elə Ermənistanın özündə də ölkə XİN-nin düzənlədiyi toplantının gizli hədəfinin Azərbaycan olduğunu dərk edənlər yetərincədir. Ancaq dərketmək hansı mahiyyəti daşıyır, məsələ bundadır.
Bəli, Paşinyana müxalif qüvvələr “soyqırımı forumu”nu qorxaqlıq kimi qələmə verməyə başlayıblar. Məsələn, Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı, ölkənin ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan bildirib: “Ararat Mirzoyan İrəvanda keçirilən “Soyqırımı cinayətinə qarşı” forumunda çıxış edərək, soyqırımının ötən il (Azərbaycanın “Artsax”a hücumunu nəzərdə tutaraq) törədildiyini qeyd edib. Həmin Ararat Mirzoyan bir neçə gün əvvəl ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında çıxış edərək, Azərbaycanın ötən il törətdiyi soyqırımını, etnik təmizləməni, “Artsax xalqı”nın, soydaşlarımızın geri qaytarılmasının ədalətli tələbini qeyd etməyib. Xarici işlər nazirliyimiz bütün bunları gecə-gündüz danışmalı, fürsətdən maksimum istifadə etməlidir. Bu, regionda real və davamlı sülhə nail olmaq üçün daha vacibdir. Əgər siz bütün bunları BMT-də, ATƏT-də və digər beynəlxalq platformalarda danışmırsınızsa, İrəvanda keçirilən tədbirdə bu barədə kəskin, yarıqorxulu çıxışınızın nə dəyəri var?”
Qeyd edək ki, təxminən, eyni fikri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da səsləndirib. “Dağlıq Qarabağ problemi həll olunmayıb” deyə vay-şivən qaldıran Oskanyanın dediklərindən belə çıxıb ki, rəsmi İrəvan Bakıya qarşı açıq kontekstdə mübarizə apara bilmir. Əlbəttə, keçmiş XİN rəhbərinin təfəkkürünün mücərrəd güşəsində bəslədiyi sərsəmliklərin hamısını diqqətə çatdırmaq, onun Paşinyan hakimiyyətini topa tutan ritorikasının ayrı-ayrı detallarına diqqət yetirmək niyyətindən uzağıq.
Başlıca məsələ ondan ibarətdir ki, hazırda Azərbaycanla sülh gündəminə sadiqliyini, ümumən, regionda barış mühitinin formalaşmasının zəruriliyini bəyan edən bir ölkənin rəsmiləri həmin mühitə qarşı demarş motivli istənilən hərəkət və davranışdan uzaq durmalı, sətiraltı şəkildə kin və hikkə nümayişindən çəkinməlidirlər. Onlar belə halların son dərəcə təhlükəli olduğunu düşünməlidirlər. Düşünmürlərsə, deməli, düşmənçilik niyyətlərinə sadiqdirlər. Başqa sözlə desək, “iddiaları” ilə Ermənistanı məhvə aparmaq niyyətindədirlər.
Ə.CAHANGİROĞLU
XQ